18 avqust 2025 16:22
91

Tailand turistlər üçün kriptovalyuta xidmətini işə salır

Tailand turistlərə kriptovalyutanı ölkə valyutasə olan "bahta" çevirməyə imkan verən TouristDigipay xidmətinin sınaq versiyasını istifadəyə verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Ölkənin maliyyə naziri Phichai Choonhawachira bildirib ki, bu, nağd və ya kartsız ödənişlərə imkan verəcək.

"Biz xarici turistlərin Tailandda qalmasını asanlaşdırmaq üçün mümkün olan hər şeyi etmək istəyirik" - deyə o, mətbuat konfransında bildirib. Tailand Maliyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, bu təşəbbüs krallıqda turizmin inkişafına töhfə verəcək.

Proqramın sınaqdan keçirilməsi 2025-ci ilin dördüncü rübündə başlayacaq və 18 ay çəkəcək. Ayda 500 min bahtdan (15,4 min dollar) çox olmayan məbləği konvertasiya etmək mümkün olacaq. Limitə sınaq müddəti bitdikdən sonra yenidən baxıla bilər.

Agentlik yazır ki, Tailand ilin birinci yarısında Çindən turist axınındakı 33 faizlik azalmanı kompensasiya etmək üçün Yaxın Şərq və Cənub-Şərqi Asiyadan turist axınının artırılmasını gözləyir. Tailand 2025-ci ildə xarici turistlərin sayı ilə bağlı proqnozunu 10% azaldaraq 33 milyona endirib.