06 avqust 2025 09:21
151

«Araz Vadisi İqtisadi Zonası» regionun ən böyük sənaye qovşağı olacaq

16 rezidenti və 3 qeyri-rezidenti olan parkın tam fəaliyyətə başlaması ilə 1800 nəfər işlə təmin ediləcək

Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatını dirçəltmək və burada məskunlaşdırılacaq vətəndaşların məşğulluğunu təmin etmək Azərbaycan dövləti üçün priortet məsələdir. Elə bu məqsədlə də  son bir neçə ildə Qarabağ və Şərqi  Zəngəzur iqtisadi rayonlarında çox geniş işlər həyata keçirilir. Xüsusilə burada yaradılan sənaye parkları ölkə iqtisadiyyatına inteqrasiya olunmaqla ona yeni inkişaf tempi gətirir. İlk belə sənaye parklarından biri də Cəbrayıl rayonunda yaradılan «Araz Vadisi İqtisadi Zonası»dır. Burada əsasən, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması işləri davam edir.

Bu gün  16 rezident və 3 qeyri-rezidenti olan parkın ərazisi 200 hektardır və buraya qoyulan ümumi investisiyaların həcmi 130 milyon manata bərabərdir. Parkın tam fəaliyyətə başlaması ilə 1800 nəfər işlə təmin ediləcək. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) açıqladığı ən son rəqəmlərə əsasən, indiyədək görülmüş işlərə 35 milyon manatdan çox investisiya yatırılıb. Bu, o deməkdir ki, indi burada  100-ə yaxın daimi iş yeri yaradılıb. Buradakı digər önəmli məsələ isə odur ki, keçmiş məcburi köçkünlərin sürətli məskunlaşmaları və onların firavan yaşamaları üçün sözügedən sənaye parkı ciddi iqtisadi  potensiala malikdir.

Bundan başqa, heç kimə sirr deyil ki, dəmir yolları ilə yükdaşımalar digər nəqliyyat növləri ilə müqayisədə daha rentabellidir. Məhz bu səbəbdən də «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkı sahibkarların daha çox diqqətini cəlb edir. Axı, bu park Horadiz-Ağbənd dəmir yolunun yaxınlığında yerləşir və bu nəqliyyat qovşağı gələcəkdə Zəngəzur dəhlizinə birləşməklə Avropaya qədər uzanacaqdır. Demək, parkda fəaliyyət göstərən sahibkarlara istehsal etdikləri məhsulları dünya bazarlarına çıxarmağa geniş imkanlar yaranacaqdır. İZİA-nın mətbuata açıqlamasına əsasən, artıq parkın 30 faizi sahibkarların istifadəsindədir. Sənaye Parkında hazırda 2 müəssisə fəaliyyət göstərir. Burada fəaliyyətə başlayan sahibkarlar indiyədək 1,7 milyon manatlıq məhsul satışı və xidmətlər göstəriblər. İndiki məqamda parkda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər davam etdirilir.

Bəs bu sənaye parıknda nələrin istehsalı planlaşdırılıb? Xatırladaq ki, pakrda fəaliyyətə yeni başlamış iki müəssisədən biri «Taube Electronic» MMC-dir. MMC smart televizorların istehsalı ilə məşğul olacaq. Müəssisədə ilkin olaraq ildə 19 min 500 ədəd televizor hazırlanması nəzərdə tutulur. Həm yerli, həm də xarici bazarda «Taube» brendi ilə satıoacaq cihazlar 4 müxtəlif ekran ölçüsü ilə alıcıların seçiminə təqdim ediləcək. Ümumi investisiya həcmi 3,5 milyon manat olan zavodda 20 nəfəri tam işlə təmin etmək mümkün olacaq. 2026-ci ildə istehsalına başlanması gözlənilən  «Taube» televizorlarının istehsalında istifadə olunacaq xammal  Çindən gətiriləcək.  Daxili bazarın tələbatı ödənildikdən sonra şirkət məhsullarını xaricə çıxarmaq niyyətindədir. Azərbaycan istehsalı olan televizorların ilkin olaraq MDB ölkələrinə ixraçı planlaşdırılır.

Sənaye parkının tam gücü ilə fəaliyyətə başlaması üçün dövlət tərəfindən vergi güzəştləri də tətbiq edilir. Burada fəaliyyət göstərən iş adamları əlavə texniki şərtlər olmadan, dövlət vəsaiti hesabına mövcud infrastruktur imkanlarından istifadə etməklə öz layihələrini icra edə bilirlər. Xüsusilə güzəştlərdən biri də qeydiyyata alındıqları tarixdən etibarən rezidentlərin 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad edilmələridir.

Məlumdur ki, sənaye parklarındakı sahibkarları  dəstəkləyəcək güzəştlər daha çoxdur. Bunlar sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirimlərdir. Həmin güzəştlər rezidentlərə vəsaitlərinə qənaət etmək və istehsalı genişləndirmək imkanı yaradır.  Bir sözlə, İZİA-nın idarəçiliyindəki sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri o qədər genişdir ki, nəticədə rezidentlər bu günədək 511 milyon manatdan çox vəsaitə qənaət eməyi bacarıblar. Cari ilin birinci  rübü üzrə isə bu göstərici 7,3 milyon manat təşkil edib. Həmçinin bu dövrdə, azad edilmiş ərazilərdəki sənaye parklarında fəaliyyət göstərən sahibkarlara idxal olunan texnika, texnoloji avadanlıqlar, eləcə də xammala görə 142 təsdiqedici sənəd verilib. Nəticədə müəssisələr ümumilikdə təqribən 8 milyon manata yaxın vergi və rüsumlardan azad olunublar.

Elçin Zaman, «İki sahil»