09 avqust 2025 08:35
124

II Qareginin istefası hələ də gündəmdədir

Ermənistan hökuməti bütün ermənilərin katolikosu II Qareginin istefası ilə bağlı məsələni hələ də gündəmdən çıxarmayıb. Bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında məlumat verib: “Hakim partiyanın (“Vətəndaş Müqaviləsi”) gündəliyindən heç nə çıxarılmayıb”. O, həmçinin vurğulayıb ki, II Qareginin subaylıq andını pozması ilə barışmaq mümkün deyil.

Xatırladaq ki, cari ilin mayın 29-da hökumətin iclasında baş nazir Nikol Paşinyan kilsələrin vəziyyətini tənqid edərək, onları “eybəcər və zibillə dolu” adlandırmışdı. İyunun 2-də Paşinyan subaylıq andını pozduğu üçün bütün ermənilərin katalikosu II Qareginin ümumerməni katolikosu vəzifəsində qalmasının yolverilməz olduğunu bildirməklə yanaşı, növbədənkənar seçkinin keçirilməsinin zəruriliyini də vurğulamışdı. Plana əsasən, katolikos vəzifədən uzaqlaşdırıldıqdan sonra yeni katolikos seçilməyəcək, onun yerinə müvəqqəti təyinat olacaq və yeni katolikos yalnız "Erməni Apostol Müqəddəs Kilsəsinin Nizamnaməsi" əsasında təsdiqlənəndən sonra seçiləcək.

İyunun 22-də II Qaregin bəyan etmişdi ki, Ermənistan hakimiyyətinin başladığı kilsə əleyhinə kampaniya milli birliyə, ölkənin daxili sabitliyinə ciddi təhlükə və dövlətçiliyə birbaşa zərbədir. Paşinyan isə buna cavab olaraq bildirmişdi ki, o, heç bir şəkildə kilsə əleyhinə kampaniya aparmır. Onun sözlərinə görə, kilsə özü və ailəsi üçün müqəddəsdir, ona görə də heç bir hərəkət kilsəyə qarşı yönələ bilməz. "Nə ediriksə, biz kilsə naminə edirik". Hətta əlavə etmişdi ki, kilsənin transformasiyası prosesi 2018-ci ildə həyata keçirilən siyasi dəyişikliklərlə eyni ruhda gedəcək: “Ermənistan Serj Sarkisyanın hökmranlığından azad edildiyi kimi kilsə də azad ediləcək”.

Əslində isə bu məsələnin əsasında kilsənin cəmiyyətin sosial və siyasi tələblərinə adekvat cavab verə bilməməsi, keçmiş hakimiyyət təmsilçiləri, xüsusilə sabiq prezidentlər - Robert Koçaryan və Serjik Sarkisyanla daim ittifaqda olması, ictimai-siyasi proseslərə birmənalı şəkildə tərəfli müdaxiləsi dayanır. Hətta Ermənistan müxalifətinin ölkədə dövlət çevrilişi planlaşdırdığı da üzə çıxıb. Elə bu səbəbdən sözügedən ölkədə həbslər aparılıb. Saxlanılanların arasında Erməni Apostol Kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan, arxiyepiskop Mikael Acapaxyan, “Taşir” qruplaşmasının lideri, rusiyalı milyarder Samvel Karapetyan və digərləri də var. Onlar hakimiyyəti ələ keçirməkdə, konstitusiya quruluşunu zorla devirməkdə ittiham olunurlar.  Bu məsələnin hakim partiyanın gündəliyindən hələ də çıxarılmaması göstərir ki, Paşinyan hakimiyyətə qarşı birləşmək istəyənlərə qarşı sərt addımlar atmaqda israrlıdır.

 Yeri gəlmişkən qeyd edək ki, avqustun 8-də II Qaregin ABŞ-ın Şərqi Erməni Yeparxiyasına bir həftəlik pontifik səfərə yola düşüb. Ermənistan mənbələrinə görə, katalikos ABŞ-da Eçmiədzinlə bağlı proqramların müzakirəsində iştirak etməklə yanaşı, dini dairələr, xeyriyyəçilər və icma təmsilçiləri ilə görüşlər də keçirəcək. Şübhəsiz, bu səfər onun həm də bu məsələni öz xeyirinə həll etmək üçün tərəfdar toplamasından, yəni, Paşinyan hökumətinə qarşı diaspor və xarici dairələrdə dəstək axtarışından xəbər verir. Bir də Ermənistanla Azərbaycan sülhün astanasında olduğu bir məqamdə II Qareginin Vaşinqtonda olması təsadüf kimi qiymətləndirilməməlidir. Yeri gəlmişkən qeyd edək ki, hazırda ABŞ-da çox mühüm bir üçtərəfli görüş keçirilir. Görüşdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirlər. Bu mənada II Qareginin üçtərəfli sülh görüşü keçirilən Vaşinqtona səfəri həm də siyasi məna daşıyır desək yanılmarıq. Görəsən, üfüqdə Bakı ilə İrəvan arasındakı sülhün göründüyü bir zamanda Paşinyan öz istədiyinə, yəni, rəqiblərini tamamilə sıradan çıxarmağa nail ola biləcəkmi?

Qvami Məhəbbətoğlu, “İki sahil”