Enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə mübarizə bu gün bütün dünya dövlətlərinin qarşısında duran ən mühüm çağırışlardan biridir. Azərbaycan da bu çağırışları vaxtında və strateji baxışla dəyərləndirərək, artıq illərdir ki, neft-qaz ehtiyatlarına arxalanmaqla məhdudlaşmayan, gələcəyə hesablanmış enerji siyasəti həyata keçirir. Bu siyasətin mərkəzində isə bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi və yaşıl enerji modelinə keçid dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni enerji vizyonu Azərbaycanın regionda, xüsusən də Cənubi Qafqaz və Avrasiya məkanında enerjiyə dair ən çevik və çevrilən strategiyaya sahib ölkələrdən birinə çevriləcəyini göstərir. Bu strategiya, ilk növbədə, ölkənin enerji təhlükəsizliyini yalnız ixrac olunan resurslar üzərindən deyil, daxili dayanıqlı mənbələr hesabına da təmin etməyə hesablanıb. Bərpaolunan enerji mənbələrinin ümumi enerji balansında 2030-cu ilə qədər 30 faiz paya çatdırılması məqsədi, əslində, Azərbaycanın həm ekoloji, həm də iqtisadi maraqlarını uzlaşdıran konsepsiya kimi çıxış edir.
Hazırda ölkədə Günəş və külək enerjisi sahəsində bir-birinin ardınca reallaşdırılan layihələr göstərir ki, bu hədəf təkcə niyyət deyil, real fəaliyyətin, investisiya siyasətinin və texnoloji modernləşmənin nəticəsidir. 2,8 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşu ilə icrası nəzərdə tutulan layihələr çərçivəsində 8 böyük elektrik stansiyasının inşası planlaşdırılır. Bu layihələrin ümumi gücü təxminən 2 giqavat olmaqla, Azərbaycanın enerji istehsal imkanlarını ciddi şəkildə genişləndirəcək və enerji bazarında ölkənin rolunu daha da gücləndirəcək. Əlbəttə, yaşıl enerjiyə keçidin uğurla baş tutması üçün yalnız stansiyaların qurulması kifayət etmir. Məsələ ondadır ki, bu mənbələrin enerjisistemə effektiv inteqrasiyası, ötürmə xətlərinin gücləndirilməsi, idarəetmə sistemlərinin optimallaşdırılması və bütünlükdə enerji balansının tənzimlənməsi tələb olunur. Bu baxımdan “AzərEnerji” və “Azərişıq” tərəfindən həyata keçirilən rəqəmsallaşdırma və infrastruktur yenilənməsi proqramları bütövlükdə enerji sahəsinin gələcəyə hazır hala gətirilməsinə xidmət edir.
Azərbaycanın enerji keçidinə dair apardığı bu islahatlar və layihələr beynəlxalq investorların diqqətindən də yayınmır. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə qurulan əməkdaşlıqlar bunun ən parlaq sübutudur. Bu tərəfdaşlıqlar yalnız sərmayə ilə bitmir. Burada texnologiya transferi, insan resurslarının hazırlanması və yerli bazarın beynəlxalq standartlara uyğunlaşdırılması prosesi də paralel şəkildə həyata keçirilir. Beləliklə, Azərbaycanın qeyri-neft sektoru da bu əməkdaşlıqlardan faydalanaraq yeni inkişaf mərhələsinə qədəm qoyur.