29 iyul 2025 10:00
192

Erkən nikahla mübarizə gələcəyimizə sahib çıxmaqdır - MÜSAHİBƏ

Komitə nümayəndəsi: Səbəblərin çoxluğundan, yaxud növündən asılı olmayaraq əsas olan odur ki, bu evliliklər nəticəsində daha çox qızların perspektivləri olmur, seçimləri isə məhdud sayda olur

Müasir dövrdə erkən nikahlar təkcə bir ailənin daxili seçimi deyil, bütövlükdə cəmiyyətin inkişaf trayektoriyasını və gələcək nəsillərin rifahını müəyyən edən strateji əhəmiyyətli sosial problemdir. Bu hal yalnız qız uşaqlarının hüquqlarının pozulması ilə yekunlaşmır, həm də onların təhsil alma, peşə sahibi olma, cəmiyyətə tamhüquqlu vətəndaş kimi inteqrasiya imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Erkən nikahlar bir tərəfdən ailə institutunun sabitliyini zəiflədir, digər tərəfdən qadınların iqtisadi fəallığını azaldaraq, gender bərabərsizliyinin dərinləşməsinə səbəb olur. Bütün bu faktorlar isə nəticə etibarilə dövlətin sosial-iqtisadi və demoqrafik inkişafına mənfi təsir göstərir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Ailə məsələləri şöbəsinin Ailə problemləri sektorunun baş məsləhətçisi Səmra Əliyeva qəzetimizə müsahibəsində erkən nikah probleminin hüquqi və sosial aspektlərinə toxundu.

- AQUPDK son illərdə erkən nikah hallarının qarşısının alınması istiqamətində nə kimi tədbirlər həyata keçirib?

-Problemlə bağlı Komitə tərəfindən paytaxtda və regionlarda mütəmadi olaraq əhali arasında, xüsusilə yeniyetmələr, onların valideynləri ilə  maarifləndirici görüşlər keçirilir. Xüsusilə ümumtəhsil müəssisələrində, peşə liseylərində, kolleclərdə keçirilən görüşlərdə erkən yaşda evliliklərin səbəbləri, fəsadları, ilk növbədə həmin evliliyə can atan şəxslər daha sonra onların yaxın ətrafı və ən əsası cəmiyyət üçün, dövlət üçün böyük təhlükəsi barədə müxtəlif təqdimatlarla çıxışlar edilir. Müzakirələr formasında keçirilən görüşlərdə  iştirakçıların fikirləri, təklifləri dinlənilir, gələcək layihələrdə bu məqamların hər biri nəzərə alınır. Eləcə də Komitə tərəfindən periodik olaraq ictimai xadimlərin, ağsaqqal və ağbirçəklərin, müvafiq qurumların nümayəndələrinin, vətəndaş cəmiyyətinin, media nümayəndələrinin iştirakı ilə dinləmələr keçirilir, mövcud vəziyyət və gələcək planlar müzakirə edilir.

Maarifləndirmənin digər bir istiqaməti vəsaitlərdir. Sosial çarxlar, elektron posterlər, çap vəsaitləri, araşdırma və təhlillər. Mütəmadi olaraq vəsaitlər mediada yayımlanır, müvafiq qurumların dəstəyi ilə əhalinin geniş kütləsinin istifadə etdiyi ictimai nəqliyyat vasitələrində nümayiş etdirilir, müasir zamanda insanların daha çox sosial şəbəkələrdən istifadə etdiyi nəzərə alınaraq bu platformalarda müxtəlif heşteqlərlə bu vəsaitlər paylaşılır. Bu maarifləndirmə işlərində ictimai fəal insanların da rolu olduqca böyükdür. Əlbəttə ki, təkcə maarifləndirmə ilə iş bitmir və problem həll edilmir. Qanunvericiliyə dəyişiklik edilməsi, mövcud cəza tədbirlərinin daha da sərtləşdirilməsi, problemin ağırlığının cəmiyyət üzvlərinə bu yolla düzgün çatdırılması hər zaman prioritet olmuşdur və bu işlər davam etdirilir. Məhz ötən il erkən yaşda evliliklərlə bağlı qanunvericiliyə edilmiş bir sıra dəyişikliklər də bu məsələnin hər zaman dövlətin diqqətində olduğunun göstəricisidir. Komitə tərəfindən mütəmadi olaraq görülən işlər barədə media nümayəndələri də məlumatlandırılır, aktual mövzularla əlaqəli daxil olan sorğular dərhal cavablandırılır. Təkcə 2024-cü il ərzində daxil olun 198 media sorğusundan 41-i erkən nikah və təhsildən yayınma ilə bağlı olmuşdur ki, bu sorğular dərhal geniş bir formada cavablandırılmışdır.

