14 avqust 2025 14:05
178

Bölgədə sabitliyin, təşəbbüskarı və müəllifi - Azərbaycan

Vaşinqton görüşü çərçivəsində ABŞ, Azərbaycan, Ermənistan liderləri arasında imzalanan Birgə Bəyannamə əsasında ATƏT-in Minsk qrupunun ləgvi ilə bağlı qərar Avropa İttifaqının şərti sərhəddə yerləşdirdiyi Mülki Müşahidə Missiyasının «binokl diplomatiyası»na da aid olmalıdır

Azərbaycanın Zəfəri ilə bitən İkinci Qarabağ müharibəsindən sonra belə ölkəmizə qarşı təxribatlarını davam etdirən ermənipərəst dairələrin onsuz da fəaliyyətsiz qurum kimi tanınan Minsk qrupunu canlandırmaq cəhdləri də nəticəsiz qaldı. Razılaşmaya əsasən, guya bölgədə sabitlik yaratmağı və erməni silahlılarını bölgədən uzaqlaşdırmağı öhdəsinə götürən Rusiya «sülhməramlıları»nın yerləşdikləri ərazilərdə «saqqallı terrorçuların» təxribatlar törətməsi belə bu missiyanın həmsədrlərini narahat etmədi. Mülahizələr çox olsa da məqsəd Minsk qrupunun saxlanılması idi. Artıq tarixin arxivinə atılmış, «Dağlıq Qarabağ münaqişəsi»nin həlli ilə məşğul olmaq kimi vəzifə məsuliyyətini «unudan», vədinə xilaf çıxan, 28 il bölgəyə turist kimi səfərlər edən, yalnız Ermənistanın maraqlarına uyğun açıqlamalar verən qrupun məqsəd və məramının əsassızlığını «Nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status. Gorbagor oldu status. Yoxdur status. Və olmayacaq. Nə qədər ki mən Prezidentəm, olmayacaq» sözləri ilə ifadə edən dövlət başçımız qətiyyətlə bildirirdi ki, bu «üçlüyün» artıq təqaüdə getmək vaxtıdır.

«Minsk üçlüyü»nün fəaliyyətsizliyini etiraf edən qrupun sabiq amerikalı həmsədri Riçard Hoqlandın «Etiraf edirəm ki, gördüyümüz işlər və o işlərin yerinə yetirilmə forması haqqımızdakı stereotiplərə tam uyğun idi. Beşulduzlu otellərdə qalırdıq və orada bizə lüks apartamentlər ayrılırdı. Restoranlardan, bardan pulsuz istifadə edirdik. Olduğumuz şəhərlərdə həmişə ən yaxşı restoranları axtarırdıq. Bakı və İrəvanda ATƏT bayrağını göstərirdik, yaxşı yaşayırdıq. Lakin etiraf edirəm ki, çox az iş gördük» sözləri də «nə hərb , nə sülh» tezisinə uyğun «fəaliyyət göstərən» Minsk qrupunun gizli, «üç müşketyor» oyununun beynəlxalq səviyyədə özünütəkzibi idi.

Prezident İlham Əliyevin xarici jurnalistlərlə görüşlərindən bir məqamı xatırlamaqla Azərbaycanın sülhyaratma məsələsində Minsk qrupundan daha artıq səy göstərdiyinin şahidi olarıq: Rusiyanın «Zvezda» və «Bolşaya Aziya» media holdinqlərini təmsil edən jurnalistin dövlət başçımıza müraciətlə söylədiyi «Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi» sözləri Prezident İlham Əliyevin münaqişənin sülh yolu ilə həlli naminə göstərdiyi siyasi iradəyə inam, etimad, «Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı» sualının cavabı idi.

İkinci Qarabağ müharibəsində qazanılan Qələbə ilə 30 illik işğala son qoyan Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Silahlı Qüvvələrimiz BMT Təhlükəsizlik Şurasının qətnamələrini, Minsk qrupunun öhdəsindən gələ bilmədiyi vəzifələri 44 gündə yerinə yetirdi. Dövlət başçımızın «Dağlıq Qarabağ adlı məhfum artıq yoxdur» sözlərinin beynəlxalq səviyyədə təsdiqlənməsi, Azərbaycanın Qələbəsi ilə başa çatan Vətən müharibəsi zamanı, döyüşlərin davam etdiyi günlərdə və sonrakı müddətdə də hadisələrə müdaxilə etməyən, əvvəllər olduğu kimi, səssizlikləri ilə işğalçını dəstəkləyən Minsk qrupu ölü qurum olduğunu fərasətsizliyi ilə də təsdiqlədi. İkinci Qarabağ müharibəsindən sonra da «sehirli çubuq»la Minsk qrupunu diriltmək cəhdləri nəticəsiz qaldı.

Tarixi hadisələr də göstərdi ki, ATƏT-in Minsk qrupu yarandığı gündən problemin həllinə yox, yerində qalmasına, dondurulmasına xidmət edib. ATƏT-in hazırda mövcud olan formatına ehtiyacı yoxdur, olsa belə, «ölü canlar»dan heç nə ilə fərqlənmir. Ermənistanın xunta rejiminin hərbi cinayətlərinin, şəhər və kəndlərimizin tam dağıdılmasının şahidi olan, «münaqişənin hərb variantı yoxdur» aldadıcı tezisləri ilə gün keçirən Minsk qrupunun yaradılmasında əsas məqsəd status-kvonun saxlanılmasına nail olmaq idi. «Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik» sözləri ilə bu missiyanın bivec bir format olduğunu dəmir yumruğu ilə təsdiqləyən Prezident İlham Əliyev Ermənistana təklif olunan sülh sazişinin əsas bəndlərindən sayılan bu qrupun ləğvi ilə bağlı qətiyyət göstərdi.

2023-cü ilin sentyabrında aparalan antiterror tədbirindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları etiraf etsə də havadarlarının istəyinə uyğun olaraq Minsk qrupunun tam ləğvi ilə bağlı ATƏT-ə müraciət ünvanlanmasında tərəddüd edən Ermənistan sonda düzgün yolu tapdı.

Bu günlərdə ABŞ Prezidenti Donald Tramrın təşəbbüsü ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşdə Ermənistanın aldığı ev tapşırıqları arasında Minsk qrupunun ləğvi əsas məsələ kimi müzakirə olundu. ABŞ-Azərbaycan –Ermənistan liderlərinin iştirakı ilə keçirilən Vaşinqton görüşünün məntiqi nəticəsi ümidverici oldu. Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan Birgə Bəyannamə, Ağ Evdə paraflanan sülh sazişi, Birləşmiş Ştatlarla Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı sənədin qəbulu Cənubi Qafqazda sülhün təminatına etibarlı qarant kimi dəyərləndirildi. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşamasına xidmət edən Birgə Bəyannamənin qəbulu, sülh szişinin paraflanması Vətən müharibəsini haqq-ədalətlə başa çatdıran, sülh sazişinin imzalanmasına mane olan məsələnin həllinə siyasi müstəvidə nail olan Azərbaycanın bir daha bölgədə söz sahibi olduğunu göstərdi. «Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair 7 bənddən ibarət Birgə Bəyannamə»nin imzalanması tarixi hadisə idi.

«Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp «Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında» Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq» sözlərini yer aldığı Bəyannamədə Minsk qrupu ilə bağlı maddənin yer alması gözlənilən sülh sazişinin imzalanması istiqamətində atılan inamlı addım, Prezident İlham Əliyevin bu sahədə davam etdirdiyi siyasətin uğur səhifəsi idi: «Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq» sözləri region dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında yaranan inamın təzahürüdür.

Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh sazinin imzalanmasına əngəl olan Minsk qrurunun ləğvi ilə bağlı əldə olunan razılığı məntiqli, əsaslı, qanuna uyğun hesab edən Prezident İlham Əliyevin söylədiyi kimi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, «Qarabağ Azərbaycandır!» reallığını təsdiqlədiyi üçün funksional fəaliyyətini itirən Minsk qrupunun de-yure qalması tamamilə məntiqsizdir: «Ona görə bu gün sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı bizim müştərək müraciətimiz, hesab edirəm ki, birinci maneəni aradan qaldırıb. Yenə də deyirəm, bu gün bu paraflanma Ağ Evdə baş tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq.» Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır.

Beləliklə, reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar arxada qaldı. «Beynəlxalq hüququn normaları və separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır. Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın. Prinsipcə məsələ budur. Buna görə də sülh sazişinin mətni razılaşdırılıb. Bu sənədin paraflanması ideyası da Azərbaycan tərəfindən irəli sürülüb. Biz sadəcə olaraq, Əbu-Dabidə baş verənləri şərh etmədik. Fikirləşdik ki, kommünikenin birgə mətni üzərində razılığa gəldiyimiz üçün şərh ediləcək heç nə yoxdur. Amma erməni tərəfi həmişə olduğu kimi, öz şərhləri ilə təfərrüatları ortaya qoymağa çalışır. Prinsipcə, dediyim kimi, biz tabutun üzərini dəmir-betonla qapatmaqdan və bundan sonra normal yaşamaqdan uzaqda deyilik» sözləri ilə Ermənistana daha bir ev tapşırığı verildiyini söyləyən Prezident İlham Əliyev birgəyaşayışa hörmətlə bağlı tövsiyəsini də xatırladır: «Biz özümüzə məxsus olanı qaytarmışıq və beyənlxalq ictimaiyyət bu reallığı dəstəkləyir. Mən bunu əvvəlki görüşlərdə də demişəm: siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq. Ancaq belə olan təqdirdə Cənubi Qafqazda az-çox məqbul situasiya tədricən yarana bilər ki, üç ölkə nəhayət, heç olmasa, hər hansı əməkdaşlıq imkanlarını müzakirə etməyə başlaya bilsin.»

Vaşinqton görüşünın nəticələrindən də aydın olur ki, Minsk qrupunun təxəyyülündə formalaşan «Dağlıq Qarabağ»” məsələsi reallıqda mövcud deyil. Bu, ərazi Azərbaycanın bir parçası olmaqla müzakirə mövzusu deyil. ABŞ-ın sabiq Prezidenti Bayden Administrasiyasının « elçisi» xanım Harris kimilərinin «ağ at» belində bölgəyə səfərləri belə ermənilər sevindirmədi. Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması həll edilən kimi sülh müqaviləsi imzalana, Cənubi Qafqaz sabitlik məkanı ola bilər

Vaşinqton görüşü daha bir məsələni intensivləşdirir. Avropa İttifaqının (Aİ) qeyri-qanuni, Azərbaycanın rəyi olmadan formalaşdırdığı və Ermənistanın Azərbaycanla sərhəd xətti boyunca yerləşdirdiyi Müşahidə Missiyasının agent korpusuna, «binokl diplomatiyası» ilə «patrul xidməti» aparan « mavi geyimlilər»ə ehtiyac qalmır. Praqa razılaşması çərçivəsində Ermənistana 40 nəfərlik Aİ missiyasının müvəqqəti (2 aylıq) yerləşdirilməsi barədə razılığın 2027-ci ilədək uzuadlması ilə bağlı qərarın heç bir hüquqi əsası yoxdur.

Dövlət başçmızın vurğuladığ kimi, heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Xatırladaq ki, Aİ missiyasının ilkin 40 nəfərlik heyəti 2023-cü ilin 20 fevralında 138 nəfərlik heyətlə uzunmüddətli fəaliyyətə başlayıb, daha sonra həmin ilin dekabrında missiya üzvlərinin sayı 209 nəfərə çatdırılıb. Kanada Aİ üzvü olmadığı halda, bu ölkənin nümayəndələri Müşahidə Missiyasına qoşulub. Unutmayaq ki, Aİ Müşahidə Missiyasının mandatının daha 2 il uzadılması, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə maneçilik törədir, sülh sazişinin imzalanmasını yubadır.

Ermənistan Vaşinqton görüşündə anladı ki, sülh sazişinin imzalanması daha çox ona lazım olduğu üçün Azərbaycanın Azərbaycanın şərtlərini qəbul etməklə Aİ Müşahidə Missiyasının mandatının uzadılmasına – başqa sözlə, Azərbaycanla sərhəddə xarici ölkələrin hərbi qüvvələrinin yerləşdirilməsinə qarşı çıxmalıdır. Bu gün şərti sərhəddə sakitliyin əsas müəllifi və təşəbbüskarı Bakıdır. Bu situasiyada Avropa İttifaqının ata biləcəyi yeganə konstruktiv addım, sülh prosesinə dəstəyi missiyanın fəaliyyətini dayandırmaq və regionu tərk etmək olardı.

Xuraman İsmayılqızı, “İki sahil”