15 avqust 2025 22:14
99

Korrupsioner avroparlamentarilərin avantürizmi - ŞƏRH

Avqustun 8-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət edərək, 1992-ci ildən münaqişənin sülh yolu ilə həllində vasitəçilik vəzifəsi daşıyan, lakin bu missiyanı tamamilə yerinə yetirə bilməyən ATƏT-in Minsk prosesinin və onun aidiyyəti təsisatlarının fəaliyyətinin dayandırılmasını tələb etmələri, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması, həmçinin "Azadlığı müdafiə aktı"nın 907-ci düzəlişinin ləğv olunması, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə edilməsi, bir sözlə, Vaşinqtonda imzalanan sənədlər, razılaşmalar dünyanın bir çox ölkələrində müsbət mənada geniş rezonans doğurub. Hətta bir çox ölkələrin liderləri, eləcə də tanınmış siyasi xadimlər bu razılaşmaların regional və qlobal təhlükəsizliyə və inkişafa əhəmiyyətli dərəcədə töhfə verəcəyini əminliklə dilə gətiriblər.

Nə yazıq ki, Avropanın bəzi siyasi xadimləri, həmçinin erməni lobbisinin təsiri altında olan Avropa Parlamentinin korrupsioner deputatları ənənəvi riyakarlıqlarından əl çəkə bilmirlər. Onlar nəyin bahasına olursa-olsun əldə olunmuş razılaşmalara kölgə salmağa çalışırlar. Belə ki, Xarici Əlaqələr Komitəsinin (AFET) sədri, Avropa Parlamentinin üzvü David Makallister, Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin üzvü Sergey Lagodinskiy, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin üzvü Nil Uşakovs, AFET-in Ermənistan üzrə daimi məruzəçisi, Avropa Parlamentinin üzvü Miriam Leksmann, AFET-in Azərbaycan üzrə daimi məruzəçisi, Avropa Parlamentinin üzvü Dan Barna bu günlərdə imzaladıqları bəyanatda iddia ediblər ki, guya Azərbaycan qoşunları Ermənistan ərazisindədir. Əslində isə Ermənistan ərazisində heç bir Azərbaycan qoşunu yoxdur, Azərbaycan və təcavüzkar ölkə sərhədin delimitasiya və demarkasiyası üzərində ikitərəfli formatda işləməyə razılaşıblar. Bəyanatda qaldırılan növbəti məsələ Bakıda məhkəmə prosesi keçirilən separatçı rejimin liderləri ilə bağlıdır. Avroparlamentarilər məhkəməyə təzyiq etməyə çalışaraq onların azad olunmasını istəyiblər. Halbuki onlar Azərbaycana və xalqımıza qarşı sülh və insanlıq əleyhinə cinayətlərə görə qanun qarşısında cavab verirlər. Bu mənada onların "erməni əsirləri" tələbi absurddur. Əslində, Azərbaycan bu məhkəmə prosesi ilə hüququn gücünə olan inamını və qətiyyətini nümayiş etdirir. Amma adları çəkilən avroparlamentarilər bu cinayətkarların timsalında "siyasi şou" düzəltməyə cəhd göstərirlər. Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan erməni hərbi əsirlərini döyüş əməliyyatları başa çatan kimi Ermənistana təhvil verib.

O ki qaldı Qarabağı tərk edən erməni sakinlərinə. Həmin avroparlamentarilərə bir daha xatırladaq ki, Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalinin 2023-cü il sent­yabrın 19–20-də Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədən köç etmələri könüllü olub.  Bu məsələdə hansısa etnik təmizləmədən söz açmaq absurddur. Bunu sübut edən kifayət qədər faktlar da mövcuddur. Yeri gəlmişkən qeyd edək ki, rəsmi Bakı   Qarabağdan erməni əhali­nin köçündə heç zaman maraqlı olmayıb. Qarabağdan erməni əhalinin köçünün könüllü olması ilə bağlı “YouTube”də hayların özlərinin çoxlu etirafları var. Onlar bildiriblər ki, Azərbaycan onların ge­dişini arzulamırdı. Eyni zamanda, vurğulayıblar ki, rəsmi Bakı ən yüksək sə­viyyədə Qarabağın erməni sakin­lərinə Azərbaycan vətəndaşlığını qəbul etməyi və orada qalmağı təklif edib. Buradan da bir daha belə qənaətə gəlmək olar ki, Azərbaycandan heç kim ermənilə­ri hansısa “etnik təmizləmə”yə mə­ruz qoymayıb. Onları köçməyə vadar edənlər keçmiş separatçı xunta rejiminin başçıları və Ermənistandakı “Qarabağ kla­nı” olub.

Göründüyü kimi, erməni lobbisinin göstərişləri, müraciətləri əsasında oturub-duran, onlar tərəfindən yemlənən, onların əl oyuncağına çevrilən, ermənipərəst mövqe sərgiləyən bu avroparlamentarilər indi Vaşinqtonda imzalanan üçtərəfli razılaşmalara zərbə vurmağa, ictimai rəyi çaşdırmağa çalışırlar. Onların məqsədi bölgədə yaranmış yeni reallıqları gözdən salmaqdır. Halbuki Vaşinqtonda imzalanan Birgə Bəyannamə və paraflanan sülh sazişi Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, Azərbaycanla Ermənistan arasında qarşılıqlı münasibətlərin normallaşması üçün hüquqi və siyasi zəmin yaradıb.  Şübhəsiz, bütün kampaniyalar kimi, bu da iflasa uğrayacaq və onların bu məkrli niyyətləri ürəklərində qalacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”