Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib.
Mərasimdə Azərbaycan, Türkiyə, Suriya və Qətərin hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına cari il aprelin 11-də Antalyada və iyulun 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən görüşlərdə əldə edilmiş razılaşmalar əsasında, qısa müddət ərzində start verilib. Nazir qeyd edib ki, bu layihə Suriyanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Mikayıl Cabbarovun sözlərinə görə, Azərbaycan və Türkiyə kimi iki qardaş ölkə arasında bütün sahələri, o cümlədən enerji sektorunu əhatə edən strateji tərəfdaşlıq məhz bu tarixi əhəmiyyətə malik layihənin də sürətli şəkildə reallaşdırılmasına şərait yaradıb. O əlavə edib ki, hər iki ölkə Suriyanın yenidən qurulması və inkişafına dəstək göstərmək istiqamətində birgə fəaliyyət göstərir və bu sahədə əhəmiyyətli addımlar atılır.
M.Cabbarovun sözlərinə görə, Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkəmizin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur. Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayının 14-ə çatdığını söyləyən nazir bildirib ki, SOCAR-ın planları daha böyükdür və hazırda SOCAR xaricdə qaz hasilatı layihələrində paylar əldə edərək şirkətə məxsus qazı yeni istehlakçı ölkələrə çatdırmağı planlaşdırır.
SOCAR-ın Müşahidə Şurasının sədri Azərbaycanın həyata keçirdiyi strateji enerji layihələrindən bəhs edərək, bu təşəbbüslərin ölkəmizin regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rola malik olduğunu bildirib. Nazir qeyd edib ki, Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirir. Bu layihə ölkəmizin qaz ixracı coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə mühüm töhfələr verəcək.
Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan və Türkiyə dövlətlərinə təşəkkürünü bildirib.
SOCAR ilə birlikdə Azərbaycan qazının Türkiyə-Suriya sərhədində təhvil verilməsini nəzərdə tutan SVOP (mübadilə) razılaşmasının imzalandığını bildirən Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar kədərli və sevincli günlərdə daim Türkiyənin yanında olan Azərbaycanın bu layihədə də dəstəyini əsirgəmədiyini qeyd edib. Azərbaycanın təbii qazının Kilis vasitəsilə Suriyaya ixrac olunacağını söyləyən nazir “Yavuzlu Ölçmə” Stansiyasından gündəlik 6 milyon kubmetr təbii qazın nəql olunacağını bildirib.
A.Bayraktar Suriyaya qaz ixracı nəticəsində oradakı elektrik stansiyalarının da yaxın zamanda fəaliyyətə başlayacağını deyib. İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Bu təbii qaz vasitəsilə təqribən 1200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək. Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və ölkəyə geri qayıdış prosesini sürətləndirəcək.
Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində, həmçinin Türkiyə və Suriya nümayəndə heyətləri ilə ikitərəfli görüşlər təşkil olunub. Görüşlərdə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC
***
Bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti (Fahad Hamad Hassan Al- Sulaiti) və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər.
Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq start verilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın enerji infrastrukturunun bərpası baxımından mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına, eyni zamanda Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də ciddi töhfə verməyi məqsəd qoyur.
Xatırladaq ki, cari il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
“Report”