ADRA nümayəndəsi: 2025-ci ilin ilk rübündə həm paytaxtda, həm də regionlarda reklam icazələrinin sayında artım müşahidə olunub. Bu həm açıq məkanda reklam yerləşdirməyə marağın artması, həm də Agentliyin maarifləndirmə və nəzarət işlərinin effektivliyini göstərir
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) ölkədə açıq məkanda reklam sahəsinin estetik, təhlükəsiz və innovativ inkişafını təmin etmək üçün davamlı tədbirlər həyata keçirir və gələcəkdə bu sahədə standartların yüksəldilməsini əsas hədəf kimi müəyyənləşdirir. Agentlik şəhər mühitinin estetik görünüşünü qoruyaraq, regionlarda reklam qurğularının modernləşdirilməsi və yenilənməsi, həmçinin beynəlxalq təcrübənin ölkəmizdə tətbiqini prioritet istiqamət kimi qəbul edir. Bu məqsədlə ADRA 2025-ci ilin ilk üç ayında geniş monitorinq aparıb; 48 701 obyektə baxış keçirilib, 6 950 reklamın yayımı dayandırılıb və 85 364 reklamın yayımlanmasına icazə verilib. Bu göstəricilər həm maarifləndirmə tədbirlərinin effektivliyini, həm də nəzarət mexanizmlərinin operativliyini ortaya qoyur.
ADRA-nın mətbuat katibi Hüseyn Azəri ilə müsahibəmizdə Agentliyin fəaliyyəti, əldə etdiyi nəticələr, regionlarda həyata keçiriləcək yeniliklər və beynəlxalq əməkdaşlığın perspektivləri barədə mühüm məqamlara aydınlıq gətirilir.
-2025-ci ilin ilk rübündə Agentliyə daxil olan müraciətlərin və verilən icazələrin sayında artım, yoxsa əksinə, azalma müşahidə olunub?
- 2025-ci ilin ilk rübündə həm paytaxtda, həm də regionlarda reklam icazələrinin sayında artım qeydə alınıb. Belə ki, Bakı şəhərində 85 364, regionlarda isə 51 107 reklam yayımına icazə verilib. Bu, həm açıq məkanda reklam yerləşdirməyə marağın artması, həm də Agentliyin həyata keçirdiyi maarifləndirici tədbirlərin və nəzarət mexanizmlərinin gücləndirilməsi ilə bağlıdır.
-Qeyri-qanuni reklam daşıyıcılarının aşkarlanması və aradan qaldırılması istiqamətində hansı konkret tədbirlər görülüb?
-Bu sahədə əsas fəaliyyət istiqamətimiz mütəmadi monitorinqlərin keçirilməsidir. Qeyri-qanuni reklam aşkar edildikdə sahibkara ilkin olaraq xəbərdarlıq edilir və reklamın qanunvericiliyə uyğunlaşdırılması üçün vaxt verilir. Bu, nəzərə alınmadıqda inzibati protokol tərtib olunaraq reklamın yayımı dayandırılır. Təkcə 2024-cü ildə açıq məkanda 24 minə yaxın reklam demontaj olunub.
-Maarifləndirmə tədbirləri bu sahədə hansı müsbət nəticələrə səbəb olub?
-Maarifləndirmə bizim əsas prioritetlərimizdən biridir. Sahibkarlara “Reklam haqqında” Qanunun tələbləri izah olunur, texniki və estetik tələblərlə bağlı tövsiyələr verilir. Biz çalışırıq ki, inzibati tədbirlər son mərhələ olsun. Məhz bu yanaşma sayəsində icazə alınmadan yayımlanan reklamların sayı azalıb.
- Şəhər estetikası ilə uyğunlaşan reklam daşıyıcılarının təşviqi üçün nə kimi mexanizmlər mövcuddur?
-Reklam qurğularının memarlıq üslubuna uyğun olması olduqca vacib məsələdir. Şəhərin estetik görünüşünü pozan, təhlükə yaradan, piyada və nəqliyyat axınına mane olan reklamlar ya dəyişdirilir, ya da sökülür. Bu məqsədlə şəhərin mərkəzi prospekt və küçələrində sahibkarlara tövsiyyələr verilməklə yenilənmə işləri həyata keçirilib.
-Eskizlərin təsdiqlənməsi prosesində şəffaflıq və operativlik necə təmin olunur?
