Fərid Məmmədov: Gələcəkdə DOST-u beynəlxalq səviyyədə daha da tanınan və nümunə götürülən bir qurum kimi formalaşdırmaq, sosial inteqrasiyanı və inklüzivliyi artırmaq, rəqəmsal texnologiyaları daha geniş tətbiq etmək planlaşdırılır
Azərbaycanda son illər ərzində sosial sahədə həyata keçirilən köklü islahatların uğurlu nəticələrindən biri DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyidir. Vətəndaş məmnunluğunu əsas məqsəd kimi müəyyən edən bu qurum ölkədə sosial xidmətlərin formasını kökündən dəyişərək şəffaflıq, innovasiya və operativlik prinsipləri üzərində qurulmuş yeni bir idarəetmə fəlsəfəsi təqdim edir. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovla müsahibəmizdə qurumun fəaliyyət istiqamətləri, sosial təsir gücü və gələcək baxışları haqqında əhatəli söhbət apardıq.
- DOST modeli Azərbaycanda qısa müddətdə sistemli inkişafa nail oldu. Bu uğurun arxasında hansı idarəetmə yanaşması dayanır?
-Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sosial islahatların mühüm uğurlarından biri DOST konsepsiyasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 161 xidmətin "bir pəncərə"dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını, nəticə etibarilə dövlət sosial xidmətlərinin vətəndaş rahatlığı və məmnunluğuna uyğun göstərilməsini təmin edir. Ölkə Prezidentinin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi açılıb. DOST modelinin uğurunun əsasını vətəndaş yönümlü idarəetmə fəlsəfəsi təşkil edir. Biz xidmət göstərməkdən daha çox, vətəndaşların həyatını asanlaşdırmaq, onların ehtiyaclarına həssas yanaşmaq prinsipini əsas tutmuşuq. İdarəetmədə şəffaflıq, hesabatlılıq və operativlik prioritetdir. Əsas diqqətimiz innovativ yanaşmaların tətbiqinə, proseslərin sadələşdirilməsinə və insan faktorunun önə çəkilməsinə yönəlib. Qurum daxilində nəticələrə fokuslanan komandalar formalaşdırılıb və onların fəaliyyətində effektiv monitorinq sistemləri yaradılıb ki, bu da sürətli qərarların qəbul edilməsini və davamlı inkişafı təmin edir.
- Agentlik sosial xidmətlər sahəsində rəqəmsal transformasiyanı necə həyata keçirir? Hazırda tətbiq olunan texnoloji yeniliklər və onların effektivliyi barədə nə deyə bilərsiniz?
-Rəqəmsal transformasiya DOST Agentliyinin fəaliyyətində əsas dönüş nöqtəsidir. Biz müasir texnologiyalardan istifadə etməklə xidmət proseslərini avtomatlaşdırırıq, müraciətlərin elektron formada qəbulunu və izlənməsini təmin edirik. Cənab Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlara şəffaf və çevik, keyfiyyətli, əlçatan, vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin qurulmasıdır. Hazırda vətəndaşlar smartfon və ya kompüter vasitəsilə onlayn müraciətlər edə, növbə götürə, müraciətinin cari vəziyyəti haqqında məlumat ala bilirlər. Prioritetlərimizdən biri də süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə müraciətlərin emal sürətini artırmaq, xidmət keyfiyyəti optimallaşdırmaqdır. Bununla yanaşı, təhlükəsizlik məsələlərinə də böyük önəm verilir, şəxsi məlumatların qorunması üçün bütün qabaqlayıcı tədbirlər görülür. Bu texnoloji yeniliklər həm vətəndaş məmnunluğunu artırır, həm də idarəetmədə şəffaflığı təmin edir.
- Həssas əhali qrupları üçün hansı xüsusi mexanizmlər tətbiq olunur?
