15 avqust 2025 08:38
141

Zəngəzur dəhlizi qlobal arenada nəyi təsdiqləyir?

Layihənin beynəlxalq hüquqi çərçivəsi onun davamlılığını təmin edir

Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qəbul etməsi Cənubi Qafqaz regionunun müasir tarixində nadir rast gəlinən hadisələrdən biri kimi yadda qaldı. Bu görüş sadəcə olaraq iki ölkənin dövlət başçılarının iştirakı ilə keçirilmiş növbəti diplomatik təmas deyildi. O, həm siyasi məzmunu, həm də nəticələri baxımından yeni geosiyasi reallığın mühüm bir rəsmi təsdiqi idi. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan vəziyyət, Azərbaycan üçün hərbi Zəfərin diplomatik nəticələrə çevrilməsi baxımından mühüm mərhələyə daxil olub. ABŞ kimi qlobal gücün birbaşa təşəbbüsü və vasitəçiliyi ilə baş tutan bu görüş sülh prosesinin ən yüksək səviyyədə dəstəklənməsi və regionun gələcək inkişaf modelinin müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir.

Görüşün ən mühüm nəticəsi isə şübhəsiz ki, “Beynəlxalq Sülh və Rifah Naminə Tramp marşrutu” və ya qısa şəkildə “Tramp yolu” adlandırılan sazişin imzalanması oldu. Ad baxımından diplomatik rəmz daşıyan bu ifadə əslində Zəngəzur dəhlizinə verilmiş beynəlxalq təqdimat formasıdır. “Tramp yolu” ifadəsi, ABŞ Prezidentinin vasitəçilik missiyasına hörmət əlaməti kimi seçilmiş olsa da, mahiyyət etibarilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin beynəlxalq hüquqi təsdiqini bildirir. Bu dəhlizin açılması bölgədə uzun illər davam edən nəqliyyat blokadasına son qoymaqla yanaşı, iqtisadi və siyasi münasibətlərin normallaşması üçün də möhkəm hüquqi baza yaradır.

“Tramp yolu” sazişinin imzalanması ilə bağlı siyasi qiymətləndirmələr göstərir ki, bu layihə təkcə iki ölkə arasında sülhün bərqərar olunmasına deyil, həm də regionun uzunmüddətli sabitliyinə xidmət edir. Azərbaycanın təşəbbüskarlığı və ABŞ-ın zəmanəti ilə beynəlxalq hüquqi çərçivəyə salınan bu dəhliz region ölkələri arasında etimadın bərpasına real töhfə verəcək. Dəhlizin istifadəsi maneəsiz keçid prinsipi əsasında qurulduğuna görə burada heç bir gömrük və ya inzibati baryer nəzərdə tutulmur. Bu isə yüklərin və sərnişinlərin sərbəst hərəkətini təmin edərək regiondaxili ticarəti canlandıracaq.

Layihənin regional iqtisadi təsirləri xüsusilə diqqətəlayiqdir. Azərbaycan hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dıəhliz), Bakı–Tbilisi–Qars dəmir yolu, həmçinin Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin mərkəzində dayanır. Zəngəzur dəhlizinin bu mövcud şəbəkələrə inteqrasiyası ölkəmizin qlobal ticarət yollarında daha mühüm rol oynamasına şərait yaradacaq. Məsələn, hazırda Bakıdan Avropaya yük daşımaları əsasən Gürcüstan üzərindən həyata keçirilir. Lakin Zəngəzur dəhlizi açıldıqdan sonra bu marşrutlar qısalacaq, vaxt və xərc baxımından daha səmərəli olacaq. Dünya Bankının məlumatına görə, regional tranzit xətlərinin optimallaşdırılması yükdaşıma xərclərini orta hesabla 15–20 faiz azaldır. Bu isə həm ixracatçılar, həm də idxalçılar üçün ciddi iqtisadi üstünlükdür.

Enerji sektoru baxımından isə “Tramp yolu”nun əhəmiyyəti birmənalı olaraq stratejidir. Azərbaycanın artıq TANAP və TAP layihələri vasitəsilə Avropaya çıxışı var. Zəngəzur dəhlizi bu mövcud infrastrukturun üzərinə yeni bir qat əlavə edərək enerji resurslarının alternativ marşrutlarla daşınmasına imkan yaradacaq. Avropa İttifaqının son hesabatlarında göstərilir ki, enerji marşrutlarının şaxələndirilməsi, xüsusilə təbii qaz təchizatında enerji təhlükəsizliyinin ən mühüm komponentidir. Bu baxımdan, Zəngəzur dəhlizi həm Avropanın Rusiya qazından asılılığını azaltmaq, həm də Azərbaycanın enerji ixracını artırmaq baxımından əvəzsiz əhəmiyyət kəsb edir.

