08 avqust 2025 00:55
161

Liderlər Azərbaycan-ABŞ əməkdaşlığında yeni səhifə açırlar

Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Amerika Prezidenti Donald Trampın Cənubi Qafqaz prosesində fəal iştirak etdiyini və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə olduğunu vurğulamaqla yanaşı, bu sözləri də demişdi: “Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir”.

Yeri gəlmişkən, dövlətimizin başçısı 2024-cü ildə yenidən Prezident seçilməsi münasibətilə Donald Trampa ünvanladığı təbrik məktubunda, eləcə də öz sosial şəbəkəsində Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını   paylaşdığına görə ona təşəkküründə və digər çıxışlarında, o cümlədən dünyanın müxtəlif telekanallarına verdiyi müsahibələrində onun dövründə Azərbaycan-ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə etmişdi. Budur, dövlətimizin başçısının proqnozları özünü doğrultmaqdadır. Elə son günlərdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi bunu bir daha təsdiq edir. Şübhəsiz, Prezident İlham Əliyevin ABŞ-a hazırkı səfəri bu münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq. Üstəlik, Ağ Evdə enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ölkəmizlə ortaq maraqları olan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh məsələləri üzrə danışıqların növbəti raundu da keçiriləcək. Bütün bunlar bir daha onu göstərir ki, Donald Tramp Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasında və Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır.  Çünki Tramp yaxşı anlayır ki, Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayan Azərbaycan hazırda dünyaya açılan strateji qapıdır. Belə bir ölkənin mənsub olduğu bölgədə isə əmin-amanlıq olduqca vacibdir. Şübhəsiz, bu da sülh prosesinə öz töhfəsini verəcək. Elə bu səbəbdən siyasətçilər Prezident İlham Əliyevin bu səfərini diplomatik sahədə əldə edilən növbəti uğur, Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ, həm də yeni geosiyasi reallıqların təntənəsi, eyni zamanda, ölkəmizin qazandığı hərbi və siyasi qələbələrin beynəlxalq hüququn normaları çərçivəsində rəsmiləşdirilməsi üçün yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirirlər.  

Bəli, artıq dünya da etiraf edir ki, bu, Azərbaycan dövlətinin milli maraqlarını qətiyyətlə qorumaq qabiliyyətinin daha bir təzahürüdür. Bu mənada ABŞ səfəri çərçivəsində keçiriləcək danışıqlar yalnız Azərbaycan-Ermənistan münasibətləri deyil, bütövlükdə Cənubi Qafqaz regionu və beynəlxalq diplomatiya üçün nümunəyə çevriləcək.

Yeri gəlmişkən xatırladaq ki, Trampın ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Şübhəsiz, həmin dövrdə formalaşan etimad bu gün əlaqələrin yeni mərhələyə keçidi üçün baza rolunu oynayacaq, daha doğrusu, müsbət tendensiyaların davamı olacaq. Amma ondan sonra hakimiyyətə gələn ermənipərəst Baydenin  Administrasiyası demək olar ki, ABŞ-Azərbaycan əlaqələrini heçə endirmişdi. Məsələn, Bayden Administrasiyası “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılmasını ləğv etməklə Azərbaycana qarşı 1992-ci ildə yol verdiyi tarixi səhvi yenidən təkrarlayıb. Amma “2023-cü il erməniləri müdafiə aktı”nı qəbul etməklə alət kimi istifadə etdiyi Ermənistanı sevindirib. Bir məsələni də vurğulayaq ki, Bayden  Administrasiyası bu kimi siyasi gedişlərlə kifayətlənməyib. Ölkəmiz əleyhinə böhtan dolu kampaniyalara da start verib. Onun bu siyasəti ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) gedişində də özünü göstərib. Bu məqamda Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına müsahibəsindəki bu sözləri də xatırlatmaq yerinə düşər: “ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.  Demək olar ki, artıq bu prosesə statr verilib.

Qeyd edək ki, ABŞ Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulub. Azərbaycanın ABŞ-da səfirliyi 1992-ci il martın 6-dan, ABŞ-ın Azərbaycanda səfirliyi isə həmin il martın 16-dan fəaliyyət göstərir. Bu illər ərzində Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında 90-a yaxın sənəd imzalanıb. Göründüyü kimi, hazırda iki ölkə arasında siyasi, iqtisadi əlaqələr də dinamik olaraq inkişaf edir.  Şübhəsiz, bu görüş də Azərbaycan-ABŞ əməkdaşlığında yeni səhifə açacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”