III Şuşa Qlobal Media Forumundakı çıxışından sonra Vaşinqton görüşündəki açıqlamaları ilə dünyanın siyasi masasında həllini gözləyən hadisələri liderlik fəlsəfəsinin qüdrəti, müasir dövrün tələblərinə uyğun tezis kimi təhlil edən Prezident İlham Əliyevin adına gələn çoxsaylı təbrik məktubları bu reallığı təsdiqləyir
Son illərdə dünyada baş verən hadisələrin önəmli halqası olduğu kimi, dünyanın siyasi coğrafiyasında Qlobal Cənub bölgəsi adlandırılan Cənubi Qafqaz regionu yenidən gündəmdədir. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarını azad edən Azərbaycan beynəlxalq aləmdə möhkəmlənən mövqeyini, artan nüfuzunu Vaşinqton uğurları ilə bir daha təsdiqlədi . Cənubi Qafqazda baş verən proseslər göstərdi ki, həlli ən çətin münaqişələr, müharibələr belə yalnız siyasi iradə, geosiyasi balans və diplomatik manevrlərlə həll olunur. Azərbaycanla Ermənistan arasında illərdən bəri davam edən müharibənin məntiqi nəticəsi kimi həllini gözləyən sülh sazişinin paraflanması üçün ən sərfəli məkan olaraq Vaşinqtonun seçilməsi uzaq məsafədən daha məqbul nəticələrə çatmağın həqiqətini təsdiqlədi.
Siyasi, dövlətçilik tarixində əlamətdar hadisələri yaşadan və xalqımıza əbədi sevinc gətirən təqvimlərə daha bir gün əlavə olundu. 8 avqust tarixində Cənubi Qafqazda sülh gündəliyinə möhür vuran Prezident İlham Əliyev diplomatiya salnaməmizə növbəti uğur səhifəsini yazdı. Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə Cənubi Qafqaza kənar müdaxilələrə, təzyiqlərə son qoyuldu, bölgənin strateji arxitekturasında yeni mərhələnin başlanğıcı qoyuldu. Bütün dünya ictimaiyyəti ABŞ-ın ölkəmizə dəyişən yanaşmasının, Azərbaycanın ardıcıl və prinsipial siyasətinin uğur fəlsəfəsinin şahidi oldu. Həllini gözləyən uzunmüddətli strategiya mövcud geosiyasi vəziyyət baxımından yeniləndi. Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi strateji üstünlük Qərbin Cənubi Qafqazla bağlı mənfur niyyətlərinin üstündən qırmızı xətt çəkdi. Proseslərə etibarlı zəmanətə layiq model formalaşdı. Bu modeldə üstünlük təşkil edən Azərbaycan faktoru, ölkəmizin balanslaşdırılmış məntiq əsasında təkmilləşən diplomatiyası təsdiqlədi ki, çoxdan gözlənilən sənədlərin Vaşinqton paraflanması hüquqi və siyasi baxımdan daha legitimdir. Sülh sazişi ilə bağlı sənədlərin paraflanması Ermənistana kənar təzyiqlərə, daxili radikal müxalifətə, bölgədə manevr siyasəti yeridən qüvvələrə daha qəti, sərt cavab vermək imkanı qazandırdı. Ermənistanı ərköyünlük çətiri altında saxlamaq yarışına qoşulanlara, rəngli papaqlarla bölgədə görünən, sabitliyi pozanlara qapının arxa tərəfi göstərildi. Rəsmi İrəvana beynəlxalq öhdəliklərə məsuliyyətlə yanaşma dərsi verildi. Azərbaycanın təşəbbüsü ilə reallaşan «Yaşıl enerji» gündəliyinə, Orta Dəhliz layihəsinə qoşulmaq istəyənlərin Cənubi Qafqazda strateji tərəfdaşlıq niyyətlərini gerçəkləşdirmək niyyətləri üçün imkanlar yarandı. Bölgəyə sahiblənmək istəyən kənar dövlətlərin oyunlarına son qoyuldu. Yaranan bu vəziyyət Ermənistanın baş naziri Nikol Paşinyana ölkə daxilindəki rəqiblərinə, Rusiyaya « göz ağartmaq» cəsarəti, imkanı qazandırdı. Rəsmi İrəvan bölgədə həyata keçirilən qlobal layihələrdə iştirak, tranzit hüququ qazanmaqla ölkə iqtisadiyyatını inkişaf etdirmək şansına sahib oldu.
Bu baxımdan Vaşinqton səfəri Azərbaycanın təkcə diplomatik qələbəsinin deyil, həm də uzunmüddətli strateji üstünlüyünün beynəlxalq səviyyədə etirafı kimi qəbul olunur. Bu həqiqəti Prezident İlham Əliyevin adına ünvanlanan çoxsaylı məktublar da təsdiqləyir. Məktublarda qeyd olunduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və prinsipial şəkildə formalaşan ölkəmizin uğur diplomatiyası sərhədləri aşır. Artıq Azərbaycan yalnız faktiki gücünü deyil, həm də hüquqi və diplomatik üstünlüyünü bütün regional və qlobal aktorlar qarşısında təsdiqləyir. Siyasi, iqtisadi, müdafiə qüdrəti ilə üstünlüyü təsdiqlənən Azərbaycanın regionda sabitliyin qarantı missiyası geosiyasi mövqeyi ilə də təsdiqlənir.
III Şuşa Qlobal Media Forumundakı çıxışı ilə ölkəmizin gələcək onilliklər üzrə siyasi, iqtisadi inkişaf xəritəsini diqqətə çatdıran Prezident İlham Əliyevin Liderliyin əsas uğur düsturu isə «zamanı qabaqlamaq» strategiyası əsasında formalaşan qalibiyyət modeli yaratmaq bacarığıdır.
«Xarici siyasətimizə gəldikdə deyərdim ki, onun istiqaməti dəyişməyib, lakin forması dəyişib. Səbəb ondadır ki, Qarabağ münaqişəsi tarixdə qaldıqdan sonra bizim işğal zamanı etmədiyimiz məsələlərə indi daha çox vaxtımız var» söyləyən, «Nəyi, necə, nə vaxt» etmək siyasətini düzgün balanslaşdıran Prezident İlham Əliyevin Vaşinqton səfəri həqiqətlərini zamanında etirafı baxımından dəyərlidir. Cənubi Qafqazı, Orta Şərqi, Mərkəzi Asiyanı qlobal layihələri ilə birləşdirən Azərbaycana qarşı xarici dairələrin qərəzli niyyətlərinin ölkəmizə «baxış bucağı»nın tədricən sabitlik rəmzi olan yaşıl rəngdə dəyişməsi, münasibətlərdə yaranan istiləşəmə artıq hiss edilməkdədir. Bu fərqi «Avropa İttifaqı ilə gündəliyimiz deyərdim ki, yenidən başlama prosesindədir. Həmçinin əvvəlki Avropa Komissiyası ilə çətin anlar olub, lakin indiki yeni Komissiyadan, onun rəhbərliyindən müsbət mesajlar alırıq. Birmənalı olaraq, biz də müsbət cavab veririk» sözləri ilə ifadə edən Prezident İlham Əliyev qonşularla xoş, etimad prinsipləri, etibarlı tərəfdaş münasibətləri əsasında davamına xüsusi əhəmiyyət verildiyini də diqqətə çatdırır: «Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu, bu günə qədər də məhz belə olmuşdur.»
