30 iyul 2025 09:00
378

Enerjidən ideyaya: Azərbaycanlı gəncin qlobal uğur xəritəsi - FOTO

Oruc Bayramov: Neft-qaz mühəndisliyi mənə iqlim diplomatiyasını daha obyektiv dərk etməyə imkan  verir

Dövlətin ardıcıl və strateji gənclər siyasəti nəticəsində yetişən yeni nəsil artıq ölkəmizin hüdudlarını aşaraq qlobal miqyasda da söz sahibi olmağı bacarır. Onlar elm, texnologiya, mühəndislik və diplomatiya sahələrində bilik və bacarıqları ilə həm cəmiyyətə örnək olur, həm də Azərbaycanın beynəlxalq imicinə mühüm töhfələr verirlər. Budəfəki  müsahibimiz 2024-cü ilin yekunlarına əsasən, “İlin gənci” fəxri adına layiq görülmüş, Azərbaycan-Fransız Universitetinin məzunu, iqlim diplomatiyasının ön cəbhəsində yer alan, neft-qaz mühəndisliyi və rəqəmsal texnologiyalar sahəsində çalışan Oruc Bayramovdur.

-Oruc bəy, tələbə həyatınızdan etibarən intellektual yarışmalardan beynəlxalq konfranslara qədər geniş fəaliyyət göstərmisiniz. Bu yolda sizi motivasiya edən əsas amil nə olub?

-Ən böyük motivasiya mənbəyim sistemli şəkildə fərqli platformalarda iştirak etməyimdir. Mən fəaliyyətlərimi heç vaxt təkcə uğur qazanmaq üçün etməmişəm. Əsl məqsədim hər yeni platformanı fərqli bacarıqları inkişaf etdirmək və daha böyük perspektivi başa düşmək üçün bir alətə çevirmək olub. Əlavə olaraq, fəaliyyətlərim yalnız şəxsi inkişaf məqsədi daşımayıb. Hər zaman düşünmüşəm ki, əgər mən bu bilikləri, əlaqələri və perspektivləri qazanmışamsa, bunları ölkəmə ötürmək məsuliyyətini də daşıyıram. Motivasiya mənim üçün heç vaxt təkcə daxili istəyin nəticəsi olmayıb. Eyni zamanda, bu, ailəmin, ətrafımdakı insanların və ölkəmin mənə olan etimadına cavab vermək ehtiyacı ilə də formalaşıb. Uğur sadəcə şəxsi hədəf deyil, həm də etimadı doğrultmaq məsuliyyətidir. Mən bu məsuliyyəti daşımağa davam edirəm.

-Siz həm neft-qaz mühəndisisiniz, həm də iqlim diplomatiyasında fəal iştirak edirsiniz. Bu iki sahəni necə uzlaşdırırsınız və onların bir-birini tamamlayan tərəfləri nələrdir?

-Nə qədər qəribə səslənsə də neft və qaz, iqlim və iqlim diplomatiyası bir-biri ilə ayrılmaz şəkildə bağlı və bir çox baxımdan oxşar sahələrdir. Bugünkü iqlim problemləri böyük ölçüdə insan fəaliyyətindən, xüsusilə sənaye inqilabından başlayaraq yaranır. İqlim danışıqlarında effektiv iştirak etmək üçün təkcə ekoloji şüura malik olmaq kifayət etmir, energetikanı, xüsusən də qalıq yanacaq sektorunu da yaxşı bilmək lazımdır. Mənim neft - qaz mühəndisi olmağım iqlim məsələrinə daha aydın və peşəkar formada yanaşmağıma imkan verir. İqlim diplomatiyasında iştirak balanslı, məsələnin hər iki tərəfini bilməyə əsaslanan yanaşma tələb edir. İqlim diplomatiyası sahəsində işləmək imkanı mənə neft-qaz sektoruna yeni bucaqdan baxmaq və bu iki sahənin necə qarşılıqlı şəkildə əlaqələndiyini daha dərindən anlamaq üçün unikal şans verdi. Bu isə məni həm  rəqabətə daha dayanıqlı, həm də şüurlu bir mütəxəssis etdi.