Bundan əlavə, SOCAR artıq 2025-ci ildə Türkiyə vasitəsilə Suriyaya ildə 1,2 milyard kubmetr qaz ixracına başlayıb. Bu da 1 200 meqavatlıq elektrik istehsalının bərpa olunmasına imkan verəcək. Bu təşəbbüs SOCAR-ın yalnız Avropa deyil, həm də Yaxın Şərq bazarlarına aktiv şəkildə daxil olduğunu göstərir. Zəngəzur dəhlizi ilə sinergiya yaradılması Azərbaycanın enerji və logistika marşrutlarını genişləndirir və potensial olaraq bu marşrutun Misir istiqamətinə qədər uzanması ehtimalını gücləndirir. Beləliklə, layihə təkcə regional deyil, həm də qlobal enerji diplomatiyasında strateji bir elementə çevrilməkdədir.

Ermənistan üçün “Tramp yolu” birmənalı olaraq həm yeni imkanlar, həm də ciddi öhdəliklər yaradır. İllərdir qapalı sərhədlər və məhdud ticarət imkanları səbəbindən iqtisadi artım tempini itirən Ermənistan bu dəhliz vasitəsilə regional ticarətə qoşulmaq imkanı əldə edəcək. Eyni zamanda, daxili siyasi sabitliyi qorumaq, yeni iqtisadi imkanlardan istifadə etmək üçün üzərinə düşən sülh və təhlükəsizlik öhdəliklərini yerinə yetirməlidir. Vaşinqton sazişində bu öhdəliklərin beynəlxalq arbitraj mexanizmləri ilə qorunması Ermənistanın məsuliyyətini daha da artırır.

Sazişin beynəlxalq hüquqi çərçivəsi isə onun davamlılığını təmin edən əsas mexanizmdir. Burada yalnız dəhliz boyunca hərəkətin hüquqi əsasları deyil, həm də tərəflərin təhlükəsizlik, texniki xidmət, təmir və logistika üzrə koordinasiyalı fəaliyyəti əksini tapıb. ABŞ-ın imza atdığı və zəmanət verdiyi sənəd yalnız regional deyil, qlobal hüquqi müstəvidə də tanınacaq. Bu isə layihəyə beynəlxalq maliyyə institutlarının marağını artırır. Artıq bir sıra beynəlxalq investisiya fondlarının və infrastruktur layihələrinə dəstək verən qurumların bu marşruta sərmayə qoymağa hazır olduqları bildirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu prosesdəki liderliyi danılmaz faktdır. İkinci Qarabağ müharibəsindən sonra yalnız hərbi sahədə deyil, diplomatiya meydanında da ardıcıl və prinsipial mövqe nümayiş etdirən dövlətimizin başçısı regionun uzunmüddətli sülh və sabitliyə qovuşması üçün ardıcıl təşəbbüslər irəli sürüb. Ağ Ev görüşünün nəticələri, Azərbaycanın yalnız güclü orduya malik ölkə olmadığını, həm də regional diplomatiyanın istiqamətini müəyyən edən, qlobal güclərlə bərabərhüquqlu əməkdaşlıq qura bilən nüfuzlu tərəfdaş olduğunu bir daha göstərdi.

Nəticə olaraq, avqustun 8-də baş verən hadisə Cənubi Qafqaz üçün yeni bir eranın başlanğıcıdır. “Tramp yolu” sazişi sadəcə bir infrastruktur layihəsi deyil, hüquqi legitimlik, iqtisadi transformasiya və geosiyasi balans baxımından regionun gələcəyini formalaşdıran strateji sənəddir. ABŞ-ın zəmanəti bu layihənin davamlı işləməsini təmin edəcək, Cənubi Qafqazı dünya ticarət və enerji xəritəsində daha mühüm mövqeyə gətirəcək. Azərbaycanın bu prosesin mərkəzində dayanması isə ölkəmizə həm iqtisadi dividendlər, həm də siyasi böyük nüfuz qazandıracaq. Başqa sözlə bu, Azərbaycanın strateji vizionunun uğurla reallaşmasının, diplomatik təşəbbüslərinin və regional liderliyinin beynəlxalq təsdiqi olmaqla yanaşı, bölgəni uzun illər bürüyən münaqişə kölgəsindən çıxararaq sülh və əməkdaşlıq mühitinə daxil edəcək.

Nigar Orucova, “İki sahil”