31 iyul 2025 23:48
163

BP: BTC ilə ixrac üzvi xloridlər aşkarlandıqdan sonra fasiləsiz davam edir

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac əməliyyatları və Azərbaycan xam neftinin Ceyhan terminalına yüklənməsi bəzi xam neft partiyalarında üzvi xloridlərin izləri aşkar edildikdən sonra hazırda davam etdirilir.

“İki sahil” xəbər verir ki, “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı “AnewZ” telekanalına bildirib.

O, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə dünya bazarlarına göndərilən xam neft partiyalarının bəzilərində üzvi xloridlərin izlərinin tapıldığını təsdiqləyib. Onun sözlərinə görə, “BTC Co” kəmər boyu bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsini həyata keçirib.

"Qiymətləndirmənin nəticələri Ceyhan terminalında bəzi çənlərdə üzvi xloridlərin olduğunu təsdiqləyir. Bu çənlərin təcrid olunması üçün müvafiq tədbirlər görülüb, eyni zamanda normal göstəricilərə cavab verən çənlərdən yüklənmə davam etdirilib. BTC Co. şirkəti də problemin tam həlli üçün lazımi tədbirləri davam etdirib", - Tamam Bayatlı bildirib.

"BP-Azərbaycan" şirkətinin nümayəndəsi bildirib ki, hazırda BTC üzrə ixrac əməliyyatları və Azərbaycan neftinin Ceyhan terminalına yüklənməsi davam edir.

"Şirkət hazırda SOCAR ilə sıx əməkdaşlıq edərək problemin tam həlli üçün tədbirlər görür, eyni zamanda hər yükləmədən əvvəl nümunə götürmə davam edir. “BTC Co”nun qiymətləndirməsinə görə, Azəri-Çıraq-Günəşli (AÇG) yatağından neft və Şahdəniz yatağından Səngəçal terminalına daxil olan kondensat, eləcə də Səngəçal terminalındakı çənlərdəki neft normal spesifikasiyalara uyğundur”, - Tamam Bayatlı fikirlərini yekunlaşdırıb.

Mütəxəssislər, “AnewZ”nin qeyd etdiyi kimi, şirkət tərəfindən vaxtında görülən tədbirlər sayəsində ixrac prosesində heç bir fasilə və ya gecikmə olmadığını qeyd edir.