-Sizə COP28 və “Gələcəyin Sammiti” kimi beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyini ifadə etmək şərəfi nəsib olub. Bu təcrübələr sizə  nələr qazandırdı?

-Qlobal platformalarda Azərbaycanı təmsil etmək mənim üçün böyük şərəf idi. Dubayda keçirilən COP28 mənim bu miqyasda qatıldığım ilk beynəlxalq tədbir oldu. Bu tədbir mənə iqlim diplomatiyası sahəsində unikal praktiki təcrübə qazandırdı. Ölkələr arasında danışıqların necə aparıldığını, yaxud kompromislərin necə əldə edildiyini və qlobal razılaşmalar üçün hansı yanaşmaların tətbiq olunduğunu gördüm. Xüsusilə, Azərbaycan nümayəndə heyətinin öz mövqeyini necə müdafiə etdiyini, eyni zamanda, beynəlxalq arenada fəal rol oynadığını müşahidə etmək mənim üçün çox dəyərli idi. COP28 tədbirinin bizim üçün xüsusi əhəmiyyəti həm də ondan ibarət idi ki, Azərbaycan növbəti sammitin - COP29-un rəsmi ev sahibi oldu. Beləliklə, COP28 qarşımızda yeni diplomatik və təşkilati perspektivlər açdı. Nyu-Yorkda keçirilən “Gələcəyin Sammiti” isə mənim inkişafımın növbəti mərhələsi idi. Orada mən artıq özümü daha inamlı və hazırlıqlı hiss edirdim. Artıq sadəcə öz ölkəmi təmsil etmirdim, həm də bütün dünya gənclərinin adından çıxışlar edirdim. Sammitdə BMT və digər beynəlxalq təşkilatların nümayəndələri ilə tanış oldum və həmin əlaqələri bu günə qədər saxlayırıq. Bu təcrübə mənə gənc nəslin qarşılaşdığı qlobal çağırışları daha yaxşı anlamağa kömək etdi və həmin problemlərin həllində bizim necə iştirak edə biləcəyimizlə bağlı təsəvvürümü genişləndirdi. Tədbirlərdən öyrəndiyim ən mühüm dərslər diplomatiya, strateji düşüncə və beynəlxalq əməkdaşlığın vacibliyidir.

-Mühəndis kimi fəaliyyət göstərdiyiniz DRL  (Digital Research Lab) şirkətində konkret hansı texnoloji və innovativ proseslər üzərində çalışırsınız? Bu təcrübənin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

-Rəqəmsal mühəndis kimi çalışdığım DRL şirkətində əsasən Azərbaycanın neft-qaz sektoruna yönəlmiş texnoloji həllər üzərində işləyirik. Fəaliyyətimiz süni intellekt, proseslərin avtomatlaşdırılması və innovativ yanaşmalar vasitəsilə istehsalın sürətini və dəqiqliyini artırmağa yönəlib. Komandamız əsasən gənc yerli mütəxəssislərdən ibarətdir və biz real layihələr üzərində çalışaraq praktiki təcrübə və peşəkar bacarıqlar qazanırıq. Bu, ölkədə ixtisaslı mühəndis potensialının formalaşmasına ciddi töhfə verir. Bununla yanaşı, layihələrimiz neft-qaz əməliyyatlarının səmərəliliyini artırır, hasilatı optimallaşdırır və tərəfdaş şirkətlərin öhdəliklərini vaxtında yerinə yetirməsinə imkan yaradır. DRL-in yerli bazarda fəaliyyət göstərməsi isə Azərbaycanın texnoloji müstəqilliyinə və beynəlxalq rəqabətə davamlılığına töhfə verir.

-Yaşıl enerji və neft-qaz sənayesi üzrə layihələr üzərində çalışdığınızı qeyd etdiniz. Bu sahələr arasında balans necə qurulmalıdır və Azərbaycanın enerji keçidi üçün nə kimi tövsiyələriniz var?

