01 avqust 2025 13:45
161

Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atılır

Heç kəsə sirr deyil ki, qloballaşan dünyamızda hər bir xalqın, hər bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.”

Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Bu gün böyük fəxarətlə deyə bilərik ki, qəhrəman xalqımız zamanın ən çətin sınaqlarından çox böyük məharətlə keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışdır. Dərin köklərə malik öz tariximiz, mədəniyyətimiz və dilimiz var.

Bütün sahələrdə olduğu kimi, Ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ümummilli Liderin təklifi ilə məhz 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” O zamanki  reallıqla belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər mühüm bir hadisə idi.

Yaradılmış süni məhdudiyyətlərə baxmayaraq Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1970-ci illərin əvvəllərindən dil sahəsində başladığı islahatları uğurla davam etdirərək, Ana dili ilə bağlı dövlət siyasətinin təməlini qoydu. Məhz, Ümummilli Liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətinin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Sonralar da Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi istiqamətində, həmçinin dilimizin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalanmışdır. Belə ki, Azərbaycan Prezidentinin 09 avqust 2001-ci il tarixli Fərmanına əsasən hər il  avqustun 1-i Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi qeyd olunur.

Ana dilimizin inkişafı və qorunması işi qanunvericilik səviyyəsində də davam etdirildi. Belə ki, 30 sentyabr 2002-ci il tarixində Azərbaycan Parlamenti “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunu qəbul etdi.

Bu gün Ümummilli Liderin layiqli davamçısı olaraq Prezident İlham Əliyev Ana dilinin inkişafı və qorunmasına yönəlik dövlət strategiyasını uğurla davam etdirərək, dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın səyləri nəticəsində Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atılmışdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dili bu gün artıq dünyada 50 milyondan çox insan üçün ana dilidir. Bu proses günbəgün qloballaşır, davamlı olaraq inkişaf edir. Ölkə başçısının rəhbərliyi ilə Vətənimizdə həyata keçirilən böyük tədbirlər vasitəsilə bu günə qədər dünya xalqlarını təmsil edən milyonlarla insanın ana dilimiz haqqında təəssüratları formalaşmaqdadır.

Xüsusi sevindirici haldır ki, cari ildə müdrik xalqımız bu günü ölkəmizdə elan olunmuş “Konstitusiya və Suverenlik İli” çərçivəsində böyük qürur və fəxarət hissi ilə qeyd edir. Bu gün hər bir Azərbaycan övladı Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində müdrik xalqımıza miras qalan, Konstitusiyamızın ayrılmaz hissəsi olan, suverenliyimiz, birliyə çağırış, azərbaycanlıların vəhdətini təmin edən ən qiymətli milli sərvəti – Azərbaycan dilini bundan sonra da göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.

Ulu Öndər gənc nəslin Ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəmnində mənimsəməsini tövsiyə edərkən vurğuladığı kimi, “Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Tarixini bilməyən isə heç vaxt vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyatı olmayacaq”.

Məzahir Əfəndiyev,

Milli Məclisin deputatı