14 avqust 2025 00:35
132

Vaşinqtondan Zəngəzur dəhlizinə böyük dəstək

Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan Birgə Bəyannamə, Ağ Evdə paraflanan sülh sazişi, Birləşmiş Ştatlarla Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı sənədin qəbulu bölgəyə sülh vəd edir

Prezident Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda ABŞ, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli görüşü Cənubi Qafqazda davamlı sülhün təminatında önəmli addım kimi dəyərləndirildi. Beynəlxalaq aləmdə böyük diqqətlə izlənilən bu görüş barədə açıqlamalardan da aydın olur ki, əldə olunan razılaşmalara, imzalanan sənədlərə əsasən regionda sülh mühitinin formalaşması ilə avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq, sərhəd-keçid məntəqələri açılacaq, azad ticarətə maneələr aradan qaldırılacaq. Orta Dəhliz , Çinin «Bir kəmər, bir yol» layihələrinin tərəfdarlarının maraqlarına tam uyğun infrastruktur formalaşdırılacaq.

Hakimiyyətdə olduğu müddətdə Cənubi Qafqaz barədə düşüncələrini erməni ideoloqlarının göstərişi əsasında formalaşdıran ABŞ-ın sabiq Prezidenti Baydenin bölgəyə münasibətini Ağ Evdə keçirilən mətbuat konfransında «Ermənistan və Azərbaycan 35 ildən artıq müharibə şəraitində olub. Bu münaqişə uzun illər ərzində insanlara əziyyət və məhrumiyyət gətirmişdir. Bir çox ölkələr, həmçinin Avropa İttifaqı, Rusiya bunun üzərində gərgin çalışıb, lakin buna nail ola bilməyib. Ayaq üstə yuxulayan Co Bayden də bu məsələ ilə məşğul olmağa çalışıb, ancaq nəticəsi necə olub bəllidir. O, yəqin ki, bu işə 12 dəqiqə vaxt sərf edib» sözləri ilə açıqlayan Prezident Donald Tramp bildirib ki, xüsusi tranzit ərazi vasitəsilə Azərbaycan Ermənistanın suverenliyinə qəti şəkildə hörmət çərçivəsində özünün Naxçıvan bölgəsinə tam çıxış əldə edəcək. Yəni, bunun nəticəsində hər iki tərəf üçün xüsusi əhəmiyyət daşıyan bu ərazidə birgə əməkdaşlıq mümkün olacaq.

Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülhə yol açan Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması da həqiqi mənada onilliklər ərzində davam edən münaqişənin hüquqi və qarşılıqlı məqbul əsaslarla həllini gerçəkləşdirəcək vasitə kimi dəyərləndirilir. Sülh sazişinin imzalanması üçün əsas şərt olan Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına aid düzəlişlərlə, tərəfləri maraqlandıran nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz hərəkəti ilə bağlı danışqların aparılması problemlərin həllinə ümidləri artırır. Azərbaycanın digər bölgələri ilə tarixi ərazisi olan Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə təhlükəsiz quru yolu, Zəngəzur dəhlizinin açılması məsələsinin aktuallaşması xüsusilə diqqəti cəlb edir. Təkcə iki ölkəyə deyil, həm də bütün region ölkələrinin iqtisadiyyatına fayda verəcək bu dəhliz Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və əməkdaşlığın möhkəmlənməsi üçün önəmli infrastrukturdur.

Hələ sovetlər dövründə Zəngəzur dəhlizi Azərbaycan dəmir yolunun tərkib hissəsi kim fəaliyyət göstərib. Yəni, bu dəhliz heç vaxt Ermənistanın dəmir yolu strukturuna aid olmayıb, sadəcə, Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanı birləşdirir. Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Zəngəzur dəhlizinin reallaşması ilə Şimal-Cənub nəqliyyat dəhlizinin əlavə istiqamətləri açılacaq. Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artacaq. Yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə çatdırılması mümkün olacaq.

Prezident İlham Əliyevlə Ermənistanın baş nazii Nikol Paşinyanın Əbu-Dabi görüşündə qlobal əhəmiyyətə malik Zəngəzur dəhlizi ilə bağlı məsələnin müzakirəsi də subut etdi ki, bu nəqliyyat infrastrukturunun açılması dünya siyasətinin masasında həllini gözləyən vacib məsələdir. «Bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir» söyləyən Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, insanlar və yüklər Zəngəzur dəhlizi ilə təhlükəsiz hərəkət etməlidirlər. Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, həm də Amerikanın ticarət maraqları üçün vacibdir. Respublikamızın digər bölgələri ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasının əsas nəqliyyat vasitəsi olan Zəngəzur dəhlizinin bərpası ilə bağlı Azərbaycanın səylərinin qarşısını müxtəlif bəhanlər, təzribatlarla alan, şayiələr yayan ermənipərəst dairələrin yalanlarına son qoyulur.