-Yaşıl enerji və neft-qaz bir-birinə zidd deyil, vahid enerji sisteminin tamamlayıcı sahələridir. Bərpaolunan enerjiyə keçid, neft-qaz sənayesinin ətraf mühitə təsirinin azaldılması zərurətindən doğur. Azərbaycan da bu istiqamətdə ciddi addımlar atır və Prezident İlham Əliyevin təşəbbüsü ilə “Masdar”(BƏƏ), “ACWA Power”(Səudiyyə Ərəbistanı) kimi şirkətlərlə bərpaolunan enerji layihələri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda yaşıllıq zonalarının yaradılması,  “Şəfəq” günəş stansiyasının tikintisi və Xəzər regionunda külək enerjisinin geniş şəkildə inkişaf etdirilməsi bu siyasətin nümunələridir. Neft-qaz ehtiyatlarının tükənməsi və hasilatın mürəkkəbləşməsi fonunda qaz daha təmiz alternativ kimi önə çıxır. Azərbaycan üçün optimal yol daxili istehlakda yaşıl enerjiyə üstünlük verib, neft və qazın ixracını artırmaqdır. Bu, həm emissiyaların azaldılmasına, həm də iqtisadi güclənməyə səbəb olar. Ölkəmiz Qara dəniz  sualtı kabeli layihəsi  ilə Avropaya yaşıl enerji ixrac etməyi, mövcud kəmərlərlə region ölkələrinin resurslarını çatdırmağı və Zəngəzur dəhlizi ilə logistikanı gücləndirməyi planlaşdırır. Beləliklə, yaşıl və ənənəvi enerji birlikdə inkişaf edərək Azərbaycanın regional enerji mərkəzi kimi mövqeyini möhkəmləndirə bilər.

-Gənclərə ali təhsildən maksimum faydalanmaq üçün nə tövsiyə edərdiniz?

-Ali təhsil, şübhəsiz ki, insan həyatındakı ən mühüm anlardan biridir. Fikrimcə, universitet sadəcə bilik əldə etdiyin yer deyil, həm də yetkin həyata başladığın və öz qərarlarına görə məsuliyyəti ilk dəfə tam şəkildə öz üzərinə götürdüyün məqamdır. Mənim üçün universitet həmişə sadəcə təhsildən artıq məna daşıyıb. Universitet insanın öz həyatını idarə etmək, müstəqilliyi öyrənmək və əsl məsuliyyəti dərk etmək üçün bir imkandır. Gənclərə tövsiyəm odur ki,universitetə ciddi yanaşıb,yaxşı oxusunlar, eyni zamanda, sadəcə təhsillə məhdudlaşmasınlar. Ola bilər ki, 10–20 il əvvəl diplom əmək bazarında həlledici rol oynayırdı. Amma bugünkü yüksək rəqabət mühiti daha çoxunu tələb edir. Süni intellektlə işləmək bacarığı və dayanıqlı inkişaf kimi qlobal miqyasda aktual olan bacarıqları inkişaf etdirmək vacibdir. Həmçinin güclü şəxsi və peşəkar əlaqələr qurmaq, möhkəm şəbəkə formalaşdırmaq lazımdır. Gənclərə öz ixtisaslarının çərçivəsindən kənara çıxmaqdan çəkinməməyi tövsiyə edərdim. Yeni sahələrdə özünüzü sınayın, fərqli layihələrdə, tədbirlərdə, təcrübə proqramlarında iştirak edin. Sonradan verdiyiniz qərarlara görə peşman olmamaq üçün özünüzə araşdırmaq, axtarmaq və dəyişmək imkanı yaradın. Universitet bir fürsətdir, əsas odur ki, ondan istifadə etməkdən çəkinməyəsiniz.

-“İlin gənci” adına layiq görülmək sizin üçün nələri ifadə edir? Bu fəxri ad gələcək fəaliyyətinizə necə istiqamət verəcək?

