01 avqust 2025 08:10
164

Azərbaycan: Gələcəyə aydın baxışları olan ölkə

Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması əsas çağırışlardandır

Dövlət başçısı İlham Əliyev 2003-cü ildə bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi  özündə mühüm məqamları ehtiva edir. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi digər neftlə zəngin ölkələrdən fərqli olaraq heç bir problemi yaşamamasını təmin edir. Belə ki, neftlə zəngin çox ölkələr var. Lakin bu resurslar onlara heç də uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycan uğurlu inkişaf strategiyasını həyata keçirməklə bu problemdən tamamilə uzaq oldu. Ölkəmizdə neft gəlirlərinin düzgün istiqamətləndirilməsi, insanlar arasında bərabər bölgünün aparılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn mühüm addımların atılması ilə müşayiət olunur.

Prezident İlham Əliyev sosial-iqtisadi siyasətin mərkəzində vətəndaş amilinin dayandığını öncə çəkərək  iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması üçün biri-birindən mühüm addımlar atır. Bu il sayca beşinci sosial paketin icrası da bunun bariz nümunəsidir. Vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali tərəfindən rəğbətlə qarşılanır. «ASAN xidmət», DOST mərkəzlərinin yaradılmasında da məqsəd məhz vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsidir. Sosial infrastrtukturun təkmilləşdirilməsi və yenilənməsi istiqamətində mühüm addımlar atılır. O da məlumdur ki, artıq icrası uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramında da  əsas hədəflərdən biri  sosial layihələrin həyata keçirilməsi idi. Paytaxtla bölgələr arasında fərqin müəyyən mənada aradan götürülməsində bu sənədlərin uğurlu icrası əhəmiyyətli rol oynadı. Tarixi Zəfərimizin realllıqları daha bir mühüm sənədin- «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in qəbulunu bir zərurətə çevirdi. Bu sənəd isə daha 5 mühüm hədəfi özündə ehtiva edərək   qalib Azərbaycanın gələcəyinin aydın təsəvvürün yaradır. 

Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir.  Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə III  Şuşa Qlobal Media Forumundakı çıxışında da diqqəti bu mühüm məqama yönəldərək bildirdi ki, bizim aparıcı beynəlxalq şirkətlərlə yaxşı təmaslarımız var və onların əksəriyyəti ilə sərmayədar kimi işləyirik: “Vəsaitlərimizi iri beynəlxalq qruplar vasitəsilə sərmayə kimi yatırırıq. Eyni zamanda, enerji sektoruna xarici sərmayələrin cəlb edilməsində yaxşı təcrübəmiz var. Son 20 ildə Azərbaycana yatırılmış yalnız xarici sərmayələrin məbləği 200 milyard ABŞ dollarına bərabər olub. Dediyim kimi, Azərbaycan sabit, özünü təmin edən və gələcəyə aydın baxışları olan ölkədir.”

   Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən üstün məqamlardan biri onun hər zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir.

    Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizdə sənayenin yeni modellərin tətbiqi ilə inkişafı dayanıqlı iqtisadi artım üçün böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə yeni istehsal müəssisələri və iş yerləri yaradılır, sənayenin yeni üsul və texnologiyalarla inkişafına, əhalinin məşğulluq səviyyəsinin və rifahının yüksəldilməsinə əhəmiyyətli töhfələr verilir. Prezident İlham Əliyevin  təşəbbüsü ilə yaradılmış sənaye zonaları yeni dövrdə sənayenin inkişafında mühüm rol oynayır. Sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri, eləcə də aqroparklar kimi səmərəli mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır. Hazırda azad edilmiş ərazilərimizin bərpasının və yenidən qurulmasının prioritetliyini nəzərə alsaq bu torpaqlarda daha çox sosial obyektlərin tikintisinə  diqqət göstərildiyini qeyd edə bilərik. Bu ərazilərə qayıdan soydaşlarımızın  məşğulluğunun təmin edilməsi ilk gündən qarşıya qoyulan əsas hədəflər sırasındadır. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Qarabağa səfəri çərçivəsində “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak etdi. Dövlətimizin başçısının 28 may 2021-ci il tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

   Ölkədə 9 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Pirallahı, Hacıqabul, Mingəçevir, Naxçıvan, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, 4 sənaye məhəlləsi - Neftçala, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri, həmçinin qeydiyyata alınmış 24 aqropark mövcuddur.

     O da məlumdur ki, dövlət başçısı İlham Əliyev bu ilin aprelində   Sumqayıt Kimya Sənaye Parkında oldu, «Kartaş Kimya» MMC-nin tikinti kimyəvilərinin və «Az-Tex-İmport» MMC-nin «IVECO» markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak etdi. Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Ərazisi 613 hektar olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir. İki zavodun istifadəyə verilməsi ilə burada fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.

  Sənaye parklarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki sənaye parklarında əlavə - kommunal xidmətlər üzrə, məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin müəyyən edilmiş bir sıra iqtisadi fəaliyyət sahələri üzrə xammal və materialların idxalının əlavə dəyər vergisi və gömrük rüsumundan azad olunması ilə bağlı güzəştlər tətbiq edilir.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan öz mövqeyini dövrün tələblərinə uyğun islahatları, iqtisadiyyatın şaxələndirilməsi siyasətini  uğurla həyata keçirməsi  ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. Özünüməşğulluq proqramının icrası, məşğulluğun təminatı,  əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələ kimi öndədir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir.

Əvvəldə də qeyd etdiyimiz kimi, cənab İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri özündə əks etdirməsini diqqətdə saxlayır. Yeni iqtisadi və sosial çağırışların müzakirə edildiyi məkan, innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Bu ərazilərdə yeni idarəetmə sistemi yeni uğurların açarı olaraq qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas verir. Günümüzün əsas çağırışları sırasında bu məqamlar xüsusi qeyd edilir ki, yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır.

  İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bu məqsədə yönəldilir ki, sosial-iqtisadi sahədə davamlı inkişaf təmin edilsin.  gerçəkləşdirilsin. Bunun üçün qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahələrin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir.

Yeganə Əliyeva, «İki sahil»