Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmaya doğru getməsi ABŞ-dakı erməni lobbisini də təşvişə salıb. Odur ki, onlar müxtəlif ölkələrin qanunverici orqanlarına təzyiqlər göstərməklə Azərbaycana qarşı sanksiya və ya qətnamələrin qəbuluna çalışırlar.
Bu günlərdə Amerika Erməni Assambleyası həmsədrlərinin - Oskar Tatosyan və Talin Yakubyanın Dövlət katibi Marko Rubioya etdikləri müraciət də bunu bir daha sübut edir. Şübhəsiz, bu məsələdə Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyi fikirlərini öz sosial media platformasında paylaşması da müəyyən rol oynayıb. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə demişdir: “Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir”.
Bütün bunlar isə o deməkdir ki, ABŞ–Azərbaycan münasibətlərində son aylarda müşahidə olunan inkişaf Amerika Erməni Assambleyasını ciddi şəkildə narahat edir. Odur ki, onlar iki ölkə arasında bu münasibətləri gözdən salmaq və ictimai rəydə ölkəmizlə bağlı mənfi təsəvvür yaratmaq istəyirlər. Bu mənada həmin müraciəti həm də rəsmi Vaşinqtonun Cənubi Qafqazda dəyişən mövqeyinə qarşı narazılığın ifadəsi kimi dəyərləndirmək olar.
Onlar müraciətlərində hazırda Bakıda mühakimə olunan separatçıları “qanunsuz saxlanılan erməni əsirlər” adlandırıblar. Halbuki, onlar Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlərə görə qanun qarşısında cavab verirlər. Əslində bununla Azərbaycan hüququn gücünə olan inamını və qətiyyətini nümayiş etdirir. Amma Amerika Erməni Assambleyasının həmsədrləri bu cinayətkarların timsalında "siyasi şou" düzəltməyə cəhdlər göstərməkdə davam edirlər.
Azərbaycanda ermənilərin “etnik təmizləməsi” və ya “onların hüquqlarının pozulması” kimi iddiaların da əks olunduğu müraciətdə həmsədrlər, həmçinin Qarabağı könüllü tərk edənlərin qayıtmaq hüququnu da təmin etməyə səsləyiblər. Müraciətin məzmunundan belə qənaətə gəlmək olar ki, onların bu addımı heç də hansısa humanitar məqsədlərə xidmət etmir. Bu, erməni lobbisinin ABŞ vasitəsilə həyata keçirməyə çalışdığı növbəti təxribat aktıdır. Bir sözlə, onlar Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırıldığı, təmasların davam etdirildiyi bir vaxtda hər vəchlə süni gərginlik, regionda yenidən münaqişə ocağı yaratmağa çalışırlar. Amma ümid etmək olar ki, Baydenin dövründəki aşkar ermənipərətlik xətti ilə imicinə xələl gətirmiş Vaşinqton bu kimi çağırışlara məhəl qoymayacaq və nüfuzuna xələl gətirməyəcək, bir sözlə, beynəlxalq səviyyədə öz ölkəsi üçün yeni tarix yazacaq. Çünki ABŞ da yaxşı dərk edir ki, bütün bunlar həm də Trampın mövqelərini zəiflətməyə hesablanmış addımlardır.
Qvami Məhəbbətoğlu, “İki sahil”