12 avqust 2025 23:13
94

Zəfər şəhidi

İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı yenilməz, mübariz olduğunu şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarının şücaəti ilə bir daha bütün dünyaya bildirdi. 30 iyun 1989-cu ildə Cəlilabad rayonu, Adnalı kəndində dünyaya gələn Xəqani Fətiyev də həmin haqq savaşımızda Vətən torpağının azadlığı uğrunda özünü fəda edib şanlı tariximizə adını yazanların sırasında durur. Xəqani müharibə başlanan gündən döyüşlərə atılıb, son nəfəsinə qədər yağının kabusuna çevrilib. Şərəfli ölümü ilə vətənləşən Cəlilabadın qeyrətli oğlu milyonların ürəyində özünə yer etməklə bərabər, həm də dövlət tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və digər medallara layiq görülüb. Beş övladı da canından artıq sevdiyi Vətəninə yadigardır. Onun şəhadətindən sonra dünyaya gələn beşinci övladı şəhidin adını daşıyır.

Vətənə, millətinə məhəbbət Xəqani Hüseynəli oğlunun daxilindən, qanından, genindən gəlirdi. Müstəqil həyatına başlayanda bütün arzuların zirvəsində doğma yurdunun tərəqqisi, el-obanın xoşbəxtliyi dayanıb. Qarabağı işğal etmiş erməni faşistlərin hərəkətləri ilə heç cür barışa bilməyib. Saf vicdanı onu bir qayda olaraq Vətən torpağına dadanmış yağıdan qisas almağa səsləyib. Məhz Xəqani 2007-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına müddətli həqiqi hərbi xidmətə yola düşəndə birinci növbədə Qarabağın azadlığını düşünüb. Cəbhə bölgəsinə düşdüyü üçün bunda qurur duyub. Məqamı çatanda xalqımıza qarşı törətdiyi vəhşiliklərə görə erməni daşnaklarla sona qədər vuruşub qisas alacağına and içib.

Əsgər Xəqani layiqli bir övlad kimi Vətən qarşısında borcunu şərəflə yerinə yetirib. Mərdliyi, cəsarəti, ağıllı hərəkətləri həmişə ona uğur qazandırıb. Əsgərlikdən üzüağ tərxis olunsa da, Vətənin çətin günündə evdə qalmağı özünə bağışlamır. Yerini əlində silah cəbhə bölgəsində görüb. Odur ki, 2014-cü ildə yenidən orduya qayıdıb. Müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq Vətən torpaqlarını düşmən hiyləsindən qoruyub. Eləcə də müharibə meydanında düşmənlə üz-üzə gələndə vaxtında onun cavabını vermək üçün hərbinin qanunlarına mükəmməl yiyələnib. Əsl hərbiçiyə məxsus xüsusiyyətlərlə zabitlərin, əsgərlərin diqqətini cəlb edib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Hüseynəli oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən ölüm-dirim savaşına girib. Yağıya od qoymaqla həqiqi Vətən oğlu olduğunu göstərib. Çox yerdə torpağa axıtdığı qan Azərbaycanın üç rəngli qələbə bayrağına dönüb. Xəqani son gərgin döyüşlərdə yaralı hərbiçi yoldaşını xilas edərkən qəhrəmancasına şəhid olub. Özü düşmən gülləsinə tuş gəlsə də, onun igidliyi əsgərlər arasında qələbəyə ruh yüksəkliyi yaradıb, Vətənə, torpağa sonsuz məhəbbət hissi aşılayıb...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü