11 avqust 2025 12:43
145

Səkinə Babayeva qadın sahibkarlığının inkişafı mövzusunda beynəlxalq tədbirdə çıxış edib

Tailandın Astana şəhərindəki Səfirliyi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CİCA) Katibliyi və Çulalongkorn Universitetinin Asiya Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə Bangkok şəhərində “Qadınların rolu və CİCA üzv dövlətlərində KOB-ların inkişafına töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirin açılış sessiyası Çulalongkorn Universitetinin Asiya Araşdırmaları İnstitutunun direktoru dosent Dr. Pavika Sriratanabanın salamlayıcı çıxışı ilə başlayıb. Ardınca Tailand Krallığının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Piyapin Niyomrerks tədbir iştirakçılarını salamlayaraq qadın sahibkarlığının beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb. Daha sonra CİCA Baş katibinin müavini cənab Farid Damirli və Tailand KOB-ların İnkişafı İdarəsinin (OSMEP) baş direktorunun vəzifəsini icra edən xanım Panita Şinavatra çıxış ediblər. Açılış nitqlərindən sonra tədbir iştirakçılarının rəsmi “CİCA ailə fotosu” çəkilib.

Daha sonra iştirakçılar Tailandlı qadın sahibkarların məhsullarından ibarət sərgi stendlərini ziyarət ediblər. Günün davamında keçirilən “Təcrübə və bilik mübadiləsi” sessiyalarında CİCA üzv dövlətlərindən olan sahibkarlar 10 dəqiqəlik təqdimatlarla çıxış ediblər. Azərbaycanı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva təmsil edərək, ölkəmizdə qadın sahibkarlığının inkişaf istiqamətləri, innovativ yanaşmalar, AQSİA-nın geniş fəaliyyəti və beynəlxalq əməkdaşlıq təşəbbüsləri barədə məruzə ilə çıxış edib.

Təqdimatlarda həmçinin Hindistan, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Monqolustan, Pakistan, Qətər, Şri-Lanka, Tacikistan, Tailand, Türkiyə, BƏƏ və Vyetnamdan nümayəndələr iştirak ediblər. Sessiyalar arasında kofe fasilələri və sərgi stendlərinin nümayişi təşkil olunub, tədbir isə yekun müzakirə və nəticələrin ümumiləşdirilməsi ilə başa çatıb.

Konfrans çərçivəsində AQSİA-nın fəal üzvü Pərvanə Axundova da iştirak edərək, beynəlxalq qadın sahibkarlığı şəbəkələri ilə əlaqələrin qurulmasında Assosiasiyanın fəal mövqeyini dəstəkləyib.

Tədbir qadın sahibkarların regional əməkdaşlığını gücləndirmək, bilik və təcrübə mübadiləsini təşviq etmək və yeni biznes imkanlarının yaradılmasına şərait yaratmaq məqsədilə uğurla həyata keçirilib.