10 avqust 2025 08:10
186

Cənubi Qafqazda yeni geosiyasi vəziyyət formalaşır - MÜƏLLİFİ AZƏRBAYCANDIR

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Prezident Donald Trampla yüksəksəviyyəli görüşü yalnız ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyması deyil, ümumiyyətlə, Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi vəziyyətə təsir edə biləcək möhtəşəm hadisədir. Bu tarixi görüş həm Azərbaycan-ABŞ strateji münasibətlərində, həm də Azərbaycan-Ermənistan sülh prosesində yeni bir mərhələ açır.  Elə bu kimi səbəblərdən  Prezident İlham Əliyev avqustun 8-ni bütün region üçün çox müsbət nəticələr verəcək tarixi gün adlandırıb. Şübhəsiz, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.

Qeyd edək ki, 2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onun namizədliyini dəstəkləmişdir. 
Prezident İlham Əliyev bu il iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə isə Donald Trampın Cənubi Qafqaz prosesində fəal iştirak etdiyini və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə olduğunu vurğulamaqla yanaşı, bu sözləri də demişdi: “Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir”.
Bəli, həqiqətən də D.Tramp yenidən ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açılıb. Bu isə o deməkdir ki, ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Artıq əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Bu səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur. Qeyd edək ki, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı  3 istiqaməti (enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə; müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq) əhatə edəcək.

Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd də imzalanıb. Xatırladaq ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdi. Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına 907 saylı düzəlişi yenidən canlandırmış, Azərbaycana qarşı təziq vasitəsi kimi istifadə etməyə çalışmışdır.
ABŞ Prezidenti D.Trampın şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir N.Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə də imzalanıb. Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün  2 əsas şərti irəli sürmüşdü. Bunlardan biri Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi, digəri isə Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması idi. Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib ki, sübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişiləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq: “Əks təqdirdə, bu, birinci növbədə, Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq”.

Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqlənir. Minsk qrupu ilə bağlı verilmiş qərar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin növbəti sübutudur. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev bu qurumla bağlı illərdir ardıcıl və prinsipial mövqe nümayiş etdirərək bildirmişdi ki, Minsk qrupu artıq öz funksiyasını itirib və onun dirildilməsinə cəhdlər mənasızdır. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, münaqişə artıq həll olunub, Qarabağ problemi bağlanıb və Azərbaycan öz torpaqlarını özü azad edib. Belə olan halda, heç bir əsas qalmırdı ki, bu struktur formal olaraq belə saxlanılsın.
Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. 2026-cı ildə Ermənistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq. 
Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Bu gün dövlət başçısının bu tələbi də Ermənistan tərəfindən qəbul edilib. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur Dəhlizi reallaşır.

Qeyd edək ki, Vaşinqtonda, həmçinin Zəngəzur Dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında saziş imzalanıb. Prezident D.Tramp Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq. Onu  da qeyd edək ki, Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan beynəlxalq nəqliyyat layihəsi regionun bütün ölkələri üçün iqtisadi perspektivlər açır. 
Vaşinqtonda baş vermiş daha bir tarixi hadisə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanmasıdır. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Onu da qeyd edək ki, paraflanma hələ sülh müqaviləsinin imzalanması demək deyil. Amma etiraf edək ki, hər halda sülh istiqamətindən ciddi addımdır. Bir nüansı da vurğulayaq ki, Avropa İttifaq (Aİ) Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayıb. Vurğulanır ki, bu sənədin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir.

Bütün bunlar bir daha göstərir ki, Prezident İlham ƏIiyevin liderliyi ilə Azərbaycan bütün hədəflərinə nail olur. Göründüyü kimi, Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul edib. Şübhəsiz, bu,  Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir. Bunu həm də Azərbaycanofobiya xəstəliyinə tutulmuş Fransa Prezidenti Makronun, keçmiş qondarma qurumu “tanıyan” fransız deputatların, Avropa Parlamentinin, Qərb mediasının, Amnesty International, Human Rights Watch, erməni lobbisinin, ANCA-nın, ölkəmizi sanksiya, təcridlə hədələyənlərin, Borellərin, Frenk Pallonelərin, Adam Şifflərin iflası kimi dəyərləndirmək olar. 
Bu məqama dövlətimizin başçısının Trampa müraciətlə dediyi bu sözləri xatırlatmaq yerinə düşər: ”Son bir neçə ay ərzində Siz Asiya, Afrika və nəhayət Cənubi Qafqaza sülh gətirdiniz. İnanılmazdır”. Həqiqətən də, inanılmazdır. Yeri gəlmişkən qeyd edək ki, Tramp dövlətimizin başçısına Ağ Evin rəmzi açarını da  təqdim edib və belə deyib: “Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”.

Qvami Məhəbbətoğlu, “İki sahil”