Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenski ilə İstanbulda görüşəcəyinə inanıram.
“İki sahil” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Balkan Sülh Platforması toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq üçüncü turu keçirilən İstanbul müzakirələrinin əsas müddəalarından biri də liderlərin bir araya gəlməsidir: “Əsir mübadiləsi, atəşkəslə bağlı tərəflərin mövqelərinin öyrənilməsi və prezidentlərin bir araya gəlməsi hər üç raundda müzakirə olundu. Əsirlikdə olanların azad olunması az da olsa ümid yaradır”.
Nazir söyləyib ki, Rusiya və Ukrayna liderləri İstanbulda bir araya gəlməklə bağlı iradələrini ifadə ediblər: “Bilirik ki, ABŞ Prezidenti Donald Tramp atəşkəsdə maraqlıdır. Prezidentimiz də liderlərin görüşünə çox inanır. İstanbulda üç liderin bir araya gələ biləcəyinə inanıram”.