31 oktyabr 2016 23:37
703

“Human Riqhts Watch”un “ədaləti dəyərləndirmə mexanizmi”

Missiyasına aid olmayan məsələlərə burnunu soxan “Human Riqhts Watch”un növbəti qərəzli hesabatında Azərbaycanda guya insan hüquq və azadlıqlarının qorunmasının  yaxşı vəziyyətdə olmaması barədə sərsəmləmələr təkrar olunur. Ənənəsinə sadiq qalan qurumun ölkəmizə münasibətinin hansı səviyyədə olmasını nəzərə alaraq yazılanların həqiqəti əks  etdirmədiyini bizim kimi, onları təlimatlandıran, maliyyələşdirən sifarişçilərin özləri də bilirlər. Fransız filosofu Rene Dekartın “Hər şey müqayisədə bilinir” sözlərinə istinad etməklə  həqiqətlə  yalan və iftiranın hansı səviyyədə təqdim olunmasına aydınlıq gətirək.

Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını nəzərdə tutan “Brexit” prosesindən sonra iflas ərəfəsində olan Avropa təsisatlarında fikir ayrılıqları və parçalanmalar davam edir. Bu cür dağılmanın bütün qitə üçün xoşagəlməz hadisələrlə nəticələnəcəyini nəzərə alan nisbətən kiçik dövlətlərə təsir, təhdid vasitələrini artırmaqla pərakəndiliyin arxa planda saxlanılmasına çalışırlar.

Geosiyasi maraqlarını gerçəkləşdirmək naminə Əfqanıstanda, İraqda, Tunisdə, Liviyada, Suriyada törədilən silahlı toqquşmalarla bağlı planların tətbiqində və həyata keçirilməsində əsas oyunçu yenə də Qərb dövlətləri və ABŞ-ın göstərişləri ilə idarə olunan Avropa təşkilatlarıdır. Başqa sözlə deyilsə, hər bir dövlətin suverenliyini və müstəqilliyini nəzərə almayaraq onlarla kölə kimi davranmağa adət etmiş güclü dövlətlər üçün hətta kompromis variantı belə qəbuledilməzdir. Balkanlarda yaranan vəziyyətin daha acınacaqlı sonluqla başa çatacağını düşünməyən Qərb ölkələri tərəfindən atılan düşünülməmiş addımlar, beynəlxalq hüquq normalarının bilərəkdən pozulması bölgədə siyasi xəritənin zorla dəyişdirilməsi, Ukraynada gərginlik, Krımın ilhaqı ilə nəticələndi. Təbii ki, bu cür mürəkkəb geosiyasi hadisələr zamanı dövlətlərlə birlikdə həmin ölkələrdə yaşayan insanların da hüquqları pozuldu. Mərhumiyyətlərə düçar oldular. Amma “Human Rights Watch” kimi təşkilatlar hadisələri sükutla qarşıladılar. Əsl məntiqsizlik də elə budur: ölkələrə supergüclərin maraqlarına uyğun yanaşma, qiymətləndirmə və təbliğat mexanizminin özgələrinin, kənar qüvvələrin xeyrinə çalışması.

Çox təəssüf ki, bu zərərli “mexanizmi hərəkətə gətirən detallar”, yəni həmin güclərin yaratdıqları “beşinci kolon”ların saxta informasiyalarına bəlli mənbədən “don geyindilir” sonra isə  qərəzli hesabatlarda reallıq kimi qələmə verilir. Necə deyərlər, alan bəlli, satan bəlli.

