"Bu razılaşma Azərbaycanın strateji baxışına böyük ölçüdə uyğun gələn, yeni regional düzəni möhkəmləndirməyə doğru atılmış ən aydın və ən qəti addımdır".
“İki sahil” xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında amerikalı siyasi şərhçi İrina Tsukerman deyib.
O bildirib ki, bu addım simvolik atəşkəsdən daha çox uzunmüddətli geosiyasi razılaşma kimi qiymətləndirilməlidir:
"Ağ Evdə imzalanma mərasimi güclü vizual andır. Tramp bunu öz diplomatik uğurlarından biri kimi təqdim etsə də, müqavilənin məzmunu Bakı üçün real çəkisi olan bir sənəddir. Dəhlizlə bağlı razılaşma İrandan keçən riskli marşrutları kənara qoyaraq Naxçıvana birbaşa quru əlaqəsinin qurulması və Ermənistanın bunu əngəlləmə imkanının aradan qaldırılması baxımından Azərbaycanın onilliklərdir hədəflədiyi məqsədi təmin edir. Bu razılaşma son illərdəki hərbi uğurlar nəticəsində formalaşmış reallığı döyüş meydanına qayıtmağa ehtiyac olmadan rəsmiləşdirir. Bakı strateji dərinlik əldə edir, eyni zamanda enerji və ticarət üçün əsas regional qovşaq kimi rolunu gücləndirir. Bu dəhlizin ABŞ-nin təminatı ilə çərçivəyə salınması Azərbaycana təkcə təhlükəsiz keçid deyil, həm də Vaşinqtonun layihəyə birbaşa maraqlı tərəf kimi qoşulması ilə gələn beynəlxalq legitimlik qazandırır. Bu isə Ermənistanın siyasi və ya hərbi yolla kursun dəyişmə ehtimalını kəskin azaldır və İrəvanı Azərbaycanın xeyrinə daha çox işləyəcək qarşılıqlı iqtisadi asılılıq sisteminə bağlayır.
Dəhliz təkcə yol deyil, Azərbaycanı öz anklavı ilə birləşdirən, eyni zamanda regional enerji kəmərləri, fiber-optik xətlər və Mərkəzi Asiyanı Avropa ilə bağlayan yük marşrutları üçün tranzit nöqtəsi olacaq bir arteriyadır. Bütün bunlar Azərbaycana Türkiyə və digər müttəfiqlərlə tərəfdaşlığı möhkəmləndirməyə, eləcə də Şərq-Qərb ticarətində əvəzolunmaz halqa kimi mövqeyini gücləndirməyə imkan verəcək. Razılaşmada ABŞ-nin rolunun təsbit olunması Bakıya əlavə geosiyasi sığorta verir. Bundan sonra Vaşinqtonun dəhlizin fəaliyyətinin kəsilməməsinə bilavasitə marağı olacaq", - deyə analitik əlavə edib.
İ.Tsukerman deyib ki, İrəvan razılaşmanı rədd etməyin diplomatik təcrid və gərginlik riski daşıdığını bilir:
"Azərbaycan masa arxasına inamla oturdu və uzunmüddətli strateji məqsədlərinə uyğun şərtləri diktə edə bildi. Trampın komandası bunu hər iki tərəfin qələbəsi kimi təqdim etsə də, reallıqda Azərbaycan 2020-ci il müharibəsindən bəri izlədiyi bütün əsas hədəflərə çatdı və suverenliyini və təhlükəsizliyini zəiflədəcək heç bir güzəşt etmədi. Bu razılaşmanın Cənubi Qafqazdakı güc balansını əsaslı şəkildə dəyişdirdiyini də vurğulamaq lazımdır. Uzun illər bu münaqişədə özünü vasitəçi elan edən Rusiya faktiki olaraq kənarlaşdırılıb. Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığı artıq ABŞ dəstəyi ilə daha geniş çərçivədə fəaliyyət göstərir ki, bu da Bakıya eyni anda həm Ankara, həm də Vaşinqton tərəfindən dəstək almaq kimi üstünlük qazandırır. Bu, Azərbaycanın regional və qlobal məsələlərdə, xüsusilə enerji bazarında, eləcə də həm Rusiya, həm də İrandan yan keçən yeni nəqliyyat dəhlizlərinin formalaşdırılmasında təsir gücünü artırır.
Ermənistanın daxili siyasəti və ya xarici qüvvələrin razılaşmanı pozmağa cəhd etməsi mümkündür, lakin iqtisadi stimullar, ABŞ-nin iştirakı və Azərbaycanın güclü təhlükəsizlik imkanları ilə dəstəklənən bu dəhlizin strukturu onu əvvəlki atəşkəs və çərçivə razılaşmalarından daha dayanıqlı edir. Bakı üçün bu, təkcə diplomatik uğur deyil, həm də qələbənin qalıcı geosiyasi aktivə çevrilməsi deməkdir. Bakı üçün bu, strateji qələbədir. ABŞ-nin iştirakı dəhlizin davamlı maliyyələşdirilməsini, qabaqcıl mühəndislik həllərini və yüksəksəviyyəli təhlükəsizlik tədbirlərini təmin edəcək", - siyasi şərhçi bildirib.
O əlavə edib ki, iqtisadi baxımdan, ABŞ-nin iştirakı Azərbaycanın dəhlizi Rusiya və İran tranzit şəbəkələrinə alternativ kimi inkişaf etdirilən Şərq-Qərb ticarət marşrutlarına inteqrasiya etməsinə imkan verəcək: "Vaşinqtonun iştirakı ilə ABŞ şirkətləri dəhlizi Türkiyə, Qara dəniz və nəhayət, Avropaya qədər uzanan daha böyük logistika şəbəkəsinə bağlaya bilərlər. Azərbaycan ixracatçıları üçün, xüsusən də enerji, kənd təsərrüfatı və yüksəkdəyərli sənaye məhsulları ixracı ilə məşğul olanlar üçün bu, beynəlxalq bazarlara daha sürətli çıxış, daşınma xərclərinin azalması və regional təchizat zəncirlərində güclü mövqe demək olacaq. ABŞ-nin iştirakı beynəlxalq investorlar üçün də güclü siqnaldır. Bu, onlara dəhlizin siyasi qeyri-sabitliyə həssas ikitərəfli eksperiment deyil, ABŞ-nin iqtisadi və siyasi çəkisi ilə təmin olunan strateji layihə olduğunu göstərir. Bu, təkcə dəhlizə deyil, həm də onun əlaqələrindən faydalana biləcək Azərbaycan sənaye sahələrinə əlavə sərmayələr cəlb edə bilər. Azərbaycanın uzunmüddətli iqtisadi strategiyası üçün bu, ölçüyəgəlməz dəyərə malikdir. Bu, dəhlizi sırf nəqliyyat layihəsindən çoxşaxəli platformaya çevirir. ABŞ-nin birbaşa iştirakı sayəsində isə bütün bunlar Azərbaycanın açıq iqtisadi siyasətinə uyğun idarəetmə və təhlükəsizlik çərçivəsində həyata keçiriləcək. Nəticədə dəhliz həm milli aktivə, həm də beynəlxalq müdafiə olunan ticarət arteriyasına çevriləcək - Mərkəzi Asiya, Qafqaz və Avropa arasında Azərbaycanın əvəzolunmaz körpü rolunu möhkəmləndirəcək" - deyə İ.Tsukerman fikrini yekunlaşdırıb.