Azərbaycan siyasi tarixində elə liderlər var ki, onların fəaliyyəti müəyyən dövrə deyil, zamanın öz mahiyyətinə təsir göstərir. Ümummilli Lider Heydər Əliyev məhz belə şəxsiyyətlərdən idi. Zamana sığmayan lider olaraq, təkcə öz dövrünü yox, gələcək nəsillərin düşüncə və idarəetmə modelini formalaşdıracaq ideoloji sistem qurdu. Onun siyasi məktəbi təkcə idarəçilik təcrübəsi deyildi, eyni zamanda milli iradənin dövlətçilik ruhuna çevrilməsi idi.
Bu gün həmin siyasi irsi öz müstəqil liderlik baxışı ilə yeni dövrə daşıyan, onu dövrün tələblərinə uyğun yenidən inşa edən, zamanın sürəti və çağırışları ilə sinxronlaşdıran siyasi varis və strateq məhz Prezident İlham Əliyevdir.
Heydər Əliyev Azərbaycan tarixində bir çox dönüş anlarının müəllifi oldu. Onun liderliyi, daxili sabitliyin, milli şüurun və strateji möhkəmliyin əsasını qoydu. O, zamanın çətinlikləri qarşısında yalnız dayanmırdı, həmçinin zamanı öz iradəsinə tabe edən bir gücə sahib idi. Məhz bu səbəbdən onu zamana sığmayan lider adlandırmaq tam yerindədir.
Platonun “dövlət başçısı fəlsəfi idrak sahibi olmalıdır” fikri Heydər Əliyevin idarəetmə fəlsəfəsində aydın görünürdü. O, yalnız siyasətçi deyildi, fikir sahibi idi, bu isə liderin yalnız real siyasətdə yox, zamanın ruhunda yaşamasını təmin edirdi.
Prezident İlham Əliyev isə yeni dövrün içində, zamanla dialoq quran lider kimi tanınır.O, siyasi irsin daşıyıcısı olmaqla yanaşı, həmin irsi 21-ci əsrin geosiyasi, texnoloji və sosial reallıqlarına uyğun şəkildə transformasiya edən liderdir. Cənab İlham Əliyev Ümummilli Liderin məktəbinin ruhunu qorumaqla yanaşı, öz liderlik fəlsəfəsini də bu sistemə daxil etməyi bacarmışdır. Əgər Heydər Əliyev zamanın fövqündə dayanırdısa, İlham Əliyev zamanın içində hərəkət edən və onu yönəldən siyasi ağıla sahibdir. Brzezinski deyirdi: “Zəmanəni dəyişmək istəyən lider, əvvəlcə öz xalqının zamanla bağını bərpa etməlidir.” Cənab İlham Əliyevin fəaliyyəti də bu mənada zamanı yönləndirən, zamanla reallıq arasında incə bir körpü qurmaqla milli şüurun bərpasına xidmət edir.
Onun liderliyi qətiyyət, ardıcıllıq və strateji təmkin üzərində qurulub. İlham Əliyev regionda və dünyada Azərbaycanın maraqlarını çoxvektorlu, lakin vahid strateji xətt əsasında qorumağı bacaran bir siyasət yürüdür. O, zamanın sürətinə tabe olmur, zamanla danışmağı bacarır, yəni hadisələrdən sonra deyil, hadisələrdən əvvəl düşünən lider olaraq, siyasi davamlılıq və modern liderlik sintezini strateji uzaqgörənlik, milli maraqların qətiyyətlə müdafiəsi və dəyişən qlobal şərtlərə adaptiv idarəetmə bacarığı ilə gerçəkləşdirir.
Prezident İlham Əliyevin liderliyi, klassik idarəetmənin strateji dərinliyi ilə müasir diplomatiyanın çevik təfəkkürünü özündə birləşdirən nadir bir tarazlıq nöqtəsində dayanır, sanki zamanın koordinat sistemində sabitliklə dinamikanın kəsişdiyi optimal nöqtədir. Bu liderlik modeli, bir tərəfdən tarixi təcrübəyə, digər tərəfdən texnokrat rasionalizmə, eyni zamanda isə xalqın yaddaşında yaşayan milli şüura söykənir. O, keçmişə sadiq, indini dərindən dərk edən və gələcəyə yön verməyə qadir bir liderdir. Onun üçün dövlətçiliyin davamlılığı yalnız sabitliyi qorumaq deyil, davamlı yenilənməni sistemli şəkildə həyata keçirməkdir.
2001-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüş Kofi Annan belə demişdi: “Sabitlik sabit qalmaqla deyil, dəyişiklikləri idarə etməklə qorunur.” Prezident İlham Əliyev də məhz bu məntiqi dövlət idarəçiliyinin fəlsəfəsinə çevirmişdir.
Bu gün İlham Əliyev nəinki Azərbaycanın, həm də regionun gələcəyini müəyyən edən aparıcı siyasi fiqurlardan biridir.
Heydər Əliyev zamanı tənzimləyən bir siyasi anlayış idisə, İlham Əliyev o zamandan doğan iradənin bugünkü ifadəsidir. Onlar eyni yolun fərqli zamanlardakı daşıyıcılarıdır, biri təməl qoydu, digəri bu təməli yeni dövrün ruhuna uyğun şəkildə möhkəmləndirir və inkişaf etdirir.
Filosof Karl Yaspers deyirdi: “Əsil lider zamanla danışmağı bacarandır.” Prezident İlham Əliyevin liderliyi də bu danışığın Azərbaycan adına nəticəyə çevrilmiş siyasi fəlsəfəsidir.
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri