01 avqust 2025 13:51
127

Orban: Aİ ABŞ ilə əlverişsiz və qeyri-qanuni razılaşma əldə edib

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı ABŞ ilə nəinki əlverişsiz, həm də qeyri-qanuni müqavilə bağlayıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə "Kossuth" radiosuna açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ prezidenti Donald Tramp arasında sazişlər təkcə idxal rüsumlarını deyil, həm də Ukraynaya silah tədarükü, ABŞ-dan 750 milyard dollar dəyərində enerji resurslarının alınması, Vaşinqton iqtisadiyyatına 600 milyard dollar investisiya yatırılmasını əhatə edir

"Əgər mən düzgün başa düşsəm, ukraynalılara Amerika silahları veriləcək, bunun əvəzini avropalılar ödəyəcəklər. Bu barədə məndən heç kim soruşmayıb və bu məsələdə Avropanın heç bir qərarı yoxdur", - deyə, Orban bildirib.

Baş nazir hesab edir ki, söhbət təkcə Aİ üçün əlverişsiz olan razılaşmadan getmir - Avropa Komissiyası ABŞ qarşısında Aİ ölkələrinin yerinə yetirə bilməyəcəyi öhdəliklər götürüb.