09 avqust 2025 00:37
105

Narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi günün tələbidir

Elm və Təhsil Nazirliyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin effektivliyini artırmaq məqsədilə müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində müxtəlif təbliğat və maarifləndirmə tədbirləri həyata keçirmişdir. Bu tədbirlər çərçivəsində ümumi və ali təhsil müəssisələrində, ictimai yerlərdə narkomaniyanın zərərləri barədə maarifləndirici seminarlar, təlimlər və açıq dərslər təşkil olunmuş, əhali arasında məlumatlandırma kampaniyaları aparılmışdır. Sosial media və kütləvi informasiya vasitələrində genişmiqyaslı ictimaiyyətə yönəlmiş videoçarxlar, afişalar və elektron materiallar yayımlanmış, narkomaniyaya qarşı profilaktik tədbirlərin təşviqinə xüsusi diqqət yetirilmişdir. Qeyri-hökumət təşkilatları ilə birgə layihələr həyata keçirilərək gənclər üçün sağlam həyat tərzinin təbliği məqsədilə idman yarışları, mədəni-kütləvi tədbirlər və psixoloji dəstək proqramları təşkil edilmiş, risk qrupunda olan şəxslərə yönələn sosial reabilitasiya və məsləhət xidmətlərinin göstərilməsi üçün müvafiq dəstək mexanizmləri yaradılmışdır. Eyni zamanda, hüquq-mühafizə orqanları ilə əməkdaşlıqda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işləri gücləndirilmiş, narkotik vasitələrin satışı ilə mübarizənin effektivliyinin artırılması üçün maarifləndirici işlərin dəstəklənməsi məqsədilə ictimaiyyətin fəallığının artırılması üçün çağırışlar və aksiyalar təşkil olunmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı təbliğat istiqamətində 11 iyun 2025-ci il tarixində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində “Gələcəyini seç-narkomaniyaya yox de!” adlı maarifləndirmə xarakterli tədbir keçirilmişdir. Aidiyyəti qurumların nümayəndələrinin və 200-ə yaxın məktəblinin iştirakı ilə keçirilən tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının insan sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verilmiş, bu sahədə uşaq və gənclərin məlumatlandırılmasının vacibliyi vurğulanmışdır.

Təhsil müəssisələri tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işləri aparılmış, bu məqsədlə şagird və tələbələr arasında “Narkomaniyaya “yox” deyək!” mövzusunda görüşlər, “dəyirmi masa”lar təşkil edilmiş, tədbirlərə hüquq-mühafizə orqanlarının nümayəndələri və səhiyyə işçiləri dəvət olunmuşlar. Eyni zamanda, “Narkotik maddələrin ziyanı”, “Narkomaniyanın fəsadları” barədə uşaqlara və gənclərə, valideynlərə və təhsil işçilərinə məlumatlar verilmiş, bu mövzuda hazırlanmış çap materialları, bukletlər paylanılmışdır.

Elm və Təhsil Nazirliyinin dəstəyi, məktəbdənkənar təhsil müəssisələrinin təşkilatçılığı ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbirlərin keçirilməsində məqsəd uşaq və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, məktəblilərin antinarkotik dünyagörüşünün formalaşdırılması, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, şagirdlərin təhsilə, elmə, idmana olan marağının daha da artırılmasından ibarət olmuşdur. Tədbirlərdə ekspert qismində iştirak etmiş Bakı Şəhər Narkoloji Mərkəzin, polis orqanlarının nümayəndələri, tibb işçiləri və psixoloqlar məktəblilərin antinarkomaniya ruhunda tərbiyə olunmasının, sağlam həyat tərzinə cəlb edilməsinin əhəmiyyətini vurğulamış, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivlərinə mövzu ilə əlaqədar məlumat kitabçaları təqdim etmişlər.

Sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan uşaqların cəmiyyətə inteqrasiya olunması, istedadlı uşaqların aşkar olunması və onların inkişaf etdirilməsi məqsədilə inklüziv rəsm və əl işləri sərgisi, teatr tamaşaları, ədəbi-bədii kompozisiyalar, idman növləri üzrə yarışlar, ekskursiyalar təşkil edilmişdir. Bakı şəhərində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində fəaliyyət göstərən “Təsviri sənət”, “Toxuma”, “Məktəb teatrı”, “Nitq mədəniyyəti”, “Vokal”, “Musiqi dünyamız”, “Bədii qiraət” dərnəklərinə 200-ə yaxın uşaq cəlb olunmuşdur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi, 10 nömrəli Sanatoriya tipli internat məktəbində, Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada, Rüfət Kəlbiyev adına Xınalıq kənd ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində, Quba şəhər Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində "Narkomanlıq və onun fəsadları" mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir.

Bundan əlavə, 5 may 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə məktəblilər və peşə təhsili müəssisələrinin təhsilalanlarının iştirakı ilə “Məktəblinin Hüquq Bələdçisi” layihəsinə start verilib. Layihənin məqsədi gənc nəslin hüquqi biliklərinin artırılması, hüquq və vəzifələri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, onlara hüquq mədəniyyətinin təməl prinsiplərinin və sağlam həyat tərzinin aşılanması, hüquq pozuntularına qarşı erkən müdafiə mexanizmlərinin öyrədilməsi, həmçinin vətəndaş məsuliyyətinin və hüquqi düşüncə tərzinin inkişaf etdirilməsindən ibarətdir. Layihə çərçivəsində təhsilalanlar arasında “İnsan alveri”, “Mülkiyyət əleyhinə törədilən cinayətlər”, “Bullinq və ictimai təzyiq”, “Kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması” və “Narkomaniya ilə mübarizə” mövzularına həsr olunmuş hüquqi maarifləndirmə tədbirləri, müxtəlif interaktiv seminarlar, təlimlər və praktiki məşğələlər keçirilib. İlkin mərhələdə cari ilin 5 may tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, 6 may tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, 7 may tarixində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, 8 may tarixində Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, 15 may tarixində isə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirmə tədbirləri, seminarlar, təlimlər keçirilmişdir. Növbəti mərhələdə Lənkəran-Astara və Qazax-Tovuz regional təhsil idarələrində maarifləndirmə tədbirlərinin, seminarların, təlimlərin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, "Təhsil" Respublika İdman Mərkəzi tərəfindən rayon və şəhərlərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı aidiyyəti üzrə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Sözügedən tədbirlərin təşkili ilə bağlı aidiyyəti qurumların nümayəndələri ilə görüşlər keçirilir. İdmançı şagirdlərin və məşqçi-müəllimlərin iştirakı ilə keçiriləcək tədbirlərin cari ilin sentyabr ayında təşkili planlaşdırılır.

Fərzəli Qədirov,
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini