06 avqust 2025 10:02
226

Azərbaycan gənci: Bilikli, təşəbbüskar və lider ruhlu/MÜSAHİBƏ

Məleykə İsmayılova: Təhsil bir gəncin gələcəyinə qoyduğu ən dəyərli sərmayədir

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti bu təbəqənin bilikli, fəal, yaradıcı və vətənpərvər şəxsiyyətlər kimi formalaşmasına, onların cəmiyyətin inkişafında fəal rol almalarına geniş imkanlar yaradır. Bu siyasət gənclərin sosial fəallığını stimullaşdırmaqla yanaşı, onların liderlik, təşəbbüskarlıq və məsuliyyət hissini də gücləndirir. Belə gənclər sırasında fərqlənənlərdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin dördüncü kurs tələbəsi Məleykə İsmayılovadır.

-Özünüzü oxucularımıza həm təhsiliniz, həm də ictimai fəaliyyətləriniz baxımından necə təqdim edərdiniz?

- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsiyəm. Universitet həyatım boyunca yalnız akademik fəaliyyətlə deyil, eyni zamanda, ictimai və könüllü fəaliyyətlə də fəal şəkildə məşğul olmuşam. 2022-ci ildə universitetə qəbul olunduğum ilk gündən ictimai fəallığa böyük maraq göstərmişəm. Elə həmin ilin dekabr ayında ADPU Könüllüləri Təşkilatında fakültəmizin rəhbər müavini seçildim. 2023-cü ilin aprelindən etibarən ADPU Yeni Klubunun koordinatoru, 2024-cü ilin dekabr ayından isə klubun rəhbəriyəm. Bu müddətdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında, Təhsilin İnkişaf Fondunda könüllü olmuşam və bu fəaliyyətim hələ də davam edir.

– Universitet təhsili ilə yanaşı, ictimai işlərdə fəal iştirak edirsiniz. Bu sahəyə marağınız necə yarandı və ilk addımlarınız nədən ibarət oldu?

-İctimai fəaliyyətlərə marağım tələbəliyimin ilk günlərindən formalaşdı. İlk olaraq sadəcə tədbirlərdə iştirakçı kimi qatılırdım. Zamanla anladım ki, passiv iştirakdan daha çox təşkilati işlərə qatılmaq mənim üçün daha mənalı və faydalıdır. İlk böyük addımım "ADPU Könüllüləri"ndə fakültə üzrə rəhbər müavini seçilməyim oldu. Bu vəzifə mənə məsuliyyət hissi, komanda işi və liderlik bacarıqları qazandırdı. Sonrakı mərhələlərdə artıq təşəbbüskar olmağa başladım və fəaliyyətlərim dərinləşdi. Layihələr hazırlamağa başladım, onları həyata keçirdim.

– Mütaliənin həyatınızdakı rolu barədə bir neçə kəlmə deyərdiniz. Kitab oxumaq sizə nə qazandırır və hansı janrları üstün tutursunuz?

-Mütaliə mənim üçün həm inkişaf vasitəsidir, həm də bir növ rahatlama üsuludur. Kitablar düşüncələrimi zənginləşdirir, baxış bucağımı genişləndirir. Tarixi, fəlsəfi və dedektiv janrlar mənim daha çox maraq dairəmdədir. Eyni zamanda, psixologiya və şəxsi inkişafla bağlı kitabları da mütəmadi oxuyuram. Oxumaq mənə hadisələrə obyektiv və analitik yanaşma bacarığı qazandırıb.

-Mobil telefonlar və sosial media gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Sizcə, bu vasitələr gənclər üçün faydalıdır, yoxsa zərərli?

-Zənnimcə, hər şey istifadəyə bağlıdır. Əgər sosial media və mobil texnologiyalar düzgün, məqsədyönlü istifadə olunarsa, gənclərin inkişafına böyük töhfə verə bilər. Lakin nəzarətsiz və məqsədsiz istifadə insanı vaxtdan və məhsuldarlıqdansa uzaqlaşdırır.

 -Bugünkü gənclikdə sizi sevindirən və narahat edən hansı xüsusiyyətlər var? Gənclərin inkişafına nə mane olur, nə dəstək verir?

-Gənclərin aktivliyi, azad fikirlilikləri və təşəbbüskar olmaları məni çox sevindirir. Amma bəzən səbrsizlik, özünəinamsızlıq, tənbəllik baxımından zəif cəhətlər də müşahidə olunur. İnkişafın əsas maneələrindən biri düzgün istiqamət göstərən mentorların azlığıdır. Dəstək verən əsas amillər özünə inam, öz üzərində çalışmaq və pozitiv mühitdir.

-Məktəb və universitet illərinizdən heç vaxt unutmadığınız bir xatirəni bizimlə bölüşə bilərsinizmi? O an sizə nə öyrətdi?