-Ölkə rəhbərliyi tərəfindən bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında öhdəlik qoyulub. DOST mərkəzlərinin təşkili də bu baxımdan əsas istiqamətlərdən biridir. Həssas qrupların ehtiyacları diqqətlə öyrənilir və onların xidmətlərə bərabər çıxışını təmin etmək üçün xüsusi mexanizmlər tətbiq olunur. Əlilliyi olan şəxslər üçün fiziki əlçatanlıq təmin olunub, xüsusi köməkçi personal mövcuddur. Psixoloji dəstək və sosial reabilitasiya proqramları da fəaliyyət göstərir. Bütün bu tədbirlər həssas qrupların sosial inkluzivliyini artırmaq və onlara qarşı sosial diskriminasiyanın qarşısını almaq məqsədi daşıyır.
- DOST modeli ilə artıq bir neçə ölkə maraqlanır. Bu təcrübənin beynəlxalq səviyyədə tətbiqi sahəsində hansı addımlar atılır?
-DOST modelinə beynəlxalq maraq bizi çox sevindirir və bu istiqamətdə aktiv işlər aparırıq. Hazırda DOST “bir pəncərə” modelinin tətbiqi istiqamətində Moldova və Özbəkistan respublikaları ilə sıx əməkdaşlıq davam etdirilir. Bundan başqa, DOST modeli komponentlərinin tətbiqi istiqamətində Rumıniya, Serbiya və Xorvatiya ilə işgüzar əlaqələr qurulmuşdur. Bu günə qədər DOST Agentliyi ESN, ISSA, ISO və digər qurumlar tərəfindən cəmi 29 olmaqla 5 birincilik, 9 finalçı və 15 standart, keyfiyyət və mükəmməllik sertifikatına layiq görülmüşdür. Hazırda bir çox dövlətlərlə təcrübə mübadiləsi, seminarlar və təlimlər təşkil edilir. DOST modelinin unikal xüsusiyyətləri - vətəndaş yönümlülük, rəqəmsallaşma və şəffaflıq prinsipləri beynəlxalq səviyyədə də aktualdır. Gələcək planlarımızda bu modelin daha geniş coğrafiyada tətbiqini təmin etmək və sosial xidmətlərin yeni standartlarını formalaşdırmaq kimi məsələlər var.
- DOST mərkəzlərində çalışan əməkdaşların peşəkarlığı diqqət çəkir. İnsan resursları siyasətiniz və işçi seçimi meyarları necə qurulub?
-İnsan resursları siyasətimizdə əsas məqsəd peşəkar, məsuliyyətli və vətəndaş yönümlü kadrlar yetişdirməkdir. İşə qəbul prosesində yalnız ixtisas və təcrübə deyil, həmçinin etik dəyərlərə uyğunluq və empatiya qabiliyyəti də diqqətlə qiymətləndirilir. Əməkdaşların davamlı təlim proqramları, peşəkar inkişaf imkanları və motivasiya sistemi mövcuddur. DOST komandasında həm gənc mütəxəssislər, həm də təcrübəli kadrlar çalışır ki, bu da qurumun dinamik və dayanıqlı inkişafını təmin edir. İşçi seçimi tam şəffaf şəkildə həyata keçirilir və mütəmadi olaraq əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi aparılır.
- Vətəndaş-məmur münasibətlərində fərqli bir yanaşma müşahidə olunur. Dost sistemində xidmət etikası və davranış standartları necə formalaşdırılıb?
-Biz məmur və vətəndaş arasında etimad və hörmətə əsaslanan münasibət yaratmağa xüsusi diqqət yetiririk. Xidmət etikası ilə bağlı müxtəlif sənədlər hazırlanıb və buna riayət etmək bütün əməkdaşlarımız üçün məcburidir. Bu sənədlərdə əməkdaşların etik davranış qaydaları, səmimilik, diqqətlilik, səbir və obyektivlik prinsipləri əks olunub. Hər bir işçi üçün vətəndaş məmnuniyyəti əsas prioritetdir. Müxtəlif təlimlər və seminarlar vasitəsilə bu bacarıqlar daim təkmilləşdirilir. Həmçinin xidmət keyfiyyətinin monitorinqi üçün mütəmadi sorğular və rəy toplama mexanizmləri fəaliyyət göstərir.
- Sosial xidmətlərdə şəffaflıq və ictimai etimad necə təmin olunur? Bu sahədə istifadə etdiyiniz nəzarət və hesabatlılıq alətləri hansılardır?
-Şəffaflıq və ictimai etimad DOST Agentliyinin fəaliyyətində əsas prinsiplərdəndir. Bütün müraciətlərin və xidmət proseslərinin elektron qeydi mövcuddur və vətəndaşlar öz müraciətlərinin statusu barədə müxtəlif kanallar vasitəsilə operativ şəkildə məlumat ala bilirlər. İctimaiyyət üçün aylıq, rüblük, illik bülleten və hesabatlar dərc olunur, auditor yoxlamaları müntəzəm həyata keçirilir. Eyni zamanda, vətəndaşların rəy və təklifləri üçün onlayn platformalar və sosial media kanalları aktivdir. Hər bir rəy ciddi qiymətləndirilir və xidmətlərin təkmilləşdirilməsi üçün istifadə olunur. Bu sistemlər vasitəsilə ictimai etimad yüksək səviyyədə qorunur.
- DOST mərkəzlərinin bölgələrdə genişləndirilməsi istiqamətində hansı planlarımız var? Əhalinin bu xidmətlərə bərabər çıxışı necə təmin olunur?
-Bölgələrdə DOST mərkəzlərinin sayının artırılması prioritet məsələlərdən biridir. Biz bu xidmətləri əhali arasında daha əlçatan etmək üçün yeni mərkəzlərin açılması, mobil xidmətlərin tətbiqi və onlayn platformaların inkişafı üzərində çalışırıq. Dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində mərkəzlər sosial infrastrukturla uyğunlaşdırılır ki, xidmətlərdən istifadə edənlərin sayı artsın. Bu addımların nəticəsində sosial xidmətlərin əlçatanlığı daha da genişlənəcək və hər bir vətəndaş DOST xidmətləri ilə təmin olunma baxımından bərabər imkanlara sahib olacaq.
- Sosial platformalarda bəzən fərqli rəylərlə qarşılaşırıq. Agentlik ictimai rəyə və tənqidə münasibətdə nə kimi prinsipial mövqe tutur?
-Biz ictimai rəyi daim diqqətlə izləyir və qəbul edirik ki, tənqidlər inkişaf üçün vacibdir. Açıq və şəffaf dialoqun qurulması üçün sosial platformalarda və digər kommunikasiya kanallarında aktiv oluruq. Tənqidlərə konstruktiv yanaşır, mövcud problemləri araşdırır və həll yolları tapmaq üçün tədbirlər görürük. Vətəndaşların hər bir rəyinə hörmətlə yanaşır, onların təkliflərini nəzərə alaraq xidmətlərimizi təkmilləşdiririk. Bu, həm ictimai etimadın möhkəmlənməsinə, həm də Agentliyin fəaliyyətinin daha şəffaf və səmərəli olmasına xidmət edir.
- DOST Agentliyi yalnız xidmət göstərmir, həm də sosial siyasətin tənzimlənməsində iştirak edir. Qurumun gələcək vizionu və strateji hədəfləri nədən ibarətdir?
-Agentliyin əsas hədəfi Azərbaycanda sosial xidmət sahəsində standartları yüksəltmək və innovativ idarəetmə modellərini tətbiq etməkdir. Biz yalnız xidmətlərin keyfiyyətini artırmaqla kifayətlənmirik, həm də sosial siyasətin hazırlanması və həyata keçirilməsində fəal iştirak edirik. Gələcəkdə DOST-u beynəlxalq səviyyədə daha da tanınan və nümunə götürülən bir qurum kimi formalaşdırmaq, sosial inteqrasiyanı və inkluzivliyi artırmaq, rəqəmsal texnologiyaları daha geniş tətbiq etmək planlaşdırılır. Həmçinin sosial innovasiyaların dəstəklənməsi və əhalinin müxtəlif təbəqələri ilə əməkdaşlığın genişləndirilməsi də prioritetdir.
Yaqut Ağaşahqızı, “İki sahil”