Azərbaycan Prezidentinin Vaşinqtona səfəri Bakı ilə Vaşinqton arasında münasibətlər üçün əlamətdar hadisədir. Azərbaycan-Amerika münasibətləri tarixində ilk dəfə olaraq ən yüksək səviyyədə dialoq qeydə alınıb, Prezident İlham Əliyevlə Ağ evin rəhbəri Donald Tramp arasında səmimi atmosfer və mehriban söhbət də bunu sübut edir.
“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç deyib.
H.Kılıç ABŞ-la strateji tərəfdaşlıq xartiyasının müzakirəsi üçün Azərbaycan nümayəndə heyətinin formalaşdırılması planları fonunda təhlükəsizlik və enerji sahələrində də daxil olmaqla, razılaşdırılmış əməkdaşlıq sahələrinin geniş spektrinə diqqət çəkib.
“İMZA” İctimai Birliyinin nümayəndəsi Prezident İlham Əliyevin Vaşinqtona səfərinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin bərpası kontekstində əhəmiyyətini qeyd edib. “Zəngəzur dəhlizinin adından asılı olmayaraq, quru arteriyasının açılması faktının özü vacibdir ki, bu da Şərqlə Qərb arasında yeni marşrutun açılmasına şərait yaradacaq”, - deyə sabiq səfir vurğulayıb.
O, bu istiqamətdə avtomobil və dəmir yolu əlaqələrinin mümkün qədər tez açılacağına ümid etdiyini bildirib.
Türkiyənin sabiq səfirinin sözlərinə görə, Ağ evdəki danışıqların digər mühüm nəticəsi Bakı və İrəvanın Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə birgə çağırışı olub.
Bundan əlavə, ekspert Ermənistanın hazırkı Konstitusiyasının preambulasında Azərbaycana qarşı hər hansı ərazi iddialarının çıxarılaraq dəyişdirilməsinin vacibliyini qeyd edib. "Görünür, bu problemin aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni imzalanmaq üçün açıq olacaq", -deyə o hesab edir.
Onun sözlərinə görə, iki ölkə liderlərinin Ağ Evdə görüşü ilə əlamətdar olan Azərbaycan və Ermənistan arasında münasibətlərin yeni mərhələsi bütün Cənubi Qafqaz regionunda hərtərəfli əməkdaşlığa və tərəqqiyə qapı aça bilər. “Bakı ilə İrəvan arasında məhsuldar dialoq regionda ziddiyyətləri və gərginliyi saxlamaq istəyən qüvvələrə zərbə olacaq”, - deyən “İMZA” İctimai Birliyinin nümayəndəsi əmindir ki, Azərbaycan Prezidentinin Vaşinqtona səfərini “Cənubi Qafqaz regionu üçün tarixi hadisə” adlandırmaq olar.
Hulusi Kılıç vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında imzalanan sazişlər üçüncü dövlətlərə qarşı deyil və ümumbəşəri rifaha töhfə verəcək.
Sabiq səfir açıqlamasının sonunda qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesinin uğur qazanması Ankara ilə İrəvan arasında münasibətlərə də müsbət təsir edəcək.