Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Güclü dövlətin arxasında onun qüdrətli ordusu dayanır. Azərbaycan ordusunun keşməkeşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm səlnaməsidir. Bizim ordumuzun tarixi şanlı qəhrəmanlıq səhifələri ilə zəngindir.
Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Ulu Öndərin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün və təşkilatçılıq qabiliyyətinin nəticəsidir.
Ümummilli Liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasına, həmçinin daha çox azərbaycanlı gəncin Bakı Ali Birləşmiş Komandan lıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, eləcədə SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə təhsil almalarına nail olan Ulu Öndər bu günkü müstəqil dövlətimiz üçün peşəkar zabit kadrlarının hazırlanması işinin əsasını qoydu.
Müstəqilliyimizi yenidən bərpa etdikdən sonra isə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanda qısa müddətdə ordumuzun strukturu tam formalaşdırıldı, bütün növ hərbi birləşmələr yaradılaraq komplektləşdirildi, nizamlı, peşəkar və vahid komandanlığa tabe olan bir ordu quruldu. Həyata keçirilən tədbirlər, ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrinin inkişafında yeni mərhələ oldu. Hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi. 1997-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin bazasında Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzi təşkil edildi. Ümummilli Liderin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Ulu Öndər zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə çox mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun verdi və ölkədə müasir ordu formalaşdırılmasının əsasını qoydu. Ordu quruculuğuna xüsusi diqqət yetirən Ulu Öndər deyirdi: “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”. Ulu Öndərin 1998-ci ildə imzaladığı fərmanla bu tarixi günün rəsmi bayram elan edilməsi ordumuza, hərbçilərimizə verilən ən ali qiymətin təzahürü idi.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsində tarix yazdı. Otuz illik torpaq həsrətinə, işğala cəmi 44 gündə son qoyuldu. Şuşanın sıldırım qayalarını yalın əllərlə, süngü ilə dırmaşaraq dastan yazan əsgərimizin ruhu, bu gün hər birimizin qürur mənbəyidir. Ardınca həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tamamilə bərpa olundu. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən, eləcə də könüllü olaraq cəbhəyə yollanan Azərbaycan gəncləri böyük qəhrəmanlıqlar göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdılar. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Vətən müharibəsi silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu gün üçrəngli şanlı bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında və Qarabağın hər bir qarışında qürurla dalğalanır. Bu, Azərbaycan əsgərinin, Azərbaycan zabitinin gücüdür.
Bu gün müstəqil Azərbaycan Respublikası dünya dövlətlər arası münasibətlər sistemində öz yerini tutmuş və bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, dönməzdir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti-məişət şəraitinin, maddi rifah halının, mənzil məsələlərinin yaxşılaşdırılması və sosial qayğılarının həlli istiqamətində görülən işlərin davam etdirilməsi ordu quruculuğuna göstərilən qayğının bariz nümunəsidir.
Bu gün Azərbaycan Ordusu yaradılmasının ildönümünü böyük qürur hissi ilə qeyd edir. Xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına öz töhfəsini verəcək.
Gülxarə TARVERDİYEVA,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı