24 iyul 2025 00:54
171

Milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir - TƏHLİL

Dövlət başçısı İlham Əliyev III Şuşa Qlobal Media Forumunda bir daha bildirdi ki, Azərbaycan sabit, özünü təmin edən və gələcəyə aydın baxışları olan ölkədir

Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanan bir model üzərində qurulub. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından sonra yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən, xarici siyasətimizin prioritetlərindən bəhs edərkən bildirdi ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq  xarici siyasət istiqamətində bu amil  həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra  beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Cənab İlham Əliyev  bu çağırışı etdi ki, biz indi  İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir, edəcək.

Prezident İlham Əliyev xarici siyasətdə hədəfləri açıqlayarkən onu da qeyd etdi ki, bizim ailəmiz türk dünyasıdır.  Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və  siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır,  ərazidir,  hərbi gücdür,  iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.

Bu kontekstdə Azərbaycanın beynəlxalq təşkilatlarla  əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan  istər Türk Dövlətləri Təşkilatı, istərsə də İslam Əməkdaşlıq Təşkilatı  çərçivəsində fəal diplomatik xətt yürüdərək həm türk, həm də İslam aləmində inteqrasiyanı gücləndirən mühüm təşəbbüslərlə çıxış edir. Ölkəmizin 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə  sədrlik etməsi regional iqtisadi əməkdaşlığın fəallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın son illərdə nümayiş etdirdiyi uğurlu sədrliyi və təşəbbüsləri bu qurumun nüfuzunun artmasında mühüm rol oynayır. Şanxay Əməkdaşlıq Təşkilatı  ilə əməkdaşlıq isə Azərbaycanın Asiya regionundakı geosiyasi mövqeyini möhkəmləndirən, təhlükəsizliyi və iqtisadi əməkdaşlığı təşviq edən yeni bir istiqamət kimi aktuallıq qazanır.

Azərbaycan əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir. Eyni zamanda, ölkəmiz yeni körpülərin qurulmasında maraqlıdır və bunun atdığı addımları ilə təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu günlərdə Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumunda bu məsələlərə xüsusi diqqət yönəltdi. Ötən il dünyanı Azərbaycana toplayan, iqlim diplomatiyasında dönüş nöqətsi kimi dəyərləndirilən COP29 tədbirinin  əhəmiyyətindən geniş bəhs etdi. Vurğuladı ki, COP29 haqqında danışarkən  elə bir təəssürat yarandı ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında bir etimad böhranı var. Hər biri özünün haqlı olduğunu hesab edir. Ancaq burada etibar olmadığı və bir-birinə şübhə ilə yanaşma mövcud olduğu təqdirdə vahid hədəflərə nail olmaq çətin olacaqdır. Ona görə də təhlükəsizlik, sabitlik, milli maraqlara praqmatik yanaşma və qonşularla yaxşı, konstruktiv əlaqələr vacibdir. Regional gündəliyə gəldikdə isə  yaşıl enerji layihələri üzərində çalışırıq. Çünki təkcə Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də Günəş və külək elektrik enerjisi stansiyaları yaradılır. Ötən il COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan prezidentləri arasında yaşıl enerji ilə bağlı Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi imzalandı ki, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerji Azərbaycanın infrastrukturuna birləşdirilsin. Ona qədər Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında da buna bənzər sənəd imzalandı. Belə bir yaşıl enerji kabeli Qara dənizin dibi ilə çəkilsin. Region təkcə Cənubi Qafqazı əhatə etmir. Daha geniş coğrafiyanı əhatə edir. Ancaq burada mərkəzi nöqtə məhz Azərbaycandır: «Çünki siz coğrafiyanı dəyişə bilməzsiniz. Amma coğrafiya heç də hər zaman o demək deyil ki, coğrafi mövqeyiniz sizə tərəqqi gətirəcəkdir. Siz coğrafiyanızdan yaxşı məqsədlər üçün istifadə etməlisiniz. Biz artıq bunu proqnozlaşdıra bilərik ki, Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlər Azərbaycanın bir növ qovşaq olacağını nümayiş etdirir. Azərbaycan nəqliyyat, istehsal və paylama nöqtəsi olacaqdır. Bizim çox böyük artım potensialımız var”.