Ötən aylarda 15 nəfər ABŞ senatoru Prezident İlham Əliyevə məktub göndərərək cinayət törədən bir neçə şəxsi “siyasi məhbus” hesab edərək onların qeyd-şərtsiz azad olunmasını tələb etmişlər. Təbii ki, bu cür həyasızlıq müstəqil bir ölkənin daxili işlərinə müdaxilə olmaqla insanların deyil, bir dövlətin hüquqlarının pozulmasıdır. Tanımadıqları azərbaycanlıların “hüquqlarını müdafiə” edən senatorlar Birləşmiş Ştatlarda pozulan insan hüquqlarını unutdular. “Human Riqhts Watch” uzun zaman müzakirə olunan, ABŞ-da milli zəmində baş verən Ferqyuson hadisələri, Quantanamo həbsxanasında saxlanılanların, polislə qarşıdurmalarda öldürülən dinc sakinlərin taleyi ilə maraqlanmadı. Anoloji hadisələr zamanı  əsl mənada insan hüquqları pozuldu, qaradərililər qətlə yetirilib, xəsarət aldılar. Cinayət hadisələrinin əsas mötivləri isə irqi ayrı-seçkilik zəminində baş verir. Birləşmiş Ştatların Baltimor şəhərində həbs olunan 25 yaşlı Freddi Qreyin ölümü, Missuri ştatının Sent Luis şəhərində 23 yaşlı qaradərilinin, Oklahoma ştatının Tulsa şəhərində 44 yaşlı Erik Harrisin qətli ABŞ-da irqi ayrı- seçkiliyin davamlı hal almasının göstəricisidir. Görünür, öldürülən amerikalıların hüquqları “Human Riqhts Watch” üçün o qədər də önəmli deyil. Çünki ölənlər qəradərilidirlər və onları insan hesab etməyənlər üçün  zəncilərin hüquqlarının qorunmasına da ehtiyac yoxdur. Bax, budur adı çəkilən təşkilatın insan hüquqlarının qorunması kriteriyası.

Qərəzli hesabatlarda iddia olunur ki, guya Azərbaycanda məhbuslara münasibət pisdir.  Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanalarında müsəlman məhbusların məhkəməsiz və istintaqsız saxlanması, onlarla qeyri-insani rəftar, qadağan olunmuş amansız işgəncələr isə təhqiqat obyekti olmur. Halbuki dünyada 19 belə həbsxana vardır. Bunların bəziləri Polşa, Litva, Bosniya və Herseqovina, Rumıniya və digər Avropa dövlətlərində yerləşir.

BMT İnsan Haqları Komissiyasının məruzəsində dünyanın hər yerində ABŞ-ın gizli həbsxanalarının sayından, orada məhbusların adi hüquqlarının qorunmamasından bəhs olunur.

Ədalətsizliyə daha bir misal. Sığınacaq tapmaq üçün ölkəmizə üz tutan ermənilərlə bağlı Azərbaycana xəbərdarlıq edilir. Amma bir neçə ildir ki, doğma torpağını ziyarət etdiyi üçün ermənilər tərəfindən əsir alınan, dəhşətli işgəncələrə məruz qalan kəlbəcərli Dilqəm Əsgərov və başqalarının taleyi insan haqlarının qorunması ilə məşğul olanları düşündürmür. Qərbin düşünülmüş şəkildə Şimali Afrika və Yaxın Şərq ölkələrində həyata keçirdiyi “rəngli inqilablar”” və “ərəb baharı”” nəticəsində dağılan ölkələri tərk edən qaçqınların da taleyi Azərbaycanı hədəfə götürən təşkilatları maraqlandırmır. Eyni mərkəzdən idarə olunan İŞİD, PKK kimi terror təşkilatlarını yaradan, silahlandıran,  güya beynəlxalq terrora qarşı koalisiya təşkil etməklə  sabitliyin bərpasına nail olmaq görüntüsü yaradan ABŞ əksinə, silahlı qruplaşmaları  təmin edən dövlətlərdəndir. “Human Riqhts Watch” üçün bu fakt da qəbulolunandır

Qərb siyasətində tez-tez hallandırılan və dəhşətli faciələrin səbəbi kimi təbliğ olunan  islamofobiya əslində  dini, irqi ayrı-seçkiliyi təbliğ edən mənfi tendensiyalardır. Dinlərarası dəyərləndirmə sisteminin acı nəticələri müsəlman və xristian ölkələrinə göstərilən fərqlilikdə də əksini tapır.

Azərbaycana qarşı qərəzli mövqedə dayananlara xatırlatmağa dəyər ki, məhz Serj Sarkisyan rejimi Yerevanda kütləvi nümayişin amansızcasına dağıdılmasına sanksiya vermiş, 10 nəfər soyuqqanlılıqla qətlə yetirilmişdir. Elektrik enerjisi üçün tariflərin hədsiz yüksək olmasına etiraz edən yüzlərlə dinc insan da polisin təzyiqlərinə məruz qalmışdır. Amma “Human Riqhts Watch”un hesabatlarında bununla bağlı münasibət bildirilmədi.

