21 iyul 2025 10:25
275

Müasir Azərbaycan mətbuatı zəngin keçmişindən güc alaraq gələcəyə inamla irəliləyir - Kamran Bayramov

Demokratik dəyərlərə sadiq qalan Azərbaycan, söz və fikir azadlığını təmin etməklə, həm də güclü vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna mühüm töhfə verir. Mətbuatın azadlığı və inkişafı bu prosesin ayrılmaz hissəsidir. Müasir Azərbaycan mətbuatı öz zəngin tarixi irsinə söykənərək inkişaf edir və bu prosesin əsas dönüm nöqtələrindən biri də Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli  tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonrakı dövrdür. Məhz həmin mərhələdən etibarən ölkəmizdə mətbuatın azad fəaliyyəti üçün maneələr aradan qaldırıldı, hüquqi baza gücləndirildi, qəzet və informasiya vasitələrinin maddi-texniki təminatı yaxşılaşdırıldı. Bu, təkcə mətbuatın deyil, bütövlükdə demokratik cəmiyyətin formalaşması baxımından əhəmiyyətli addım idi.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan milli jurnalistikası sahəsində ən böyük və tarixi xidmətlərindən biri senzuranın ləğv edilməsi ilə bağlı atdığı qətiyyətli addım oldu. 1998-ci il 6 avqust tarixində imzalanmış “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanla ölkəmizdə mətbuat üzərində nəzarət tamamilə aradan qaldırıldı. Bu sənəd kütləvi informasiya vasitələrinin azad inkişafı, demokratik cəmiyyətin qurulmasında medianın rolunun gücləndirilməsi və fikir azadlığının təmin olunması baxımından mühüm mərhələ oldu. Bu, həm də “Əkinçi” ilə başlayan milli mətbuatımızın senzuradan tam azad edilməsi anlamına gəlirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuata göstərilən diqqət və qayğı nəticəsində bu gün Azərbaycan mətbuatı inkişaf yolundadır. 2003-cü ildən sonra media sahəsində mühüm islahatlara start verildi, KİV-in fəaliyyətini stimullaşdırmaq məqsədilə ciddi addımlar atıldı. Xüsusilə, mətbuat orqanlarının “Azərbaycan” nəşriyyatına olan borclarının tamamilə silinməsi, maddi-texniki bazanın gücləndirilməsi və media mühitinin liberallaşdırılması bu sahəyə dövlətin konkret dəstəyinin göstəricisidir. Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət nəticəsində medianın dayanıqlı inkişafı təmin olunub, mətbuat cəmiyyətin inkişafında fəal rola malik mühüm təsir vasitəsinə çevrilib.

Deputat diqqətə çatdırıb ki, yeni dövrün çağırışları medianın da fəaliyyətinə ciddi təsir göstərir və Azərbaycan mətbuatı bu çağırışlara uğurla cavab verir. Xüsusilə texnologiyanın sürətli inkişafı şəraitində, mətbuatın operativliyi, çevikliyi və dəqiq informasiya yaymaq bacarığı daha da ön plana çıxıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası böyük şücaət və peşəkarlıq nümayiş etdirdi. Jurnalistlərimiz ön cəbhədə, real təhlükə şəraitində çalışaraq, hər bir xəbəri dünya ictimaiyyətinə operativ şəkildə çatdırdılar. Azərbaycan həqiqətlərinin qlobal informasiya müstəvisində geniş yayılması, dezinformasiyalara yerində cavab verilməsi milli medianın gücünü və təsir imkanlarını bir daha sübut etdi. Bu, həm də Azərbaycan jurnalistikasının milli maraqların müdafiəsində nə qədər qətiyyətli və vətənpərvər olduğunu göstərdi.

K.Bayramov əlavə edib ki, bu gün Azərbaycan mətbuatı 150 illik tarixi irsinə əsaslanaraq, müasir çağırışlara uyğun şəkildə inkişaf edir. Mətbuat sahəsində aparılan islahatlar, medianın müasir tələblərə uyğunlaşdırılması, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir. Söz və fikir azadlığı, peşə fəaliyyətinin azad və maneəsiz həyata keçirilməsi, müasir texnologiyalarla təminat- bütün bunlar milli mətbuatımızın daha da güclənməsi üçün əsaslı təməl rolunu oynayır. Dövlətin media institutlarına göstərdiyi davamlı dəstək sayəsində Azərbaycan mətbuatı daha çevik, obyektiv və təsirli informasiya mənbəyi kimi fəaliyyətini uğurla davam etdirir.