-Erkən nikahların əsas yaranma səbəbləri nələrdir və bu səbəbləri aradan qaldırmaq üçün hansı sosial proqramlar mövcuddur?

-Erkən yaşda evliliklər kökü çox uzun illər öncəyə söykənən evliliklərdir. Hər zaman qeyd olunur ki, bu evliliklər daha çox tarixi ənənələr və mentalitetdən irəli gəlir. Bəzən isə fərqli səbəblər də göstərilir. Xüsusilə qız uşaqlarının maddi yük kimi qəbul edilməsi, qız ərə gedərsə daha yaxşı yaşayacaq düşüncəsi, qız uşaqlarının sosiallaşmasının, sərbəstləşməsinin, peşəyə yiyələnməsinin qarşısının alınması və çox cahilcəsinə bir düşüncə ilə erkən yaşda, uşaq yaşında qızların namusunun ərə verilərək qorunması, kiçik qəsəbə, kənd tipli yerlərdə ailəyə ilk elçi düşən şəxsə ümid yeri kimi baxılması və s. Qohum nikahlarına qoyulan qadağadan öncə isə əsas səbəblərdən biri həm də erkən yaşda qohum nikahları vasitəsilə qohum münasibətlərinin qorunub saxlanılması idi. Səbəblərin çoxluğundan, yaxud növündən asılı olmayaraq əsas olan odur ki, bu evliliklər nəticəsində daha çox qızların perspektivləri olmur, seçimləri isə məhdud sayda olur.

-Erkən nikahın hüquqi nəticələri barədə cəmiyyət yetərincə məlumatlıdırmı və bu istiqamətdə maarifləndirmə hansı səviyyədə aparılır?

-Hər hansı bir neqativ proses və ya anlayış haqqında məlumatlı olmaq, eyni zamanda, ona qarşı mübarizə aparmağı şərtləndirmir. Bu baxımdan, anlayışı bilmə ilə qavrama (dərketmə) arasında fərqlər yarana bilər. Bəli, bu gün ölkəmizdə əhali arasında kifayət qədər erkən evliliklərlə bağlı məlumat vardır. Amma bəzən bu kifayət etmir. Əsas olan problemi dərk etmək, fəsadları tam anlayaraq, yarana biləcək məqamları nəzərə alaraq bu yolda addım atmamaqdır. Unutmaq olmaz ki, azyaşlı uşaqları erkən yaşda evliliyə məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümunəsi” kimi dəyərləndirilməlidir. Bu qərarı verən valideynlər, ailə başçıları məsuliyyətə cəlb edilməlidirlər. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Rəsmi nikah könüllü şəkildə bağlanmalıdır və tərəflərin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır. Əks halda bu evlilik rəsmi sayılmayacaqdır. Erkən yaşda evliliklərin baş tutması bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Əvvəllər bu məsələlər ailələrin özəl həyatı kimi dəyərləndirilsə də, zaman keçdikcə erkən yaşda evliliyin gətirdiyi fəsadlar, xüsusilə sosial müdafiədə yaratdığı problemlər bu fenomenin ictimai bir problem kimi müzakirəsini genişləndirmişdir. Erkən yaşda evlilik ictimai problem olmaqla yanaşı, demoqrafik problem kimi də dəyərləndirilməlidir. Ailələrin uzunömürlü və bütöv olması demoqrafik bir hədəf olması ilə yanaşı ailə institutunun iqtisadi inkişaf və rifahda oynadığı rol da çox əhəmiyyətlidir. Eləcə də erkən yaşda evliliyin ən böyük fəsadlarından biri qadınların iqtisadi fəallığının azalmasıdır. Qadınlara qarşı əsas insan hüquq və azadlıqlarının pozulması halı kimi erkən evlilik həm də gender bərabərsizliyi faktorudur. Çünki bu problemin gətirdiyi fəsadlar və problemlər ölkənin ictimai, sosial-iqtisadi inkişafına da mənfi təsir göstərir və problemin həllinin nə qədər aktual olduğunu göstərir.