“Şərq Tərəfdaşlığı” üzrə 2015-ci ildə keçirilmiş Riqa Sammitinin yekunu kimi qəbul olunmuş bəyanatda da ayrı-seçkilik diqqəti cəlb etdi. Sənəddə “tərəfdaşlığa” daxil olan “altılıq” ölkələrinin Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlüyünə dair müddəaların olmaması fikir ayrılığına səbəb oldu, Gürcüstan və Ukrayna kimi ölkələrə vizasız rejim təqdim olunması məsələsi də sammitdə konkret həll edilmədi.

Lakin hətta bu cür uğursuz sammitdə də Aİ rəsmiləri Azərbaycanı guya birgə bəyannamənin mətnini imzalamaqdan imtina etmiş qeyri-konstruktiv iştirakçı kimi təqdim etməyə çalışdılar.

Bəyannamədə Krımın işğal edilməsi kəskin pislənilir, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin birmənalı şəkildə dəstəkləndiyi bildirilir. Həmin sənədi tərtib edənlər ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə yönəlmiş fəaliyyətinin Avropa İttifaqı tərəfindən dəstəklənməsini yalnız bəyan etdilər. Krım problemi həmin sənəddə “qanunsuz ilhaq”” şəklində əks olunur, amma Dağlıq Qarabağ məsələsində təcavüzə prinsipial qiymət verilmir, qarşıya heç bir vəzifə qoyulmur, diplomatik  təsir vasitələrindən istifadəyə ehtiyac duyulmur. Qərb KİV-ləri özlərinin çoxsaylı məqalələrində Vilnüsdə və Tbilisidə baş vermiş hadisələr (orada da dinc vətəndaşlara qarşı hərbi cinayətlər törədilmişdi, lakin bu hadisələr 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qırğınla müqayisə edilə bilməzdi) pislənilir. Keçmiş sovet imperiyasının Azərbaycana qarşı siyasi təcavüzü olan 20 Yanvar hadisələri, ermənilərin törətdikləri Xocalı soyqırımı,  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimiz, Ermənistanın torpaqlarımızı işğalı nəticəsində yaranan 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyi ilə isə maraqlanan yoxdur. Bu məqamda insan hüquq və azadlıqlarının qorunması Qərbin, Avropa təsisatlarının yadına düşmür. ATƏT-in Bakıdakı ofisinin rəhbəri Aleks Şahtaxtinski Azərbaycana müsbət mövqeyinə görə qəflətən işdən azad olunur. Səbəbi də aydındır. ATƏT və digər təsisatların nümayəndələri qarşısında tələblər qoyulur: təmsil olunduqları ölkələrdə  siyasi sabitliyi pozmaq, qarışıqlıq yaratmaq.

Bu kimi hallar Prezident İlham Əliyevin bu sözlərini bir daha təsdiqləyir: “Dünyada beynəlxalq hüquq işləmir, müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç bir dəyəri yoxdur. Kimin gücü var o, müqavilələrə məhəl qoymur. Yəni, dünyada yeni bir dövr başlayıbdır, bunu biz bilməliyik... Bunu biz görürük, bunu görməyən yoxdur. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Bu nəyi göstərir? Onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət...”

 Qərbin təxribat mexanizmi- “beşinci kolon” yaratmaq, müxalifyönlü qeyri-hökumət təşkilatlarını təlimatlandırıb maliyyələşdirmək, nümayəndələrini “hüquq müdafiəçisi”” mükafatlarına təqdim etmək, onların simasında “haqq işi uğrunda” mübarizlik obrazı” yaratmaq prinsipləri artıq ifşa olunub. Leyla Yunus, Xədicə İsmayılova “təcrübəsi” nümunədir. Bu “ kimi qurumların arxasında isə Milli Demokratiya İnstitutu-MİD, Beynəlxalq Araşdırmalar və mübadilə Şurası-İREX, Beynəlxalq İnkişaf Agentliyi-USAİD, Avropa Demokratiyaya Yardım Fondu- EED, Mərkəzi Kəşfiyyat İdarəsi- MİK, Açıq Cəmiyyət İnstitutu- Soros Fondu kimi antiazərbaycan təşkilatları dayanır. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi nümayəndələri ilə görüşündə respublikamıza qərəzli yanaşmalara ən tutarlı cavabın ölkəmizin reallıqları olduğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz demokratik inkişafa və insan haqlarının qorunması işinə sadiqdir: “Düşünürəm ki, burada insan haqlarının qorunması ilə bağlı vəziyyət daha müsbət qiymətləndirmə tələb edir.”

Xuraman İsmayılqızı, “İki sahil”