   Ölkəmizin nəqliyyat və logistika imkanları,  xüsusilə Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz)  Asiyanın məhsul və resurslarının Avropa bazarına çıxışı üçün əvəzolunmaz körpü rolunu oynayır. Bu baxımdan, Azərbaycan artıq təkcə regionda enerji ixracatçısı yox, həm də qitələrarası nəqliyyat qovşağı kimi tanınır.

    Çin və Azərbaycan arasında əlaqələr son illərdə yalnız ticarət sahəsində deyil, eyni zamanda, təhsil, texnologiya və infrastruktur sahələrində də dərinləşməkdədir. Ötən il Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması iki ölkənin enerji, yaşıl texnologiyalar və nəqliyyat sahələrində əməkdaşlığını daha da genişləndirir. Çin “Bir kəmər, bir yol” təşəbbüsündə ölkəmizin rolunu yüksək qiymətləndirir və Azərbaycan vasitəsilə Avropaya çıxışı təmin etmək niyyətindədir. Çin texnologiya, süni intellekt və rəqəmsal transformasiya sahələrində dünya lideridir. Bu sahələrdə əməkdaşlıq Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyası ilə də üst-üstə düşür. Dövlət başçısı İlham Əliyev sözügedən Şuşa Qlobal Media Forumunda da Azərbaycan-Çin münasibətlərinin bugünkü inkişaf səviyyəsinə xüsusi diqqət göstərdi. Hədəflərə gəlincə isə  qeyd etdi ki, ticarət dövriyyəsinin artırılmasına dair böyük planlarımız var. Hazırda bu istiqamətdə böyük potensial mövcuddur. Artıq Çinin bir çox şəhərlərindən Azərbaycana və Azərbaycan ərazisindən Qərbə konteyner qatarları göndərilir. Bu qatarların sayı ildən-ilə hətta onlarla faiz artmaqdadır. Yaxın zamanda bu göstəricilər dəfələrlə artacaq. Azərbaycan  cənab Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü əvvəldən dəstəkləyir və bu məqsədlə ölkəmizdə uyğun nəqliyyat-logistika infrastrukturu hazır edilib. O da qeyd edildi ki, Çin şirkətləri Günəş elektrik stansiyalarının tikintisi layihələrinin reallaşmasında podratçı qismində fəal iştirak edirlər. İnvestor şirkətlər tərəfindən alınan Günəş panelləri Çin istehsalıdır. Son dövrlərdə, həmçinin Çin şirkətləri ilə bərpaolunan enerji – Günəş və külək enerjisi sahəsində əməkdaşlığa başlanılıb.  Artıq müvafiq sazişlər imzalanıb və  bu,  qarşılıqlı faydalı əməkdaşlığımıza mühüm töhfə verəcək. Dövlətimizin başçısı İlham Əliyev bu ümumiləşdirməni apardı ki,  münasibətlərimiz çox möhkəmdir. Həm dövlət başçıları, həm də nazirlər səviyyəsində çox fəal siyasi dialoq aparılır. Çinin müxtəlif regionları ilə də çox sıx əməkdaşlıq qurulub. Artıq Çində Azərbaycanın bir neçə ticarət evi fəaliyyət göstərir. Bu istiqamətdə böyük perspektivlər görürük. Çin Xalq Respublikası tərəfindən Mərkəzi Asiyada maliyyələşdirilən yeni dəmir yolu arteriyaları Xəzər dənizindən Azərbaycana və daha sonra beynəlxalq marşrutlar üzrə yük axınlarının həcminin artmasına şərait yaradacaq.

  Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələrdə Azərbaycan-Pakistan münasibətləri xüsusi yer tutur. Qardaş ölkədən strateji tərəfdaşa çevrilən Pakistan  Azərbaycanın beynəlxalq səviyyədə ən güclü siyasi dəstəkçilərindən biri olmaqla yanaşı, iqtisadi əməkdaşlığın genişlənməsi üçün də böyük potensiala malikdir. Pakistanın Cənubi Asiyanın enerji və logistika mərkəzinə çevrilmək istəyi, Azərbaycanın isə Asiyaya açılan qapı kimi mövqeyi iki ölkəni daha sıx əməkdaşlığa vadar edir. Ölkələrimiz arasında enerji, müdafiə sənayesi, tekstil və əczaçılıq sahələrində əməkdaşlıq perspektivləri xüsusilə əhəmiyyətlidir. Bu ilin 28 May-Müstəqillik Günündə Azərbaycan-Türkiyə-Pakistan liderlərinin bir araya gələrək Laçında Zirvə görüşünü keçirmələri də özündə mühüm məqamları ehtiva edir.

Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanla Azərbaycanın münasibətləri isə yalnız ortaq türk-mədəni və tarixi köklərə deyil, həm də real iqtisadi maraqlara əsaslanır. Bu ölkələrlə enerji ticarəti, kənd təsərrüfatı, nəqliyyat-logistika, su resurslarının idarə olunması və rəqəmsallaşma sahələrində çoxsaylı razılaşmalar və layihələr həyata keçirilir. Mərkəzi Asiya ölkələri ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi və iqtisadi inteqrasiya modeli inkişaf edir. Azərbaycan bu təşkilatın fəal üzvü olaraq, region ölkələri ilə transregional enerji və nəqliyyat layihələri sahəsində təşəbbüskar mövqe tutur. Bu günlərdə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri, səfər çərçivəsində azad Qarabağda olaraq burada görülən işlərlə yaxından tanış olması Azərbaycan-Türkmənistan münasibətlərinin yüksələn xətlə inkişafının göstəricisidir.

Türkmənistan qazının Trans-Xəzər enerji dəhlizi vasitəsilə Azərbaycan ərazisindən Avropaya ötürülməsi məsələsi gündəmdədir. Həmçinin Orta Asiyadan Türkiyə və Avropaya uzanan yükdaşımalarında Azərbaycan əsas tranzit məntəqələrindən biridir.

Asiya ölkələri ilə əməkdaşlıq yalnız ticarət və nəqliyyatla məhdudlaşmır. Rəqəmsal transformasiya, yaşıl enerji, smart kənd təsərrüfatı və texnoloji startaplar sahəsində Asiya dövlətlərinin təcrübəsi, Sinqapurun ağıllı şəhər idarəçiliyi, Cənubi Koreyanın rəqəmsal hökumət modeli və Çinin alternativ enerji texnologiyaları Azərbaycanın milli inkişaf strategiyası ilə üst-üstə düşür. Bu sahələrdə təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması ölkəmizin iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir.

