Cari ilin ilk yarısında təsərrüfatlara dəyən zərərə görə 4,4 milyon manatdan çox sığorta ödənişi edilib
Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən səmərəli layihələr həyata keçirilir. Xüsusilə bu sahəyə tətbiq edilən vergi güzəştləri, hər il ayrılan subsidiyalar, hətta kənd təsərrüfatı məhsullarına dövlət aqrar sığortasının tətbiqi deməyə əsas verir ki, fermerlərimiz hərtərəfli qayğı ilə əhatə olunublar.
Ölkəmizdə fermerlərin məhsullarının sığortası Aqrar Sığorta Fondu (ASF) tərəfindən həyata keçirilir. «Aqrar sığorta haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulmuşdur. ASF dövlət tərəfindən təsis olunan və riskləri qarşılayaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Fond öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq etməklə müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyinin artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır.
Aqrar sığorta sistemi könüllü sığorta prinsipləri əsasında təşkil edilmişdir. Aqrar sığorta sisteminin məqsədi aqrar sığorta bazarı infrastrukturunun formalaşdırılmasına və inkişafına kömək göstərmək, aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək, kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsini təmin etmək, kənd təsərrüfatı məhsullarının istehsalının davamlılığını təmin etmək və kənd təsərrüfatı istehsalçılarının maliyyəyə çıxış imkanlarına dəstək olmaqdır.
Qeyd edək ki, ASF bu məqsədlərə uğurla nail olur. Çünki artıq ölkə fermerlərində aqrar sığortaya maraq hər il daha da genişlənir. Məhz bunun nəticəsidir ki, 2025-ci ilin ilk yarısında, ASF tərəfindən 13,1 milyon manatdan çox sığorta haqqı toplanılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 18 faiz çoxdur. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bitkiçilik üzrə sığorta haqqı 13 faiz, heyvandarlıq üzrə sığorta haqqı isə 65 faiz artıb.
Cari ilin yanvar- iyun aylarında təsərrüfatlara dəyən zərərə görə ümumilikdə 4,435 milyon manat sığorta ödənişi edilib. Əkin sahələri üzrə 4,245 milyon manat, heyvandarlıq üzrə isə 190 min manat sığorta ödənişi verilib. Zərər ödənişinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz artıb.
Həmçinin bu dövrdə Fond tərəfindən 342,6 min hektar əkin sahəsi sığorta edilib. Bu sahələr üzrə ödənilən sığorta haqqı 11,475 milyon manat, təminat verilmiş sığorta məbləği isə 497 milyon manat təşkil edib. Hesabat dövründə təsərrüfatlarda 3 231 baş heyvan sığortalanıb, ötən ilin eyni dövrünə nisbətən sığortalanan heyvanların sayı 84 faiz artıb. Heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1,64 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 65 faiz çoxdur. Heyvandarlıq sığortası üzrə sığorta təminatı məbləği 19,747 milyon manata çatıb.
2025-ci ilin birinci yarısında əkin sahələrinə ən çox zərər vuran hadisələr - dolu (əkin sahələrinin 65 faizi), sel-subasma (15 faiz), fırtına (17 faiz) və leysan (2 faiz) halları olub.
Elçin Zaman, «İki sahil»