-Tam elektron platforma – “is.adra.gov.az” vasitəsilə işləyirik. Sahibkar “ASAN Login” ilə daxil olaraq müraciət edə, sənədləri yükləyə bilir. Sistem üzərindən çatışmazlıqlar barədə məlumat verilir və tamamlandıqdan sonra qərar operativ şəkildə qəbul edilir. Əgər qanunauyğunsuzluq yoxdursa qısa müddətdə icazə verilir. Bu da prosesi şəffaf və izlənəbilən edir.
-Reklam qurğularının texniki sazlığına və təhlükəsizliyinə necə nəzarət olunur?
-Agentliyimizin müfəttişləri mütəmadi olaraq monitorinqlər keçirir. Əgər qurğu təhlükəli vəziyyətdədirsə, dərhal sökülməsi üçün tədbir görülür. Qurğuların təmiz və baxımlı olması da sahibkarın məsuliyyətidir və bu, normativ hüquqi aktlarla tənzimlənir.
-Körpüüstü, damüstü və iri reklam qurğularının quraşdırılmasında təhlükəsizlik qaydalarına necə əməl olunur?
-Bu tip reklam qurğularının layihələndirilməsi və quraşdırılması zamanı aidiyyəti dövlət qurumlarının — xüsusilə də Fövqəladə Hallar Nazirliyinin və şəhərsalma strukturlarının rəyi tələb olunur. Həmçinin texniki təhlükəsizlik və daşıyıcı konstruksiyaların dayanıqlığı ilə bağlı xüsusi normativlər tətbiq olunur. Reklam qurğusu yalnız bu prosedurlar tamamlandıqdan sonra yerləşdirilə bilər.
-Sahibkarlarla işin daha səmərəli təşkili üçün hansı yeniliklər planlaşdırılır?
-Biz sahibkarlarla daimi dialoqdayıq. Rəqəmsal icazə platformasının təkmilləşdirilməsi, məlumatlılıq kampaniyaları, Çağrı Mərkəzi ilə dəstək bu işin bir hissəsidir.
-Beynəlxalq əməkdaşlıq sahəsində hansı genişləndirmə planları mövcuddur?
-Reklam qurğularında kibertəhlükəsizlik və beynəlxalq təcrübə mübadiləsi sahəsində bir sıra layihələr planlaşdırılır. Eyni zamanda, digər ölkələrin təcrübəsini öyrənmək və tətbiq etmək üçün sərgi və forumlarda mütəmadi iştirak edirik.
-Açıq məkanda reklam qurğularının estetik və iqtisadi dəyərini artırmaq üçün hansı innovativ yanaşmalar nəzərdə tutulur?
-İnnovativ yanaşmalar arasında interaktiv və rəqəmsal reklam qurğularının təşviqi, enerji səmərəli işıqlandırma sistemlərinin tətbiqi və şəhər dizaynına uyğun reklam formatlarının inkişafı dayanır. Yeni texnologiyalarla estetik görünüş və reklam effektivliyi arasında balans yaratmağa çalışırıq.
-Agentliyin yaxın illər üçün reklam sahəsində əsas strateji hədəfləri nələrdir?
-ADRA yaxın illərdə açıq məkanda reklam sahəsinin inkişafını strateji baxımdan bir neçə prioritet istiqamət üzrə planlaşdırır. Birincisi, şəhər estetikası və təhlükəsizliyi ilə uzlaşan reklam mühitinin formalaşdırılması əsas hədəflərdən biridir. Bu, həm paytaxt, həm də regionlarda şəhər mühitinə uyğun, təhlükəsiz və vizual baxımdan cəlbedici reklam qurğularının təmin edilməsi deməkdir. İkincisi, regionlarda mövcud açıq məkan reklam qurğularının yenilənməsi və müasir standartlara uyğunlaşdırılması nəzərdə tutulur ki, bu da həm iqtisadi, həm estetik dəyərin yüksəldilməsi məqsədini daşıyır. Üçüncüsü, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi Agentliyin diqqətindədir; digər ölkələrin uğurlu təcrübələri öyrənilərək yerli şəraitə uyğun innovativ həllər həyata keçiriləcək. Dördüncüsü, rəqəmsal transformasiyanın sürətləndirilməsi və texnoloji imkanlardan daha geniş istifadə, eyni zamanda, normativ hüquqi bazanın təkmilləşdirilməsi, proseslərin şəffaf və izlənəbilən olmasını təmin edəcək. Bu strateji hədəflər vasitəsilə ADRA açıq məkanda reklam sahəsinin həm estetik, həm təhlükəsiz, həm də innovativ inkişafını davamlı şəkildə təmin etməyi planlaşdırır.
Yaqut Ağaşahqızı, “İki sahil”