“Azərbaycan və Ermənistan arasında Vaşinqtonda bağlanmış sülh sazişi Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflasıdır. Rusiya regionda nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri etiraf etmək və böyük dövlət statusunu “bərpa etmək” vaxtıdır.”
Bu fikri Rusiyanın milli sovinizm siyasətinin memarlarından sayılan avrasiyaçı alim Aleksandr Duqin bildirib. Onun sözlərinə görə, ABŞ-da bağlanmış bu müqavilə Rusiyanın gücsüzlüyünün sübutudur: "Biz artıq postsovet məkanına da nəzarət etmirik. Əgər burada bizə hörmət edilməsə, dünya səhnəsində bizimlə kim hesablaşacaq? Bu, sadəcə olaraq məğlubiyyət deyil, hər bir rusun sifətinə vurulan şillədir.”
Duqin heç olmasa hikkəsini gizlətmir, üstəlik diş qıcayır, sanki hamının bunlara borcu var. Utanmadan postsovet məkanına nəzarətdən danışır. Bu adam fikrən keçən əsrin 90-cı illərində qalıb. Özlərinə qarşı hörmət tələb edən duginlər özlərinin də hörmət etməli olduqlarını peysərlərinin arxasına vururlar. “Hər bir rusun sifətinə vurulan şilləni” kim qazanıb görəsən? Dugin bu suala niyə cavab axtarmır? Çünki sərf etmir.
Kreml ideoloqu tələb edir ki, “günahkar cavab verməlidir. Ya biz öz maraqlarını müdafiə etməyə qadir olan imperiyayıq, ya da "müttəfiqlərimizin" bizə xəyanəti ilə barışmalıyıq. Ədalət olmasa, gələcəyimiz də yoxdur".
ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda keçirilən tarixi görüşlə bağlı paylaşım etməsi, bu paylaşımda Azərbaycan Prezidenti İlham Əliyev ilə və Ermənistanın baş naziri Nikol Paşinyanla uzun illər davam edən münaqişə və itkilərdən sonra sülh sazişi imzalamaq mənim üçün böyük şərəfdir deməsi, xüsusilə “Onlar iki möhtəşəm insan və böyük liderdirlər. İndi isə mənim yaxşı dostlarım oldular!”, - deyə vurğulaması Kremldə bomba kimi partlayıb.
Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtondakı danışıqlarına dair şərhində bildirilir: “Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, hazırkı Ermənistan-Azərbaycan normallaşma mərhələsi 2020-ci il 9 noyabr tarixində Qarabağ münaqişəsi zonasındakı atəşkəsin və bütün hərbi əməliyyatların dayandırılması barədə ali səviyyədə qəbul edilmiş üçtərəfli bəyanatla, Rusiyanın birbaşa vasitəçiliyi və mərkəzi rolu ilə start götürüb. Regionda Rusiya sülhməramlı kontingenti yerləşdirilib və bu kontingent vəziyyətin sabitləşməsinə əvəzolunmaz töhfə verib. Xidməti borcunu yerinə yetirərkən həlak olmuş sülhməramlılarımızı həmişə yad edəcəyik”.
Mariya Zaxarova əsl həqiqətdən yan keçərək dövlətinə sərf edəcək fikirlər söyləyir. Həqiqəti etiraf etməli olsaydı deyərdi ki, 2020-ci ilin 9 noyabrında Ermənistanı tamamilə tarmar olmaqdan xilas etdilər. “Sülhməramlı” adlandırdığı cinayətkar hərbi kontingent də yalnız Ermənistanın maraqlarını qorumaqla məşğul idi. Həm də tez-tələsik gələcək təxribatlar üçün “ocaqlar” düzəldirdi. Ölən “sülhməramlılar” erməni gülləsinin qurbanları olublar. Onların yad ölkədə nə işi vardı? Rəssam və daşnak ideoloqu Ovanes Ayvazyanın Xankəndidəki heykəli, rus ordusu haqqında xatirə ansamblı qondarmaq, alban monastrlarını erməniləşdirmək, udinləri oralara yaxın buraxmamaq və s. təxribatlar “sülhməramlıların” xidməti idi. Hələ utanmadan sülh barədə danışırlar. Yəni, bunların üzrü günahlarından betərdir. Elə danışırlar ki, sanki “qırx qazanın mayası” olduqlarını bilən yoxdur. Var, özü də bütün dünya bilir.
Saysız-hesabsız təxribatçı əməllərdən sonra Moskva abırsızcasına ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərliyinin Vaşinqtonda keçirilən görüşünü müsbət qiymətləndirir. Halbuki sülh prosesinin bu nöqtəyə gəlib çıxmasına yüzlərlə fitnə-fəsad törədən, günahsız qanlar axıdan rəsmi Moskvanın özü idi. O cinayətlər bizim yaddaşımızdan heç vaxt silinməz. İndi üzəvari, saxta və əhəmiyyətsiz qiymətləndirmə və “təqdir” nə Azərbaycanda, nə də Ermənistanda heç kimə lazım deyil.
Vəli İlyasov, “İki sahil”