Bu günədək 650 ailə təsərrüfatı «ABAD»ın dəstəyindən yararlanıb
Regionda ilk sosial layihələdən olan və ölkəmizin dörd bir yanında ailə bizneslərinə dəstək göstərən «ABAD» (Ailə Biznesinə Asan Dəstək) fəaliyyət dairəsini hər gün genişləndirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da artıq bu xidmətdən ciddi şəkildə yararlananlar var.Yəni, azad edilmiş ərazilərə sakinlərin qayıdışı ilə bölgədə yeni iş yerləri açılır, fərqli biznes ideyaları gerçəkləşdirilir və özünüməşğulluq proqramları həyata keçirilir. İqtisadiyyatımıza inteqrasiya olunmağa başlayan bu ərazilərdə ailə biznesini qurmaq istəyənlər də diqqətdən kənarda qalmırlar. «ABAD» doğma yurduna köçənlərin gerçəkləşdirəcəkləri biznes ideyalarını dəstəkləmək əzmindədir.
Bəs bu dəstək mexanizmləri hansı formadadır? Qeyd edək ki, 2024-cü ildə «ABAD» bir sıra irimiqyaslı və sosialyönümlü layihələrə imza atıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərə səfərlər təşkil olunub, «Gənc arıçı» layihəsi icra edilib və TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) ilə uğurlu əməkdaşlıq layihəsi həyata keçirilib.
Azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşlara «ABAD» tərəfindən dəstək göstərilir. Artıq burada qurumun fəaliyyəti ilə bağlı sevindirici xəbərlər də var. Belə ki, Laçın və Qubadlı balları brendləşdirilərək satışa çıxarılıb. Hazırda Kəlbəcər və Cəbrayıldan toplanan bal məhsullarının brendləşdirilməsi istiqamətində işlər görürülür. Bundan başqa, işğaldan azad edilmiş ərazilərin sakinlərindən sənətkarlıqla məşğul olmaq istəyənlərin müraciətləri toplanılır.
«ABAD»da istehsalın həcmi baxımından da nəticələr ürəkaçandır. 2024-cü ildə satış göstəriciləri 3 milyon manata çatıb. Məhsullar ilk satışa çıxarıldığı gündən indiyə kimi ümumi dövriyyə 14,2 milyon manat təşkil edib. Bu müddətdə ailə təsərrüfatlarının əldə etdiyi gəlir 11,8 milyon manat olub. Ümumilikdə ötən il «ABAD» bir sıra irimiqyaslı və sosialyönümlü layihələrə imza atıb. «Gənc arıçı» layihəsi isə Qəbələdə gerçəkləşdirilib. Seçilən 20 gənc bir ay peşəkar mütəxəssislərdən intensiv təlimlər aldıqdan sonra arıçılıq üçün tələb olunan bütün zəruri avadanlıqlarla təchiz ediliblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihədən yararlanan gənclər artıq ilk məhsullarını bazara çıxarmağa başlayıblar. Məhz 2021-ci ildən gerçəkləşdirilən bu layihə regionlarımızda yeni nəsil sahibkarların formalaşmasına təkan verir.
«ABAD»ın TİKA ilə əməkdaşlığı geniş sahələri əhatə edir. Bu quruilar 2017-ci ildən müxtəlif layihələrdə sıx əməkdaşlıq edirlər. Bu tərəfdaşlıq çərçivəsində İçərişəhərdəki «ABAD» etno-butiki təmir olunub, Nardarandakı «ABAD» Keramika və Tətbiqi Sənət Mərkəzi zəruri mal-material və avadanlıqlarla təchiz edilib. «ABAD»a məhsulların daşınması üçün xüsusi nəqliyyat vasitəsi təqdim edilib.
Bu günədək 650 ailə təsərrüfatı «ABAD»ın dəstəyindən yararlanıb. Hazırda isə bu brend ətrafında toplaşan sahibkarların sayı 522-dir. Bakı «ABAD»çıların sayına görə ön sırada qərarlaşıb. Belə ki, paytaxtımızda 344 ailə təsərrüfatı fəaliyyət göstərir ki, bu da ümumi həcmin 54 faizi deməkdir. İkinci yerdə 91 ailə təsərrüfatı ilə Şəki-Zaqatala iqtisadi rayonu qərarlaşıb. Digər bölgələrə nəzər yetirsək, Abşeron-Xızı iqtisadi rayonunda 42, Quba-Xaçmazda 44, Dağlıq Şirvanda 31, Lənkəran-Astarada 35, Mərkəzi Aranda 13, Qarabağda 8, digərlərində isə toplam 35 ailə təsərrüfatının olduğunu görərik.
