23 iyul 2025 16:48
310

Azərbaycan qlobal media səhnəsində

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən və ənənəvi xarakter almış Şuşa Media Forumu, yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan mühüm bir platformaya çevrilmişdir. Prezident İlham Əliyevin III Qlobal Media Forumunda əhatəli və prinsipial çıxışı ölkənin media siyasətindən başlayaraq, beynəlxalq münasibətlərdəki rolu, enerji təhlükəsizliyi, yaşıl gündəlik və geosiyasi proseslərdəki mövqeyinə qədər çoxsaylı aktual məsələlərə işıq saldı.

Forumun Xankəndinin Zəfər meydanında yeni Konqres Mərkəzində keçirilməsi Azərbaycanın suverenlik və bərpa proseslərindəki uğurlarını simvolizə edir. Prezident İlham Əliyevin sözləri ilə desək, bu məkan artıq təkcə konfrans zalı deyil, Azərbaycanın qürur yeridir. Burada azad edilmiş ərazilərdəki yenidənqurma işləri və köçkünlərin qayıdışı ölkənin post-münaqişə dövründəki hədəflərini bir daha ortaya qoydu.

Dövlət başçısı çıxışında Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim dəyişmələri konfransının beynəlxalq rezonansından bəhs edərək, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın rolunu vurğuladı. 77 min iştirakçının qatıldığı tədbirdə əldə edilən razılaşmalar – karbon bazarları üzrə 6-cı maddə və iqlim fondunun 300 milyard dollara qədər artırılması – ölkəmizin qlobal iqlim gündəliyinə verdiyi töhfənin sübutudur.

2030-cu ilə qədər 6 giqavat yaşıl enerji istehsalı hədəfi, Qarabağ və Şərqi Zəngəzurda artıq istifadəyə verilmiş 30 su elektrik stansiyası bu strategiyanın real təzahürləridir. Artıq hər kəsə məlumdur ki, Azərbaycan öz enerji siyasətində praqmatik yanaşma ilə həm ekoloji məsuliyyəti, həm də iqtisadi tarazlığı qorumağa çalışır.

Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizi layihəsinə xüsusi önəm verdi. Bu layihə təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə kifayətlənməyəcək, həm də regionda yeni bir tranzit arteriyasına çevriləcək. Azərbaycanın nəqliyyat-logistika infrastrukturu üzərində qurduğu strateji planlar və qonşu ölkələrlə qurduğu əlaqələr, ölkənin Cənubi Qafqazda və daha geniş coğrafiyada qovşaq rolunu gücləndirir.

Azərbaycanın Çinə, Mərkəzi Asiya ölkələrinə və Avropa İttifaqına yönəlik siyasəti ölkəmizin balanslı, çoxtərəfli və milli maraqlara əsaslanan xarici siyasət kursunu göstərir. Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, Avropa ilə enerji sahəsində genişlənən əməkdaşlıq və Tramp Administrasiyası ilə gözlənilən yaxınlaşma bu siyasətin nəticələridir.

Prezident İlham Əliyev çıxışında Qərb mediasının Azərbaycana qarşı mənfi təsirindən bəhs edərək bildirdi ki, ölkəmiz haqqında saxta və qərəzli informasiya kampaniyaları uzun illərdir davam edir. Bu səbəbdən Azərbaycanın informasiya müstəvisində mübarizəsi – obyektivliyin və həqiqətin müdafiəsi – strateji məsələyə çevrilib. “Ən yaxşı yol bizi tərifləmək deyil, bura gəlmək və insanlarla danışmaqdır”, – deyə o bildirdi.

Prezident İlham Əliyevin çıxışının ən emosional və fəlsəfi hissəsi Qarabağ Zəfərinə həsr olundu. O, atasının vəsiyyətinin yerinə yetirilməsi və bir milyonadək məcburi köçkünün haqqının bərpasını tarixi və mənəvi borc kimi dəyərləndirdi. “Heç vaxt təslim olmamaq” prinsipini əsas götürən dövlət başçısı, Azərbaycanın öz haqqını döyüş meydanında və diplomatik masada necə qazandığını aydın şəkildə ifadə etdi.

Bu Forum və Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan artıq yalnız regional yox, həm də qlobal proseslərdə söz sahibi olan bir dövlətdir. Qarabağdan dünyaya səslənən bu mesajlar təkcə informasiya mübadiləsi deyil, həm də milli maraqların və beynəlxalq ədalətin müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri