14 avqust 2025 01:25
154

Minsk qrupu “dəfn” olunur

Azərbaycan Respublikası Prezidentinin, Amerika Birləşmiş Ştatları Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamənin ikinci bəndində deyilir: “Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq”.

Artıq Vaşinqtonda əldə edilmiş razılığa əsasən, Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasına əngəl olan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər. ATƏT-in rəsmi saytında yerəşdirilmiş bəyanata görə, sözügedən qurum 8 avqustda Vaşinqton şəhərində imzalanmış Birgə Bəyannamənin icrasına dair öz mandatı çərçivəsində üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduğunu bildirib: “Biz 8 avqust tarixində Vaşinqton şəhərində imzalanmış Birgə Bəyannaməni məmnunluqla qarşılayır, bu mühüm addım münasibətilə Ermənistan və Azərbaycanı təbrik edir və onun gerçəkləşməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın mühüm rolunu yüksək qiymətləndiririk”. Bu isə o deməkdir ki, vasitəçilik mandatı olan beynəlxalq platforma tərəflərin birgə qərarı ilə bağlanır.

Bu, həm də işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymayan, mahiyyətinə uyğun fəaliyyət göstərməyən Minsk qrupunun regiondan birdəfəlik çəkilməsidir. Bu qurumun rəsmən ləğv edilməsi keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin “sənədli-sübutlu” tamamilə bağlanması deməkdir. Şübhəsiz, bu, Prezident İlham Əliyevin sülhlə bağlı təşəbbüslərinin həyata vəsiqə almasından xəbər verir. Bir sözlə, ölkəmiz 30 ildən artıq davam edən münaqişəsinin tarixə qovuşmasını və regionda dayanıqlı sülhün bərqərar olmasını reallaşdırır. Bu mənada Vaşinqton razılaşmalarını Azərbaycanın tarixi və diplomatik qələbəsi kimi dəyərləndirmək olar.

Xatırladaq ki, bu, Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaq üçün irəli sürdüyü 2 əsas şərtindən biri idi. Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi Qarabağ məsələsini vasitəçilik predmeti olmaqdan çıxarır. Ermənistan Baş naziri Nikol Paşinyan Minsk qrupunun ləğv edilməsindən danışarkən, daha doğrusu, Vaşinqtonda jurnalistlərin suallarını cavablandırarkən deyib: "Minsk qrupu niyə buraxılır? Çünki Minsk qrupu münaqişənin simvoludur və onun mövcudluğu tərəflərin bir-birinin səmimiliyinə şübhə etməsinə səbəb ola bilər". Bu isə o deməkdir ki, yekun sülh sazişi artıq zaman məsələsidir və proses yalnız Ermənistanda keçiriləcək konstitusiya referendumu ilə bağlıdır. Bu məqamda Prezident İlham Əliyevin  Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsindəki aşağıdakı sözlərini də xatırlatmaq yerinə düşər: “Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər”.

Qeyd edək ki, Minsk qrupu uzun illər ərzində Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün beynəlxalq mandata malik olsa da, onun fəaliyyəti real nəticə verməmiş, proses isə faydasız görüşlər və formal bəyanatlarla məhdudlaşmışdı. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarını azad etdiyi kimi, 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror əməliyyatı ilə də Qarabağı tam olaraq işğaldan azad  etmişdi. Bu proseslərdə Minsk qrupunun mandatı faktiki olaraq əhəmiyyət kəsb etməmiş və o qurum iflic vəziyyətinə düşmüşdü. Odur ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dəfələrlə bu mexanizmin, yəni Minsk qrupunun yararsız olduğunu və artıq fəaliyyətinə ehtiyac duyulmadığını dəfələrlə bəyan etmişdi. Məsələn, bu ilin aprelində Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edərkən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu, yəni sözügedən təsisatın fəaliyyətinin rəsmən dayandırılması üçün Azərbaycanla birgə  müvafiq müraciətin ünvanlanmasını bir daha bildirmişdi. Amma Ermənistan və onun havadarları, xüsusilə Fransa Minsk qrupunu canlandırmaqda, onun fəaliyyətini davam etdirməsində təkid edirdilər. Hətta qarşı tərəf bildirirdi ki, belə bir müraciət yalnız sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda ola bilər. Ölkəmiz isə məsələnin bu cür qoyuluşu ilə razı olmurdu. Şübhəsiz, təcavüzkar ölkə və onun havadarları bu qurumun formal olaraq qalması ilə münaqişənin hələ tam həll olunmadığını göstərmək niyyətində idilər. Amma onların bu niyyətləri də ürəklərində qaldı. Daha doğrusu,  Bayden–Blinken Administrasiyası, Avropa İttifaqı, Avropa Şurası və Avropa Parlamenti kimi mərkəzlər, həmçinin borellər, pallonelər tərəfindən  aparılan “Azərbaycanı güzəştlərə məcbur etmək” siyasəti tam iflasa uğradı.

Şübhəsiz, ATƏT-in Minsk qrupunun ləğvi təcavüzkar ölkəni silahlandırıan Fransanın regionda təsir imkanlarını da məhdudlaşdıracaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”