-Şübhəsiz ki, "İlin gənci" adına layiq görülməyim həyatımda və peşəkar karyeramda ən xoşbəxt və önəmli məqamlardan biri oldu. Bu, mənim üçün tamamilə gözlənilməz və çox böyük sevinc verən bir an idi. Yalnız gənclərin fəaliyyətini izləməklə kifayətlənməyib, eyni zamanda, ölkəmizin inkişafına töhfə verməyə çalışanların səylərini də yüksək qiymətləndirdiyi üçün dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkür etmək istəyirəm. Bu fəxri ada layiq görülməyim həm də onu göstərir ki, görülən işlər, sədaqət və zəhmət nəzərdən qaçmır, dəyərləndirilir. Gələcək haqqında danışarkən isə deyə bilərəm ki, bu ad mənim üçün böyük motivasiyadır ki,  inkişaf  edim, öz üzərimdə çalışım,  cəmiyyətə fayda verim və ölkəmin fəal, şüurlu vətəndaşı olaraq qalmağa ruhlanım. Mən bu mükafatı yekun nəticə deyil, yeni mərhələ və Azərbaycanın gələcəyi naminə daha böyük əzmlə fəaliyyət göstərmək üçün üzərimə götürülmüş məsuliyyət kimi qəbul edirəm.

-Sizcə, Azərbaycanın iqlim siyasəti çərçivəsində gənclərin rolu necə gücləndirilə bilər?

-Nyu-Yorkda çıxışım zamanı Azərbaycanın iqlim sahəsində atdığı addımlardan və gənclərin danışıqlarda iştirakının vacibliyindən danışmışam. İqlim dəyişikliklərindən ən çox təsirlənəcək tərəf gənclərdir, buna görə onların bu proseslərdə səsi eşidilməlidir. Əgər inklüziv və ədalətli dialoq istəyiriksə, gənclərin iştirakı zəruridir. Bu rolu gücləndirmək üçün üç əsas addım vacibdir: birincisi, təşəbbüs gənclərin özlərindən gəlməlidir – fəal iştirak, hazırlıq və tələbkarlıq göstərməlidirlər; ikincisi, maarifləndirmə artırılmalı, iqlim problemləri və iştirak imkanları barədə aydın təsəvvür formalaşdırılmalıdır; üçüncüsü isə dövlət və təşkilatlar tərəfindən dəstək mexanizmləri qurulmalı – proqramlar, təqaüdlər, beynəlxalq tədbirlərdə iştirak imkanları yaradılmalıdır. Azərbaycan artıq bu istiqamətdə addımlar atır və COP29 bu rolu daha da gücləndirmək üçün fürsət yaradır.

-Qarşıdakı illərdə sizi hansı istiqamətlərdə görəcəyik? Gələcək planlarınızda elm, texnologiya və ictimai fəaliyyət hansı yerdə dayanır?

-Yaxın illərdə enerji sahəsində magistr təhsili almağı planlaşdırıram. Marağım yalnız texniki tərəflə məhdudlaşmır – enerji sisteminin mühəndislik, strateji idarəetmə, iqlim siyasəti, risklərin qiymətləndirilməsi və dayanıqlı inkişaf kimi əsas sahələrini dərindən öyrənmək istəyirəm. Texnoloji istiqamətdə isə süni intellekt, proseslərin avtomatlaşdırılması və verilənlərin təhlili üzrə biliklərimi artırmağı, xüsusilə neft-qaz sektorunun rəqəmsallaşdırılması sahəsində fəaliyyətimi genişləndirməyi qarşıma məqsəd qoymuşam.İctimai fəaliyyət də mənim üçün önəmlidir. Beynəlxalq forumlarda iştirak edir, sosial mediada fikir və təcrübələrimi bölüşürəm. Bu, həm şəxsi məsuliyyətim, həm də ölkəmizi layiqincə təmsil etmək üçün bir fürsətdir. Gələcəkdə alternativ və yaşıl enerji ilə neft-qaz sektoru arasında balansın qurulmasına töhfə verməyi planlaşdırıram.Qarşıdakı dövr çevik düşüncə və geniş baxış tələb edir. Mən də təhsil, praktiki təcrübə, texnoloji bilik və ictimai iştirak vəhdətində inkişaf edərək çoxşaxəli və rəqabətədavamlı bir mütəxəssisə çevrilmək istəyirəm.

-Müsahibə üçün təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Yaqut Ağaşahqızı, “İki sahil”