01 avqust 2025 18:35
163

Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir

Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Xalqımız kimi ana dilimiz də tarixin müxtəlif mərhələlərində müəyyən sınaqlarla üzləşmiş, lakin zamanın sınaqlarından qalib çıxmağı bacarmışdır. Azərbaycan dili zəngin imkanlara malikdir, çünki mənsub olduğu xalq zəngin mədəniyyətə, zəngin tarixə sahibdir. 

Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi nüfuzunun yüksəlməsi dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirmişdir. Belə ki, Ulu öndər Heydər Əliyev 1978-ci ildə tarixi bir uğura imza atdı. 1978-ci ildə SSRİ-nin son Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə, bütün qadağa və təhlükələrə baxmayaraq, həmin illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi. Həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin tarixinin öyrənilməsi, tədqiqatı və  inkişaf etdirilməsi geniş vüsət almışdır. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz təsdiqini tapdı. Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili” günü kimi qeyd edilir.

Ulu Öndər bildirirdi ki, bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Dilini itirən xalq məhvə məhkumdur.  Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. Azərbaycan dili dünyada yaşayan 50 milyonluq böyük tarixə malik bir xalqın dilidir. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Müasir Azərbaycan Respublikasının dövlət dilinin inkişafı bütün dünya azərbaycanlıları tərəfindən diqqətlə və məhəbbətlə izlənir. Azərbaycan dövlət dili mühüm ictimai, sosial və siyasi məfhum kimi tərəqqi edərək dövlətçiliyimizə xidmət edir. Eyni zamanda dövlətimiz və dövlətçiliyimiz də dilimizin inkişafı naminə bütün vacib tədbirləri görməkdə, lazımi addımları atmaqdadır.

Əminliklə demək olar ki, bu gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir. Hər bir azərbaycanlı da, öz növbəsində, vətəndaş borcunu yerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilinə qayğı göstərməli, onun saflığının qorunması və inkişafı üçün əlindən gələni etməlidir. Azərbaycan dilinə sevgi, ona olan hörmət və qayğı gələcək nəsillərin də bu dilin işığında böyüməsinə zəmin yaradacaqdır. Yalnız bu yolla dilimizi qoruya və nəsildən-nəslə ötürə bilərik.

Samir Ağayev,
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı