Azərbaycanın qaz ixracı həcmlərinin artırılmasının əsas məqsədi kommersiya baxımından faydalı nəticələr əldə etməkdir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, qaz ixracının həcminin artırılması və ya sabit saxlanılması özü-özlüyündə məqsəd deyil:
“Əsas məqsəd odur ki, Azərbaycan öz üzərinə götürdüyü müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirsin. Bu, ölkəmizin beynəlxalq nüfuzuna xidmət etməli və eyni zamanda kommersiya nöqteyi-nəzərindən səmərəli olmalıdır. Yəni burada əsas qiymətləndirmə meyarı rəqəmlər deyil, bu kimi faktorların və nəticələrin birgə sintezidir”.
Nazir əlavə edib ki, qaz bazarında vəziyyət daim dəyişkən xarakter daşıyır və bu dinamika planlaşdırmanı da şərtləndirir.
“Bu səbəbdən məqsəd kimi sadəcə rəqəmləri deyil, yuxarıda sadalanan kriteriyaların ümumi balansını əsas götürməliyik”, - deyə M. Cabbarov vurğulayıb.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan 4 milyard 541 milyon 622,15 min ABŞ dolları dəyərində 12 milyard 364 milyon 984,82 min kubmetr həcmində təbii qaz ixrac edib. Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 4,56 %, dəyəri isə 11,62 % çoxdur.