«ABAD» vasitəsilə ailə biznesi qurmaq istəyənlər aşağıdakı prosedurlardan keçməlidirlər. Müraciət prosesi sadədir və hər şey ideyanın formalaşmasından başlayır. Yəni, gerçəkləşdirmək istədiyiniz biznes ideyası varsa qurumun rəsmi saytına girib onlayn və fiziki formada müraciət anketini doldurmaq lazımdır. Bundan sonra uyğun hesab edilən ideyalar reyestrə daxil edilir və namizədlər müsahibəyə dəvət olunurlar. Vacib məqamlardan biri odur ki, istehsal olunan bütün məhsullarda sağlamlıq və təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edillmədir.
Bu gün ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların satışları bir neçə əsas istiqamət üzrə həyata keçirilir. Məsələn, topdansatış müqavilələri və korporativ sifarişlər vasitəsilə mal və məhsullar daha geniş kütləyə təqdim edilir. Bir çox tanınmış supermarket şəbəkələrinin piştaxtalarında da «ABAD» məhsullarını görmək mümkündür. Xüsusən də turistlərin böyük marağına səbəb olan dekorativ əşyaları etno-butiklərdən rahatlıqla əldə etmək olar. «ABAD» məhsullarının keyfiyyətinin alıcıya ən ideal formada çatdırılması üçün mütəxəssislər satış nöqtələrində malın yerləşdirilməsinə və saxlanmasına daim nəzarət edirlər. Ən başlıcası, sahibkarların bazara çıxardığı qida məhsulları «Qida təhlükəsizliyi haqqında» Qanunun və «ABAD»ın müvafiq tələblərinə tam cavab verməlidir. Xalq sənətkarlığı məhsulları isə ənənəvi üsullara və keyfiyyət normalarına uyğun hazırlanmalıdır. Hazır məhsullar rəflərə düzülmədən öncə uyğunluq testlərindən keçirilir. Qida məhsulları üçün isə xüsusi laborator analizlər aparılır. Mütəxəssislər mütəmadi olaraq istehsalçılara baş çəkir və onların fəaliyyətini qiymətləndirirlər. Məhsulun hazırlanma prosesi və istifadə olunan xammal daim nəzarətdə saxlanılır.
«ABAD» məhsulların xarici bazarlarda tanıdılması istiqamətində də geniş işlər həyata keçirir. Qurum əməkdaşları müxtəlif sərgilərə, biznes forumlarına və beynəlxalq tədbirlərə qatılaraq «Made in Azerbaijan» brendinin təbliğinə öz töhfələrini verirlər. Bununla yanaşı, ixrac prosesinin səmərəli təşkili üçün logistika, sertifikatlaşdırma və ticarət əlaqələrinin qurulması sahəsində də dəstək göstərilir. Məsələn, Belarusun paytaxtı Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evində «ABAD» stendləri vasitəsilə ziyarətçilərə məhsullar təqdim olunub. Türkiyənin paytaxtı Ankarada «REM Sərgi və Təşkilatçılıq Şirkəti»nin təşkil etdiyi sərgidə azərbaycanlı sənətkarların əl işləri və yerli mədəniyyət nümunələri yüksək səviyyədə nümayiş etdirilib. 2021-ci ildən etibarən yerli məhsullarımız Qazaxıstanın Aktau şəhərindəki supermarket şəbəkələrində satışa çıxarılır. Tatarıstanın paytaxtı Kazanda keçirilən «Russia Halal Expo 2021» sərgisində halal məhsullarımız iştirakçıların böyük marağına səbəb olub. Təbii qida məhsullarımızın daha bir uğurlu tanıtımı isə Yaponiyada keçirilən «Food Expo Fair - JFEX-2022» sərgisində baş tutub.
Elçin Zaman, «İki sahil»