24 iyul 2025 17:33
199

“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən şirkətlər üçün texnoloji transformasiyaya dair ilk qısamüddətli, intensiv təlim (“bootcamp”) təşkil edilib.

“İki sahil” xəbər verir ki,  Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq Proqramı” (S4HP) çərçivəsində ilk texnoloji transformasiya “bootcamp”ı (qısamüddətli, intensiv təlim) keçirilib. “Bootcamp” S4HP-nin bu sahədə ilk təşəbbüsüdür. Proqramın məqsədi yerli şirkətlərin texnoloji transformasiyasını sürətləndirmək və innovasiyaların tətbiqi ilə onların fəaliyyətində səmərəliliyi artırmaqdır.

Tədbirdə S4HP-nin pilot mərhələsində iştirak edən “STP Global Cable”, “Metak” və “Azerfloat” şirkətlərinin texnoloji transformasiya üzrə məsul şəxsləri və mütəxəssisləri iştirak ediblər.

Tədbirin açılışında 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov proqramın son mərhələsinə keçmiş iştirakçılara uğurlar arzulayıb. Sənayedə tətbiq olunan son rəqəmsal texnologiyalar barədə praktiki biliklərin aşılanmasında “bootcamp”ın önəmi qeyd olunub.

Beynəlxalq ekspert Cem Arslan robotlar, sensorlar və fiziki avtomatlaşdırma texnologiyaları haqqında məlumat verib, bu yöndə müzakirə aparılıb.

Tədbirdə proseslərin rəqəmsallaşdırılması və proqram təminatları ilə avtomatlaşdırma mövzusunda təqdimatlar keçirilib. İştirakçılar verilənlərin təhlili və süni intellektin sənaye proseslərində tətbiqi barədə məlumatlandırılıblar.

Yerli müəssisələr “industry4.az” portalı vasitəsilə S4HP proqramına müraciət edə bilərlər.