Ermənistan öz çirkin əməllərini ört-basdı etmək məqsədilə dezinformasiyalardan kifayət qədər yararlanıb. Hətta haylar 30 il müddətində dezinformasiyaları ilə ərazilərimizi işğal altında saxlamağa, şəhər və kəndlərimizi viran qoymağı, öz vandallıqlarını ört-basdır etməyi bacarıblar. Ermənistan bu gün də həmin murdar “üsul”undan istifadə etməkdədir. Belə ki, təcavüzkar ölkənin Müdafiə Nazirliyi avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu (Zəngəzur-red.) ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə məlumat yayıb. Ermənistanın yaydığı bu dezinformasiyaya cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bununla da nazirlik erməni tərəfinin yaydığı informasiyanın tamamilə əsassız olduğunu və dezinformasiya xarakteri daşıdığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt, o cümlədən Vətən müharibəsi, birgünlük lokal antiterror əməliyyatı zaman mülki əhalini və obyektləri hədəf seçməyib. Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görüb.
Şübhəsiz, Ermənistan həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmağa cəhd edir. Bu mənada demək olar ki, Ermənistanın bu kimi dezinformasiyaları Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə, həm də ölkəmizi guya sülh prosesinə zidd addımlar atan tərəf kimi qələmə verməyə yönəlib. Şübhəsiz, təcavüzkar ölkə bununla həm özünün silahlanmasına, həm də şərti sərhəddə yerləşdirdiyi Avropa İttifaqının “mülki missiya”yasının fəaliyyətinə haqq qazandırmağa çalışır. Bütün bunlar isə o deməkdir ki, Ermənistan Azərbaycanla real və dayanıqlı sülhə hələ də hazır deyil. Bir məsələni də vurğulayq ki, yalan və dezinformasiya xarakterli informasiyalar təkcə Bakıya qarşı deyil, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş mesajdır. İndi beynəlxalq aləm əvvəlki kimi ermənilərin belə yalanlarına inanmır.
Bu məsələdə təcavüzkar ölkənin havadarlarının, o cümlədən Fransanın da əli var. İki ölkə arasında sülh istiqamətində müsbət addımların atılmasını, regionda sabitliyin bərqərar olmasını heç cür qəbul etməyən qüvvələr Ermənistanı revanşizmə meyilləndirirlər. Elə bu səbəbdən də hər dəfə sülhə yaxınlaşdıqca Ermənistan tərəfindən sülhpozucu fəaliyyətin şahidi oluruq.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan uzun illər davam edən erməni işğalına 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində son qoyub və tam suverenliyini bərpa edib. Elə o dönəmdən də rəsmi Bakı sülhün əldə olunması istiqamətində əməli addımlar atır. Hətta bu ilin martında Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb. İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə isə sülh gündəliyinin irəli aparılması üçün müəyyən nailiyyətlər əldə olunub. Elə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Birləşmiş Ştatların Prezidenti Donald Trampın təşəbbüsü ilə avqustun 8-də Vaşinqtonda gerçəkləşəcək görüşü də bunun nəticəsidir. Şübhəsiz, görüşdə tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu, regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların açılacağına münbit şərait yaradacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”