-Məktəb vaxtı çox sakit biri olduğum üçün elə bir anım olmayıb. Universitet illərində bir hadisə baş vermişdi ki, onu heç vaxt unutmaram. Bir gün universitetdə abituriyentlər qarşısında çıxış etməli idim. Səhnəyə çıxdıqda həyəcanlandım, danışa bilmədim, bildiyim hər şeyi unutdum. Tədbir bitən kimi məkandan uzaqlaşdım. Mənim üçün çox utancverici bir hadisə idi. Amma məni yetişdirən şəxslər mənə çox dəstək oldular. Bu hadisə mənə öyrətdi ki, səhv etmək insani bir haldır və dəstək mühiti insanın inamını ikiqat artırır.

-ADPU könüllüləri, YAP Səbail rayon təşkilatı və Təhsil İnkişaf Fondunda aktiv iştirakınız sizə hansı imkanları yaradıb və hansı dəyərləri aşılayıb?

-Bu platformalarda iştirakım mənə ictimai şəbəkə qurmaq, sosial məsuliyyət hissini dərk etmək, fərqli qurumların sistemlərini öyrənmək imkanları yaradıb. Eyni zamanda, xidmət mədəniyyəti, əməkdaşlıq, vətənpərvərlik və davamlı öyrənmə kimi dəyərləri aşılayıb.

-Fəal bir tələbə kimi universitet həyatı sizə akademik biliklərdən əlavə, hansı insani və peşəkar bacarıqları qazandırıb?

-Universitet mənə liderlik, ünsiyyət, streslə mübarizə, zamanın idarə olunması və komanda işində çeviklik kimi bacarıqlar qazandırdı. Həmçinin çox böyük bir ailə verdi, zənnimcə bu çox gözəl dəyərdir. Həmçinin insanlarla işləmək, empatiya qurmaq və sosial məsuliyyət kimi insani keyfiyyətlərim də gücləndi.

-Gələcəkdə özünüzü hansı mövqedə görürsünüz? Uğur anlayışınız nədən ibarətdir və ona necə çatmağı planlaşdırırsınız?

-Gələcəkdə təhsildə yeniliklər yaradan, gənclərə yol göstərən bir mütəxəssis və lider kimi fəaliyyət göstərmək istəyirəm. Uğur mənim üçün cəmiyyətə faydalı olmaq, özünü daim inkişaf etdirmək və atdığım addımlarda müsbət iz buraxmaqdır. Planım isə təhsilə davam etmək, layihələrdə iştirakçı olmaq və sosial təsir gücümü artırmaqdır.

-Sizcə, uğurlu tələbəni digərlərindən fərqləndirən əsas xüsusiyyətlər nələrdir? Siz bu anlayışı şəxsi həyatınızda necə ifadə edirsiniz?

-Məncə, uğurlu tələbənin əsas fərqi onun motivasiyası, məqsədyönlülüyü və özünə olan inamıdır. Həmin tələbənin məqsədi yalnız irəliyə getmək deyil, şəxsiyyət olaraq formalaşmaq, cəmiyyətə töhfə verməkdir. Bundan əlavə, uğurlu tələbə zamanını düzgün idarə edir, tənqidə açıqdır və özünü daim inkişaf etdirmək istəyir, hər hansı bir istənməyən problemlə üzləşsə, onu rahat şəkildə həll edə bilir.

– Bu günə qədər keçdiyiniz yolda sizə dəstək olan insanların rolu barədə nə deyə bilərsiniz? Onların təsiri sizin inkişafınıza necə təsir edib?

-İnsanlarla işlədikcə və kollektivin bir parçası olduqca, istər-istəməz dəyişirsən, düşüncələrin dərinləşir, yanaşmaların formalaşır. Hər qarşılaşdığın hadisə sənə yeni bir dərs verir, hər təcrübə səni bir addım irəli aparır. Bu yolda mənə daim dəstək olan, hər çətin anda yanımda olan, həm dərsdə, həm də işdə mənimlə təcrübələrini bölüşən insanlar var ki, onların rolu mənim üçün əvəzolunmazdır. Onların verdiyi səmimi məsləhətlər, səbirlə göstərdikləri kömək və xoşniyyətli yanaşmaları məni daha güclü və məqsədyönlü edib. Bu yolda onların varlığına görə dərin minnətdarlığımı bildirirəm.

-Azərbaycan gəncliyinə hansı mesajı verərdiniz?

-Əziz gənclər, öz gücünüzə inanın, özünüzə inamı heç vaxt itirməyin, öyrənməkdən və öz üzərinizdə çalışmaqdan heç vaxt vaz keçməyin. Çünki inam qələbənin yarısıdır Ən çətin anlarda belə məqsədinizdən vaz gecməyin. Çətin günlər sizi yormasın, həmin günlər keçir və yerini gözəl günlər alır. Hər birimiz ölkəmizin gələcəyiyik – bu məsuliyyəti daşıyaq və cəmiyyətə dəyər qatmaq üçün əlimizdən gələni edək!

-Müsahibə üçün təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Yaqut Ağaşahqızı, “İki sahil”