20 iyul 2025 10:14
216

Bu iki maneə aradan qaldırılarsa… - ŞƏRH

Bu günlərdə Azərbaycan–Ermənistan sülh danışıqları beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Hətta Amerika Prezidenti Donald Tramp amerikalı senatorlarla şam yeməyi zamanı çıxışında bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişi bağlamağa yaxındırlar.

Qeyd edək ki, bu ilin martında Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb. İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü də sülh istiqamətində müəyyən perspektivlər vəd edir. Hətta həmin görüş mart ayında əldə olunan razılaşmanın möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Amma hələ də Azərbaycanın ərazi bütövlüyünə olan iddialar Ermənistan konstitusiyasından çıxarılmayıb, o cümlədən uzun illər iflic vəziyyətində olan Minsk qrupu ləğv edilməyib. Halbuki, Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi, eyni zamanda, Minsk qrupunun buraxılması regionda dayanıqlı sülhün əldə olunması üçün başlıca şərtlərdir. Hazırda sülhün taleyi də bu iki əsas məsələdən asılıdır. Elə bu səbəbdən iki ölkə arasında “nə sülh, nə müharibə” vəziyyəti davam edir.

Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bir daha bu iki problemi dilə gətirib. Bildirib ki, bu iki məsələ - Ermənistan Konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması, həll edilən kimi sülh müqaviləsi imzalana bilər. Dövlətimizin başçısı vurğulayıb ki, əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Minsk qrupu isə Qarabağ münaqişəsi üçün yaradılmışdı - demək, onu ləğv etmək lazımdır: “Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın”. 

“Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır” deyən Prezident İlham Əliyev qeyd edib ki, ermənilərin mövqeyi tez-tez dəyişib: “Onun yenidən dəyişməyəcəyi ilə bağlı təminat varmı? Belə bir qarantiya var?... Mənim belə bir təminatım yoxdur. Beynəlxalq hüququn normaları və Əbu-Dabidə dediyim kimi, separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır”.
Bu mənada Ermənistanda konstitusiya normasına dəyişiklik edilməlidir ki, ölkədə gələcək hakimiyyət dəyişikliyi onun əsasında münaqişənin yenidən başlanmasına səbəb olmasın. O cümlədən ATƏT-in Minsk Qrupu kimi köhnəlmiş struktur ləğv edilməlidir. Çünki 2020-ci ildən sonra bu qurum öz aktuallığını tamamilə itirib və faktiki olaraq fəaliyyətsizdir. Bütün bunlara rəğmən Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, sülh sazişinin mətni razılaşdırılıb, bu sənədin paraflanması ideyasını da Azərbaycan tərəfi irəli sürüb. “Prinsipcə, dediyim kimi, biz tabutun üzərini dəmir-betonla qapatmaq və bundan sonra normal yaşamaqdan uzaqda deyilik. Mən bunu əvvəlki görüşlərdə də demişəm: siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq. Ancaq belə olan təqdirdə Cənubi Qafqazda az-çox məqbul situasiya tədricən yarana bilər…” 

Qvami Məhəbbətoğlu, “İki sahil”