15 avqust 2025 02:59
89

Ədalətsizliyə son qoyuldu

1992-ci ildə ABŞ Konqresi rəsmi Bakının Ermənistana guya "blokada" tətbiq etməsini bəhanə gətirərək ölkəmizə sözügedən ölkədən dövlət yardımının göstərilməsinə qadağa qoyan qanun qəbul etmişdi. Bu ədalətsizlik o zaman edilmişdi ki, Qərbi Azərbaycandan və Qarabağ ərazisindən yüz minlərlə azərbaycanlı vəhşicəsinə qovulmuş və ölkə böyük bir qaçqın və məcburi köçkün axını ilə üzbəüz qalmışdı. Bu isə o demək idi ki, həmin dövrdə Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasına rəğmən, ədalətsiz qərarların qurbanına çevrilmişdi. ABŞ-ın Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə və Azərbaycan bu dəstəyi verdiyi üçün sonradan bu düzəliş hər il müvəqqəti olaraq dayandırılsa da, Bayden-Blinken administrasiyası erməni lobbisinin təşəbbüsü ilə bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, ölkəmizə  qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdı. Şübhəsiz, 907-ci düzəliş Bakı və Vaşinqton arasında münasibətlərin inkişafına mane olurdu. Amma Prezident İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlıq sayəsində Azərbaycanın məruz qaldığı ədalətsizliyə son qoyuldu. Daha doğrusu, dövlətimizin başçısının Vaşinqtona tarixi səfəri zamanı qəbul edilən strateji qərarlardan biri də "Azadlığı müdafiə aktı"nın 907-ci düzəlişinin ləğvi oldu.

Bəli, artıq 33 ildən sonra Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti nəticəsində sözügedən düzəliş artıq qüvvədən düşdü. Bu mənada 907-ci düzəlişin ləğv olunması tarixi hadisədir. Bununla da haqq-ədalət öz yerini tutdu. Azərbaycana qarşı qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən nümayişkaranə şəkildə aradan qaldırılması şübhəsiz, Prezident İlham Əliyevə olan ehtiram və etimadın təcəssümü idi. Azərbaycan-ABŞ münasibətlərinə kölgə salan, ikitərəfli əlaqələrdə gərginlik yaradan bu sənədin ləğvini, bu ədalətsiz düzəlişin tətbiqinin dayandırılmasını Azərbaycan diplomatiyasının tarixi uğuru kimi dəyərləndirmək olar.  Özü də Tramp bunu dövlət başçımızın iştirakı ilə oval ofisdə həyata keçirdi. Şübhəsiz, bu, çox mühüm siyasi jest idi.

 Bu məqamda Prezident İlham Əliyevin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsindəki aşağıdakı sözlərini də xatırlatmaq yerinə düşər: “Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi”.  Şübhəsiz, ABŞ Prezidenti bu jesti ilə uzun müddət Azərbaycana qarşı ədalətsiz mövqe tutmuş dövlət və siyasət adamlarına da lazımi mesajını verdi. Bununla da bir zamanlar Azərbaycana qarşı tənqidi mövqedə dayanan nüfuzlu siyasi şərhçilərə, beynəlxalq media nümayəndələrinə və bir sıra ölkələrin yüksək vəzifəli rəsmilərinə yerlərini göstərdi.

ABŞ Prezidenti Trampın bu jestinin bizim üçün böyük bir mənası olduğunu vurğulayan dövlətimizin başçısı onu da əlavə etmişdi ki, əlbəttə, Azərbaycanın hazırda belə bir xarici dəstəyə və yardıma ehtiyacı yoxdur. Bizim iqtisadiyyatımız sabitdir. Dövlətimizin xarici borcu ümumdaxili məhsulun 7 faizindən də aşağıdır. Biz özümüzü donor ölkəyə çevirmişik. Bu mənada 907-ci düzəlişin ləğvini ədalətsizliyin artıq aradan qaldırılması kimi dəyərləndirmək olar. Yeri gəlmişkən qeyd edək ki, müstəqilliyinin ilk illərində bir çox çətinliklərlə qarşılaşan Azərbaycan indi möhtac dövlətlərə humanitar yardımlar göstərən donor ölkədir. Belə ki, Azərbaycan böhranlı vəziyyətlərlə üzləşən ölkələrə mütəmadi olaraq yardım əlini uzadır. Bu cür yardımlar Asiya, Afrika, Latın Amerikası ölkələrinin bir çoxuna, həmçinin Serbiya, Bosniya Herseqovinaya, Ukraynaya və s. göstərilib. Hətta ölkəmiz pandemiya dövründə 30-dan çox ölkəyə yardım edib. Yəni Azərbaycan bu gün beynəlxalq humantiar aksiyalara həvəskar şəkildə deyil, özünün xarici siyasətinin əsas, davamlı istiqamətlərindən biri kimi baxır. Onu da qeyd edək ki, çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır.

İqtisadçıların fikrincə, düzəlişin ləğvi ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımlarının həcmini artırmaqla yanaşı, ölkəmizə ABŞ-dan daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq. Bu mənada 907-ci düzəlişin ləğvi ölkəmizdə dayanıqlı iqtisadi inkişafa da töhfə verəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”