22 iyul 2025 01:17
117

 Zəngəzur dəhlizinin bərpası Qərbi Azərbaycana qayıdışı sürətləndirəcək

"Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm" sözləri ilə  soydaşlarımızın ata-baba yurdu Qərbi Azərbaycana qayıdacaqlarına  inamını ifadə edən Ulu Öndər Heydər Əliyevin bu istəyinin reallaşması bütünlükdə xalqımızın ən ümdə arzusudur. Qərbi Azərbaycan İcmasının yaradılması, Qayıdış Konsepsiyasında nəzərdə tutulan  məqsədlərin həlli istiqamətində işlərin sürətləndirilməsi, ən əsası isə  Zəngəzur  dəhlizinin açılması ilə bağlı real danışıqların intensivləşməsi  prosesin  həllinə inamı artırır.   Şübhəsiz ki, hər bir azərbaycanlının şüurunda Qərbi Azərbaycan torpaqlarının xatirəsi qorunub saxlanılır. Bu baxımdan  Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlərdə elliklə iştirak hər bir  vətəndaşımızın mənəvi borcu,  ən ümdə arzusudur.  Qayıdış Konsepsiyasına uyğun olaraq  Qərbi Azərbaycanla bağlı  həqiqətlərin dünyada tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirilir və bir sıra ölkələrdə forumlar təşkil edilir.

  Ermənistanın işğalından azad edilən torpaqlarımızda aparılan böyük quruculuq işlərinin, keçmiş köçkünlərin doğma evlərinə Böyük Qayıdışının sürətlənməsi,  Xankəndi, Xocalı, Laçın və digər rayonlarda xarici qonaqları belə  heyrətləndirən bərpa  işlərinin sürətlənməsi növbəti hədəf olan  Qərbi Azərbaycana qayıdışın beynəlxalq səviyyədə dəstəklənməsi ümidlərini daha da artırır. İrəvanın və Zəngəzurun Ermənistana verilməsinin tarixi ədalətsizlik,  xəyanət, bağışlanılmaz səhv olduğunu dəfələrlə qeyd edən   Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev haqlı olaraq bildirir ki, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. «Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu  tarixi  silmək istəyənlər niyyətlərinə çata bilməyəcəklər.

 Qafqaz Müsəlmanları  İdarəsinin ( QMİ) Qazilər Şurasının geniş tərkibdə keçirilən iclasında  İrəvan  qazılığı  ilə bağlı   Əsasnamənin  qəbul olunması  dövlətlə  din arasında  münaqişənin daha da gücləndiyi  Ermənistanda  şok vəziyyət yaradıb. «2020-ci ilə qədər kilsə rəhbərləri ilə görüşdə onlar özlərini qalib kimi göstərir, bizə istehza ilə baxırdılar . Bu məni də incitdiyi kimi, Azərbaycan xalqını da incidirdi. Mən indi qalib xalqın şeyxülüslamıyam və bununla qürur duyuram. Bu yaxınlarda biz İrəvan qazılığını bərpa etdik. İnşallah o torpaqlara da gedəcəyik, məbədlərimizi, ziyarətgahlarımızı, məscidlərimizi bərpa edəcəyik, din xadimlərimiz orada fəaliyyət göstərəcək» sözləri ilə haqq işimizin qalib gələcəyini bildirən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu cür tədbirlərin davamlı olacağını da açıqlayıb.

21-22 iyun 2025-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasında Qərbi azərbaycanlılarla bağlı məsələnin müzakirəsi, soydaşlarımızın haqq səsinə dəstək verilməsi  daha bir  həmrəylik nümunəsi,  əlamətdar hadisə kimi tarixə yazıldı. Həmin sessiyada  Azərbaycanın ədalətli mövqeyinə dəstək naminə müxtəlif  mövzuları əhatə edən   qətnamələr qəbul olunub. Sessiyanın yekunlarına dair «İstanbul Bəyannaməsi”»nin,  Qərbi Azərbaycan İcması ilə bağlı  qətnamənin qəbulu  ata-baba yurdlarından   zorla qovulmuş soydaşlarımızın haqqı səsinə dəstək  idi. İƏT çərçivəsində ilk dəfə olaraq qəbul olunan «Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ”» adlı qətnamədə  təşkilata üzv ölkələrin  Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur,  Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının, soydaşlarımızın doğma torpaqlarına  qayıdışının inkar olunması qınanılır.  Qeyd edilən qətnamə ilə yanaşı, «İstanbul Bəyannaməsi»”ndə Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişlər alqışlanır. Ermənistan  sülh müqaviləsinin imzalanmasına mane olan  əngəllərin  aradan qaldırılmasına çağırılır. Bəyannamədə,  həmçinin Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşən məcburi köçkünlərin ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində Azərbaycanın yenidənqurma və minatəmizləmə səylərinə dəstək ifadə edilir. İndiki Ermənistan ərazilərindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun mövcudluğu təsdiqlənir və Ermənistan tərəfinin Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi pislənilir. «1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik”»  adlı qətnamədə Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci ilin fevralında  Xocalıda, habelə Azərbaycanın  digər ərazilərində törədilən müharibə cinayətləri,  soyqırımlar  bəşəri dəyərlərə  xəyanət adlandırılır.

