13 avqust 2025 18:10
189

Makron Kamerunda kütləvi repressiyalarda Fransanın günahını etiraf edib

Fransa Prezidenti Emmanuel Makron Kamerunun müstəqillik uğrunda mübarizəsi zamanı amansız repressiyalarda Fransanın rolunu rəsmən etiraf edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Fransa mediası məlumat yayıb.

Makronun Kamerun Prezidenti Pol Biyaya ünvanladığı məktub 1945-1971-ci illərdə Kamerunun müstəqillik uğrunda mübarizəsində Fransanın rolunu və iştirakını araşdıran birgə Fransa-Kamerun komissiyasının gəldiyi nəticələrə əsaslanır.

"Tarixçilər aydın şəkildə göstərdilər ki, Kamerunda gedən müharibə zamanı müstəmləkə hakimiyyəti və Fransa ordusu ölkənin müəyyən hissələrində müxtəlif repressiv zorakılıqlara əl atıb", - məktubda bildirilib. "Bu gün mən bu hadisələrdə Fransanın rolunu və məsuliyyətini etiraf etməliyəm", - Fransa Prezidenti əlavə edib.

Makronun məktubu yanvarda dərc edilmiş hesabatdan sonra açıqlanıb. Hesabatda deyilirdi ki, Fransa kütləvi məcburi köçürmələr həyata keçirib, yüz minlərlə kamerunlunu internasiya düşərgələrinə göndərib və bu Mərkəzi Afrika ölkəsinin suverenlik arzusunu boğmaq üçün amansız döyüşçü dəstələrini dəstəkləyib.

Kamerun Birinci Dünya müharibəsindən sonra Böyük Britaniya və Fransa arasında bölünməzdən əvvəl Almaniyanın müstəmləkəsi idi. BMT-nin himayəsi altında Fransanın idarəçiliyində olan ərazi 1960-cı ildə müstəqillik qazanıb, Kamerunun britaniyalı sakinləri isə 1961-ci ildə federasiya çərçivəsində fransız Kamerununa qoşulmaq üçün səs veriblər.