Azərbaycanofobiyanın hərəkətverici qüvvəsi olan Bayden Administrasiyasının ölkəmizə qarşı aqressiv niyyətlərinin qarşısı alındı. «Bu gün baş verənlərin nəticəsində isə Prezident Trampın şahidliyi ilə Ermənistanın Baş nazirinin şəxsən imzaladığı birgə bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidlə bağlı mövqeyimizi dəqiq əks etdirən müddəa var. Sənəddə bu, Ermənistanın suverenliynə hörmət prinsipi ilə qeyd olunub. Beləliklə, biz istəyirdik ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz giriş əldə edək. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imza atdığı öhdəlik idi, lakin beş il ərzində heç bir irəliləyiş olmamışdı. Ərazidə heç bir iş aparılmırdı. Bu illər ərzində biz dəmir yolunu az qala Ermənistan sərhədinə çatdırmışıq. Təxminən bir ildən az vaxt lazımdır, sürətlə işləsək, bəlkə də altı aya onu tamamilə Ermənistan sərhədinə çatdırarıq» sözləri ilə Zəngəzur dəhlizinin açılması üçün qalan 40 kilometrlik yolun inşasının qısa müddətdə başa çatacağını əminliklə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dəhlizin inşası təkcə dəmir yolunun bərpası ilə bitmir. Bu layihə elektrik ötürücü xətləri, fiber-optik xətlər, potensial olaraq Azərbaycanın və Xəzərin digər tayından qonşularımızın enerji resurslarını daşıya biləcək enerji infrastrukturları ilə bağlı mühüm layihələri də əhatə edəcək. Ermənistanın tranzit ölkə olmaq şansı yaranacaq. Ermənistanda anlamalıdırlar ki, Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil.

«Biz daha güclü tranzit ölkə olmağa çalışırıq. Biz istəyirik ki, ərazimizdən keçən dəhlizlər daha çox yükdaşıma qabiliyyətinə malik olsun. Bu, pul gətirir, iş yerləri açır və siyasi imkanlar vəd edir. Söhbət Ermənistanın uzun illər özünü məhrum etdiyi imkanlardan gedir. Beləliklə, qısa variantda TRIPP kimi səslənən Zəngəzur dəhlizinin açılması bir tarixi zərurətdən yaranan qlobal əhəmiyyətli nailiiyyət olacaq. Sadəcə vaxt itirməmək lazımdır. Biz bu işlərlə mümkün qədər tez məşğul olmalıyıq. Birləşmiş Ştatlar bu marşrutu idarə edəcək və ümidvaram ki, regiondakı bütün xalqların xeyrinə bu əlaqə xətlərini qurmaq üçün həmin mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq» sözlərinin Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamədə yer alması ölkəmizin haqlı tələbinin reallaşması deməkdir. Region dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətinin təsdiq olunduğu Birgə Bəyannamədə bir daha Azərbaycanın əsas hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının vacibliyi qeyd edilir. «Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”» ( Zəngəzur dəhlizi) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ qarşılıqlı razılıq əsasında müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir.

Amerika Birləşmiş Ştatları-Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı sənəddə qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığa xüsusi diqqət yetirilir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır

Avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində ən önəmli məsələlərə aydınlıq gətirən Prezident İlham Əliyevin vurğuladığı kimi, ABŞ səfəri Cənubi Qafqaz üçün çox önəmli tarixi əhəmyyətli məsələdir. Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib. Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, həm də Amerikanın ticarət maraqları üçün əhəmiyyətini « Bu gün baş verənlərin nəticəsində isə Prezident Trampın şahidliyi ilə Ermənistanın Baş nazirinin şəxsən imzaladığı birgə bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidlə bağlı mövqeyimizi dəqiq əks etdirən müddəa var. Sənəddə bu, Ermənistanın suverenliynə hörmət prinsipi ilə qeyd olunub. Beləliklə, biz istəyirdik ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz giriş əldə edək. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imza atdığı öhdəlik idi, lakin beş il ərzində heç bir irəliləyiş olmamışdı. Ərazidə heç bir iş aparılmırdı. Bu illər ərzində biz dəmir yolunu az qala Ermənistan sərhədinə çatdırmışıq. Təxminən bir ildən az vaxt lazımdır, sürətlə işləsək, bəlkə də altı aya onu tamamilə Ermənistan sərhədinə çatdırarıq» sözləri ilə bildirən Prezident İlham Əliyev əlavə olaraq vurtulayır ki, biz artıq Yaxın Şərq regionuna daxil olmuşuq və coğrafiyamızı Avropada, eləcə də Yaxın Şərqdə genişləndirəcəyik. Bu, əslində, enerji sahəsində gələcək gündəliyimizin yalnız bir hissəsidir.

Vaşinqton görüşündə ABŞ ilə süni zəka, rəqəmsal transformasiya üzrə yaxından işləmək planları müəyyənləşdirildi. Təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və bir çox digər sahələr baxımından birgə əməkdaşlığın istiqamətləri müəyyənləşdirildi.

Xuraman İsmayılqızı, «İki sahil»