İsrailin Xarici İşlər Nazirliyi (XİN) diplomatların əksəriyyətini və onların ailələrini Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik nümayəndəliklərdən təxliyə etmək qərarına gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Portalın məlumatına görə, XİN bu qərarı yəhudi dövlətinin Milli Təhlükəsizlik Şurasının (MTŞ) iyulun 31-də BƏƏ-də İsrail və yəhudi hədəflərinə qarşı terror aktları törətmək ehtimalı ilə bağlı xəbərdarlığından sonra verib.
Portal qeyd edib ki, tədbir həm İsrailin Əbu-Dabidəki səfirliyinə, həm də ölkənin Dubaydakı Baş Konsulluğuna aiddir.
Çərşənbə günü səhər saatlarında MTŞ israillilər üçün BƏƏ-yə səyahətlə bağlı cari xəbərdarlığa aydınlıq gətirərək, bu ölkədə "İsrail və yəhudi hədəflərinə qarşı terror hücumları ehtimalını" ifadə edib. İsrail Milli Təhlükəsizlik Şurası əvvəllər yəhudi dövlətinin vətəndaşlarına BƏƏ-yə qeyri-vacib səfərlərdən çəkinməyi və ölkəyə “səyahət etməyin məqsədəuyğunluğunu diqqətlə ölçməyi” tövsiyə edib.