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkənin bərpaolunan enerji siyasəti təkcə daxili tələbatı ödəməyə yönəlmir. Bu strategiya, eyni zamanda, Azərbaycanı regional enerji mərkəzinə çevirməyə və beynəlxalq enerji sisteminə dərin inteqrasiyaya imkan yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması da bu baxımdan olduqca simvolik və strateji əhəmiyyət daşıyır. Bu yanaşma həm işğaldan azad olunmuş torpaqların müasir konsepsiyaya uyğun bərpasını təmin etməyə, həm də Azərbaycanın enerji siyasətini ekoloji baxımdan dayanıqlı istiqamətdə inkişaf etdirməyə xidmət edir. Söhbət yalnız elektrik enerjisi istehsalından deyil, bütövlükdə yaşıl iqtisadiyyatın burada pilot olaraq tətbiqindən gedir. Qarabağ və Şərqi Zəngəzur bölgələri təbii iqlim şəraiti, günəşli günlərin miqdarı və çayların potensialı baxımından bərpaolunan enerji istehsalı üçün əlverişli coğrafi imkanlara malikdir. Bu bölgələrdə Günəş və külək enerjisi ilə yanaşı, kiçik su elektrik stansiyalarının yaradılması da planlaşdırılır. Artıq bu istiqamətdə ilk addımlar atılıb. Təkcə Laçın, Kəlbəcər və Zəngilan rayonları üzrə ilkin hesablamalara əsasən, 2000 MVt-dan çox yaşıl enerji potensialı mövcuddur. Bu isə ölkənin ümumi bərpa olunan enerji planları çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun aparıcı rol oynayacağını təsdiqləyir. Hazırda Zəngilan rayonu yaxınlığında, Araz çayı üzərində tikintisi davam edən və ümumilikdə 280 MVt gücündə nəzərdə tutulan "Xudafərin" (120 MVt) və "Qız Qalası" (160 MVt) hidroqovşaqları, eyni zamanda bölgədə həyata keçirilən günəş və külək elektrik stansiyası layihələri regionun yaşıl enerji mərkəzinə çevrilməsində strateji əhəmiyyət daşıyır. Enerji infrastrukturunun müasir standartlara əsasən qurulması bu bölgələri enerji təminatında tam müstəqil hala gətirəcək. Üstəlik, istehsal olunan artıq enerjinin ölkə sisteminə inteqrasiyası da mümkün olacaq. Azad olunmuş ərazilərdə enerji sahəsində aparılan işlər birbaşa postmüharibə dövrünün əsas çağırışlarına cavab verir. Yenidənqurma və bərpa prosesi çərçivəsində bütün şəhər və kəndlər “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun şəkildə planlaşdırılır. Bu da enerji təchizatında ənənəvi resurslardan deyil, məhz alternativ və bərpaolunan mənbələrdən istifadəyə üstünlük verilməsini şərtləndirir. Ağalı kəndi bu baxımdan nümunəvi layihədir. Burada enerji təminatı, küçə işıqları, su təchizatı və digər texnoloji sistemlər tamamilə günəş panelləri və digər alternativ mənbələr üzərində qurulub.
Bütün bu faktlar sübut edir ki, Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" olmaqla yanaşı, həm də Azərbaycanın gələcək enerji strategiyasında dönüş nöqtəsinə çevrilir. Təmiz və dayanıqlı enerji istehsalı bu bölgələrdə bərpa işlərinin ekoloji təhlükəsizliyini təmin etməklə yanaşı, iqtisadi inkişaf üçün də mühüm zəmin yaradır. Bu modelin uğurla tətbiqi isə gələcəkdə digər regionlara da yayılacaq və Azərbaycanın bütün ərazisində yaşıl enerjiyə keçidi sürətləndirəcək.
Nəticə etibarilə Azərbaycan hazırkı dövrdə yalnız enerji istehsalçısı və ixracatçısı kimi deyil, həm də yeni enerji fəlsəfəsinin daşıyıcısı rolunda çıxış edir. Yaşıl enerji siyasəti ilə həm iqtisadi müstəqillik gücləndirilir, həm də ekoloji tarazlıq qorunur. Ən əsası isə, bu siyasət gələcək nəsillərə daha təmiz və təhlükəsiz enerji mühiti təmin etməyə yönəlib. Bu isə hər bir modern dövlətin daşımalı olduğu məsuliyyətdir.
Nigar Orucova, "İki sahil"