İnkarolunmaz reallıqdır ki, Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvləri arasında ilk sıralardadır. Ölkəmizin siyasi, iqtisadi, qarşılıqlı əməkdaşlıq sahəsində qazandığı uğurların Vaşinqtonda etirafı ABŞ-ın sabiq Prezidenti Bayden Administrasiyasının yetişdirdiyi anti-Azərbaycan şəbəkəsinə də tutarlı cavab oldu. Fəaliyyəti dayandırılan USAID kimi bəzi ermənipərəst siyasətçilərin əlində təsir vasitəsi olan korrupsioner QHT-lərin ölkəmizə qarşı şər –böhtan yaymaq imkanları da məhdudlaşıb. Korrupsiya əməliyyatları ilə günahlandırılan, hazırda dəmir barmaqlıqlar arxasında olan menendezlərin səsləri eşidilmir. «Yaxud Adam Şiff. Mən gələndə öyrəndim ki, Merilend prokuroru Adam Şiffə qarşı ipoteka saxtakarlığına görə cinayət işi açıb. Bilirsiniz, bu adamlar mütəmadi olaraq Azərbaycana hücum edirdilər - Menendez, Şiff, Peloni, Pelosi, Şermann, Marki, Kristofer Smit və başqaları. Bütün bu insanlar Azərbaycana nifrət edirlər - bilmirəm niyə, yəqin ki, Ermənistan lobbisi buna görə onlara pul ödəyirdi» sözləri ilə Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında imzalanan Birgə Bəyannaməni ölkəmizə, Cənubi Qafqazda sülh prosesinə yönələn təxribatlara layiqli cavab adlandıran Prezident İlham Əliyevin liderliyinə verilən ən dəyərli qiymət rəsmi Bakının bölgədə sülh naminə göstərdiyi qətiyyətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilməsi, Qərbin ermənipərəst dairələrinin, mediasının Azərbaycana qarşı ədalətsiz münasibətinin uğursuzluqla üzləşmələridir.
Ötən il Azərbaycanın ev sahibliyi etdiyi COP29-un fəaliyyət göstərdiyi müddətdə Qərbin aparıcı mediasında ölkəmizi və beynəlxalq tədbiri gözdən salmaq üçün mərkəzləşdirilmiş qaydada təşkil olunan təxribat kampaniyalarının haqq-ədalət qarşısında məğlub olması Prezident İlham Əliyevin liderlik qətiyyətinin ifadəsi idi. « Əlbəttə, Qərbdə bəzi dairələrdə böyük məyusluq var idi ki, Azərbaycan həddindən artıq müstəqil siyasət aparır, təlimatlarımıza qulaq asmır, məsləhətlərimizə məhəl qoymur və istədiyini edir. Əgər biz həmin məsləhətləri dinləsəydik, ola bilsin, bu gün ölkəmiz ən azı iki qonşusu ilə müharibədə idi. Əgər məsləhətləri dinləsəydik, biz Qarabağı heç zaman qaytara bilməzdik» söyləyən Prezident İlham Əliyev qarşılıqlı anlaşmanın səmərəsini haqq-ədalət yolunda ən düzgün seçim olduğunu bildirir.
Vaşinqton görüşündə Cənubi Qafqaza sülh, sabitlik bəxş etdiyi üçün Ağ Evin sahibinə səmimi duyğularını « Əlbəttə, Siz möcüzəyə imza atdınız» sözləri ilə bildirən azərbaycanlı həmkarının siyasi iradəsini, zəngin dövlətçilik təcrübəsini, dünyada sülhün bərqərar olması naminə göstərdiyi xeyirxahlığı, humanizm prinsiplərinə sadiqliyini yüksək dəyərləndirən Prezident Donald Trampın cənab İlham Əliyev haqqında söylədiyi «Siz böyük lidersiniz» sözləri az təsadüf olunan səmimiyyətin ifadəsi idi. Sarsılmaz qətiyyət üzərində qurulan strateji tərəfdaşlığın Vaşinqton nümunəsi Prezident İlham Əliyevin beynəlxalq aləmdə möhkəmlənən nüfuzunun, Azərbaycan diplomatiyasının daha bir uğuru kimi tarixə yazıldı.
Xuraman İsmayılqızı, «İki sahil»