-Erkən nikahların regionlar üzrə statistik göstəricilərində artım və ya azalma müşahidə olunurmu? Əgər varsa, hansı bölgələrdə bu problem daha aktualdır?

-Bilirsiniz ki, Dövlət Komitəsi tərəfindən hər il “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, Milli Məclisə hesabat təqdim edilir. Bu hesabat daha sonra Dövlət Komitəsinin rəsmi saytında da yayımlanır. Hesabata ötən ilə dair müvafiq qurumlardan daxil olmuş rəqəmlər daxil edilir, müqayisələr verilir. 2025-ci ildə təqdim edilmiş hesabata əsasən qeyd etmək olar ki, 2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olmuşdur. 2023-cü illə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 463 nəfər azalaraq 1742-dən 1279-a düşmüşdür. 2024-cü ildə respublikanın 14 iqtisadi rayonu üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılmış, üzürlü səbəblər müəyyən edildikdən sonra 185 nəfər (2023-cü ildə 249 nəfər) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilmişdir. Sevindirici haldır ki, Ailə Məcəlləsinə edilən və cari ilin 1 iyul tarixindən qüvvəyə minən dəyişiklik nəticəsində artıq heç bir halda nə qızlar nə oğlanlar üçün nikah yaşının azaldılmasına icazə verilməyəcəkdir. Beləliklə, artıq erkən nikah  – yəni 18 yaşına çatmamış şəxsin rəsmi nikaha daxil olması mümkün olmayacaqdır.

-Cəmiyyətin erkən nikahla bağlı mentalitetə əsaslanan yanaşmasının dəyişdirilməsi üçün hansı ideoloji və praktik addımlar vacib hesab olunur?

-Erkən nikahlar nəinki uşaq hüquqlarının pozulması, həm də gələcək nəslin sağlamlığının və təhsil imkanlarının məhdudlaşdırılması anlamına gəlir. Dövlətin bu sahədə atdığı addımlar, hüquqi mexanizmlər və maarifləndirici fəaliyyətlər müəyyən nəticələr versə də, problemin tam aradan qalxması üçün cəmiyyətin bütün təbəqələrinin birgə səylərinə ehtiyac var.

Göründüyü kimi, erkən nikah problemi ilə mübarizə uzunmüddətli, davamlı və ardıcıl yanaşma tələb edir. Dövlət bu istiqamətdə hüquqi bazanı təkmilləşdirir, inzibati nəzarəti gücləndirir və maarifləndirmə işlərini genişləndirir. Lakin problemin kökündə duran əsas amil  cəmiyyətin şüurunda dəyişikliklərin baş verməsidir. Valideyn məsuliyyəti, ailə planlaması, qadınların iqtisadi və təhsil imkanlarının genişləndirilməsi yalnız qanunlarla deyil, sosial düşüncənin transformasiyası ilə mümkündür. Cəmiyyətin bütün təbəqələrinin  müəllimlərin, yerli icmaların, ağsaqqalların, dini icmaların və medianın birgə səyi olmadan erkən nikahla mübarizədə qalib gəlmək mümkün deyil. Erkən nikahla mübarizə gələcəyimizə sahib çıxmaqdır. Bu yolda qanunlar nə qədər güclü olsa da, əgər şüur dəyişmirsə, nəticə müvəqqəti olacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”