19 iyul 2025 10:42
141

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün də etibarlı tərəfdaşdır

Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma bu region üçün  nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxışın böyük əhəmiyyət kəsb etdiyi bir vaxtda ölkəmizə maraq böyükdür.  Belə ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır, öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edib. Türkmənistan Xalq Məsləhətinin rəhbəri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri zamanı ölkəmizin Mərkəzi Asiya üçün əhəmiyyəti bir daha gündəmə gəldi. Səfər zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığa da xüsusi diqqət çəkildi. Bildirildi ki, iki ölkənin tranzit nəqliyyat layihələri region üçün mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı əmtəə dövriyyəsinin ildən-ilə artması, bu sahədə əməkdaşlığın uğurla inkişafı ticarət-iqtisadi sahədə də əlaqələrin səmərəliliyindən xəbər verir. Bu xüsusda tərəflər ölkələrimizin bu sahədə potensialının tam şəkildə reallaşdırılması üçün geniş imkanların olduğunu qeyd ediblər.

Bu xüsusda “Azərbaycan-Türkmənistan münasibətlərində yeni mərhələ başayır” söyləmək olar. Səfər zamanı bir daha bəyan olundu ki, rəsmi Aşqabad Bakı ilə münasibətlərin bundan sonra da yüksək səviyyədə inkişafında maraqlıdır.

Ölkələrimiz arasında vaxtı ilə müəyyən soyuqluq olsa da son illər müsbət dinamika müşahidə olunmaqdadır. Tərəflər ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməklə əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə müvəffəq olub. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlər əldə olunub.  

Azərbaycan Türkmənistanla həm də Xəzər hövzəsində əməkdaşlıq edir.  Ölkəmiz hər zaman Xəzər dənizində əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılmasına böyük səy göstərib. Əvvəllər tərəflər arasında mövcud olan gərginlik də artıq həllini tapıb. Belə ki, 2021-ci il iki ölkə Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalayıb. Beləliklə, Bakı ilə Aşqabad ilk dəfə Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başladı.

 Ümumiyyətlə, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq bu regionda sabitliyə və təhlükəsizliyə əlavə töhfə verir.

Q.Berdiməhəmmədovun işğaldan azad olunmuş ərazilərə səfəri də Azərbaycan-Türkmənistan münasibətlərinin xarakterinin göstəricilərindən biridir. Digər tük dövlətlərinin bərpa prosesində iştirakından sonra yaxın gələcəkdə rəsmi Aşqabadın da bu prosesə qoşulacağını gözləmək olar.

Könül Nurullayeva,

Milli Məclisin deputatı