  Təbii ki, Azərbaycanın xarici siyasət uğurlarını bir yazıda əhatə etmək qeyri -mümkündür. Hər bir çıxışı ölkəmizdə, regionda və dünyada baş verən hadisələrlə bağlı zəngin mənbənin əldə edilməsində əhəmiyyətli rol oynayan dövlət başçısı İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi çağırışlar, bütün sahələrdə Azərbaycanın qazandığı uğurlara diqqəti yönəltmək fonunda  iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsi ilə bağlı fikirləri Azərbaycanın xarici siyasət uğurlarının təqdimatında öz sözünü deyir. Dövlətimizin siyasətinin  çox aydın,  yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslandığını önə çəkən Forum iştirakçıları onu da qeyd etdilər ki,  bunlar ölkəmizin  çoxvektorlu siyasət həyata keçirməsinə geniş imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev ona  ünvanlanan «Siz Prezident Əliyevin, zənnimcə, belə uğurlu xarici siyasət yürütməsini şərtləndirən 5-7 təməl siyasi prinsiplərini deyə bilərsinizmi» sualına cavab olaraq bildirdi ki, xalqıma heç vaxt yalan söyləmirəm. Bu, əslində, doğrudur. Amma sualınıza cavab olaraq,  beynəlxalq həmkarlarıma da heç vaxt yalan danışmamağa çalışıram: «Əlbəttə, imkan daxilində. Hesab edirəm ki, biz obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq. Düşünürəm ki, bu, yəqin ki, əsas prinsiplərdən biridir: ilk növbədə öz xalqıma həqiqəti söyləmək. İnternet və sosial şəbəkələr dövründə yaşadığımız üçün burada dediyiniz hər şey dərhal bütün dünyada rezonans doğurur. Düşünürəm ki, bu, mənim Prezident vəzifəsində əldə etdiyim çoxillik əvəzsiz təcrübə ilə bağlıdır və onu başqa cür əldə etmək mümkün deyil. Həm də belə etibarlı münasibətlərin qurulduğu, etimad göstərə biləcəyiniz zaman. Güvənmək razılaşmaq demək deyil, etimad göstərmək nədənsə müəyyən dərəcədə narazı olmaq və ya müsbət gündəmdən başqa bir şeyə sahib olmaq demək deyil. Güvənmək, sadəcə olaraq inanmaq deməkdir ki, əgər bir insan bunu deyibsə, deməli belə olacaq.»

Bu, bizə beynəlxalq nüfuz qazanmağa imkan verən amillərdən biridir. İkinci amil konkret olaraq beynəlxalq hüququn universal prinsiplərinə riayət etməkdir. İstənilən vəziyyətdə, istər siyasi, istərsə də başqa üstünlüklərdən asılı olmayaraq,  həmişə onlara sadiq olmuşuq. Azərbaycan  separatizmdən və işğaldan əziyyət çəkən bir ölkə kimi sadəcə olaraq dünyanın heç bir yerində analoji vəziyyətlərə münasibətini  başqa cür ifadə edə bilmədi. Ona görə də beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqlik həm də fundamental amildir və  Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına imkan verib. Azərbaycanın nüfuzunu vurğulayan daha bir mühüm amil D-8 Təşkilatına yeni üzv olan ilk və yeganə ölkə olmasıdır. Vaxtilə Türkiyənin, Pakistanın, Misirin təşəbbüsü ilə yaradılan və hazırda müsəlman dünyasının əhalisinə, potensialına görə ən böyük səkkiz dövlətini birləşdirən təşkilat hələ bir çox onilliklər əvvəl yarandığı gündən indiyədək yeni üzv qəbul etməyib. Azərbaycan yekdilliklə qəbul edilən yeganə ölkədir.

Cənab İlham Əliyev qeyd olunanlar əsasında bu qənaəti açıqladı ki, əlbəttə ki, hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda qonşunun da maraqlarına baxmaq. Yəni, milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir. Lakin regional və qlobal kontekstdən ayrılaraq bu amildən güclü sui-istifadə etmək olmaz. Həmişə  vəziyyətə qonşunun prizmasından baxmağa çalışın. Onda çox şey aydınlaşır.

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurları davamlılığı ilə diqqətədir. 30 illik işğala 44 gündə son qoyulması, onun ardınca suverenliyimizin tam bərpası, yeni reallıqlar fonunda  regionda və dünya siyasətində baş verən yeniliklər bunun bariz nümunəsidir. Azərbaycanın dünyaya ünvanlanan sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları da xarici siyasətinin dəyişməz prinsiplərinin təqdimatıdır. Cənab İlham Əliyev III Şuşa Qlobal Media Forumunda bu mühüm reallığı da əminlikdə qeyd etdi ki, Azərbaycan sabit, özünü təmin edən və gələcəyə aydın baxışları olan ölkədir. Biz ön cərgədə olmalıyıq.

Yeganə Əliyeva, "İki sahil"