 Bu günlərdə  İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə xalqımıza olan ethiramı «Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk» sözləri ilə ifadə edən Prezident İlham Əliyev diqqətə çatdırıb ki,  Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.

Müasir dövrümüzü «dəhlizlər müharibəsi» adlandıranların sözlərində həqiqət vardır. Müharibələrin, milli münaqişələrin davam etdiyi,  xüsusilə Avropa ölkələrinin enerji ilə təminatında  ciddi maneələrin yarandığı indiki zamanda qitələri  birləşdirən qlobal nəqliyyat dəhlizlərinə də ehtiyac artmaqdadır. Bu baxımdan  Çinin «Bir kəmər, bir yol» layihəsinin ortaq nöqtəsi olan Orta Dəhlizə artan maraq təbiidir.  Orta Dəhlizin  davamı kimi Zəngəzur  yolunun bərpasını beynəlxalq səviyyədə dəstəkləyənlərin sayı artmaqdadır.   Bu yolun bərpasının  Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas istiqamətləri kimi diqqətdə saxlanılması da  təsadüfi deyil.

 Ermənistanın baş naziri Nikol Paşinyanın Ankara səfərindən sonra   Prezident İlham Əliyevlə   Əbu-Dabidə təşkil olunan ikitərəfli görüşdə  də əsas müzakirə mövzusu   Zəngəzur dəhlizinin bərpası olmuşdur.   Ermənistan müxalifətini,  rusiyameylli  qüvvələri də narahat edən   Paşinyanın Azərbaycanın və Türkiyənin  Zəngəzurla bağlı təkliflərinə isti yanaşmasıdır. Siyasətçilərin də bəyan etdikləri kimi, Zəngəzur dəhlizinə nəzarətdə maraqlı olan ABŞ-ın  və Türkiyənin bu şansı qazanmaları Rusiyanın Cənubi Qafqazdan  uzaqlaşdırılması deməkdir.   Artıq Ermənistantanda da aydın başa düşürlər ki, Azərbaycanla bağlanacaq sülh sazişi təkcə iki ölkənin deyil, bütünlükdə bölgənin, Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyi, sabitliyin təminatı baxımından  önəmli, aktuallığını qoruyan məsələdir.  Bəllidir ki,  sülh sazişinin imzalanması üçün Azərbaycanın real şərtləri var. Ermənistan əvvəlcə öz konstitusiyasını dəyişdirərək qonşu ölkələrə  qarşı ərazi iddialarını əks etdirən maddələri çıxarmalı,  Minsk qrupunun  ləğvini tələb edən  Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir. Yəni, bu iki şərt yerinə yetirilmədən yekun sülh sazişinin imzalanması mümkün deyil”.   

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci  Zrvə görüşündən sonra  Xankəndidə  keçirilən III Şuşa  Qlobal Media Forumunda Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişinin başlıca şərtlərindən olan Zəngəzur dəhlizi ilə bağlı  məqamlara aydınlıq gətirilməsi də təsdiqləyir ki,  bu  ifadə artıq beyənlxalq termindir.

Rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunmuş, 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin iştirak etdikləri  III Şuşa Qlobal Media Forumu dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönələn mühüm hadisədir. Forumda bir daha təsdqləndi ki,  Qlobal Cənubun ayrımaz tərkib hissəsi olan Azərbaycan qitələrarası körpü rolunu uğurla davam etdirir.   Adı media forumu olsa da  dünyada  baş verən siyasi, iqtisadi hadisələrin müzakirə olunduğu  platformaya çevrilən, dörd saata yaxın davam edən tədbirdə  sualları məntiqli açıqlamaları ilə cavablandıran  Prezident İlham Əliyev növbəti dəfə alternativsiz lider olduğunu təsdiqlədi. Zəngəzur dəhlizinə ABŞ-ın nəzarəti məsələsi ilə bağlı sualını  «Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi ilə bağlı sualınıza gəldikdə bu, Ermənistan rəhbərliyinə ünvanlanmalıdır. Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan nə etmək istəyir? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası “Avropa müşahidəçiləri”ni də sərhədə dəvət ediblər. Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar. Xüsusilə də bu son İran-İsrail münaqişəsi zamanı onlar İran sərhədi boyu hərəkət edirlər. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də öz ərazimizdən onları izləyirik. Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər. Bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır. Mən yaxşı xatırlayıram, sovet dövründə qatar Bakıdan Naxçıvana hərəkət edərkən məhz Ermənistan ərazisindən Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, nəticədə qatarın pəncərələri qırılırdı. Biz bunu çox yaxşı xatırlayırıq və bu, sovet dövrü idi. Bu nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü bir dövrdür. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir» sözləri ilə cavablandıran Prezident İlham Əliyev bir daha vurğuladı ki, bu dəhlizin bərpası  regional deyil, beynəlxalq əhəmiyyətli məsələdir.

Xuraman İsmayılqızı, "İki sahil"