13 avqust 2025 23:35
116

2 gün ərzində 152 yanğın

Yunanıstanın müxtəlif bölgələrində baş verən güclü meşə yanğınları ölkənin üçüncü ən böyük şəhəri Patrasda da qeydə alınıb. Alovların sürətlə yayılması səbəbindən Achaia və Preveza bölgələrindəki səhiyyə müəssisələri təxliyə edilib.

“İki sahil” xəbər verir ki, səhiyyə naziri Adonis Georgiadis bildirib ki, Kato Ahaia Sağlamlıq Mərkəzi, eləcə də Prevezanın Thesprotiko rayonundakı tibb müəssisəsi boşaldılaraq xəstələr Arta və Preveza xəstəxanalarına köçürülüb. Saqqız adasındakı bir xəstəxana isə ehtiyat tədbiri olaraq xəbərdarlıq vəziyyətinə gətirilib.

Yanğın zamanı bir yanğınsöndürən xəsarət alıb, iki nəfər isə tüstüdən zəhərlənib. Yanğınsöndürmə İdarəsinin sözçüsü Vasilis Vatrakoyannis son 48 saatda 152 yeni kənd təsərrüfatı və meşə yanğını baş verdiyini açıqlayıb. Hazırda 4 850 yanğınsöndürən və 62 hava vasitəsi alovlara müdaxilə edir.

Mütəxəssislər yaxın günlərdə yüksək temperatur, aşağı rütubət və güclü küləklər səbəbindən vəziyyətin daha da çətinləşəcəyini bildirir və vətəndaşları rəsmi göstərişlərə əməl etməyə çağırırlar.