25 iyul 2025 20:58
205

Sinəsini Vətənə sipər edən 48 yaşlı şəhid mayor...

Azərbaycan ordusu  30 il erməni quldurları tərəfində işğal olunmuş Qarabağımızı 44 günə  azad edərək xalqımıza şanlı qələbə yaşatdı.  Bu qələbədə canından keçən qəhrəman övladlarımız çox oldu. Sinəsini Vətənə sipər edib müharibə meydanda şəhadətə qovuşan belə qeyrətli oğullardan biri də 1977-ci ildə Lənkəran rayonunun Hirkan qələbəsində dünyaya göz açan şəhid mayor İqbal Bayramovdur. Lənkəran camaatı Vətən səmasının əbədi parlaq günəşinə çevrilən qəhrəman oğlunun adını həmişə qürurla çəkir,  ona sonsuz sevgi, məhəbbət bəsləyir, xatirəsini əziz tuturlar. Hirkanlılar şəhid mayor İqbal Bayramovun 48 yaşını da böyük  ehtiramla   qeyd etdilər. Onun yatdığı müqəddəs torpağa baş çəkdilər, məzarına təzə güllərdən çələng hördülər. Həmçinin bildirdilər ki, İqbal  Vətən, torpaq uğrunda canından keçib. O, cismən aramızda olmasa da , mənən   ürəklərdə yaşayır.

 Məlumat üçün deyək ki, İqbal Bayramov 1984-1994-cü illərdə doğma  Hirkan qəsəbəsində A. Quliyev adına tam orta məktəbdə təhsil alıb.  Yaxşı oxuyub, nizam-intizamı ona hörmət qazandırıb. 1994-1998-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) “Energetika” ixtisası üzrə oxuyub. 1998-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2004-2005-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində baş leytenant  hərbi rütbəsində Tağım Komandiri  vəzifəsini layiqincə yerinə yetirib. 2005-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qala qəsəbəsində yerləşən TTM-də təlim alıb.  Eləcə 2005-2008-ci illərdə bir sıra xarici dövlətlərdə də təlimlərə qatılıb. Mayor rütbəsinə qədər yüksəlib. 2018-ci il yanvarın  14-də ehtiyata buraxılıb. Vətən müharibəsi başlayan gündən döyüşlərə girib . Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən  ağır müharibədə yağıya sarsıdıcı zərbələr vurub.  Oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı namərd gülləsi ondan  yan keçməyib.  Lənkəran şəhərində əbədi olaraq sevdalandığı Vətən torpağına baş qoyub.

Milyonların  ürəyində  yaşamaqla əbədilik qazanan  zəfər şəhidi   İqbal Bayramov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və digər medallara layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü